Avropa Şurasının İşçi Qrupundan çıxması belə qiymətləndirilir
Avropa Şurası Insan Hüquqları üzrə Azərbaycanla Birgə Işçi Qrupundan çıxması bir daha sübut edir ki, Azərbaycan qurum qarşısında götürdüyü öhdəliklərə əməl etməyib. Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda Insan Hüquqları üzrə Birgə Işçi Qrupda iştirakına son qoymaq qərarını açıqlayıb.
Əslində bu addım bir daha təsdiq edir ki, beynəlxalq təşkilatlar Azərbaycanla danışıqların bir nəticə vermədiyini anladığından prosesdən imtina edirlər. Oxşar situasiya özünü ATƏT-lə münasibətlərdə də göstərdi.
Gültəkin Hacıbəyli: “Baş verənlər beynəlxalq təcridin simtomlarıdır”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, baş katibin bəyanatı Işçi Qrupun sonu deməkdir. Baş verənləri beynəlxalq təcridin simtomları sayan G.Hacıbəylinin sözlərinə görə, Azərbaycanla beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıqdan imtina edilir: “Əslində baş verənlər Azərbaycan hakimiyyətinin apardığı siyasətin nəticəsidir. Bunu böyük təəssüf hissi ilə deyirəm. Azərbaycan çox çətin bir coğrafiyada yerləşib. Rusiyanın Ukraynada, daha sonra isə Suriyada beynəlxalq hüquqa zidd davranışları Azərbaycanı əslində özünün təhlükəsizliyinə qarant saydığı beynəlxalq təşkilatlarla daha ehtiyatlı davranmağa vadar etməli idi. Avropa ilə əməkdaşlığın dərinləşməsi Azərbaycanın maraqlarına daha uyğun olardı”.
G.Hacıbəyli onu da bildirdi ki, əslində, qrup təsis olunanda da onun işlək olacağına ciddi ümidlər yox idi: “Ən azı Azərbaycanın siyasi dairələri, ictimai xadimlər, fəallar, Milli Şura olaraq təşkilatımız bu quruma etimad göstərmirdik. Həm də insan haqları sahəsində ciddi dönüş yaradacağına inanmadığımızı ifadə etmişdik. Çünki əvvəllər də oxşar qrup fəaliyyət göstərib və verilən əfv qərarları Işçi Qrupun fəaliyyəti nəticəsində yox, hakimiyyətin qərarları ilə olub. Yəni Işçi Qrup formal xarakter daşıyıb. Baxın, son ilin reallığı göstərdi ki, Işçi Qrupunun yaranmasından sonra insan haqlarının durumu yaxşılaşmaq əvəzinə daha da psiləşdi. Siyasi məhbsuların sayı artdı, həbsdəki insanların durumu haqda məyusedici xəbərlər almaqdayıq”.
G.Hacıbəyli hesab edir ki, hakimiyyət Rusiyaya yaxınlaşma meylləri ilə yanaşı insan haqları və demokratiya sahəsində sərtləşmə siyasəti aparır. “Yəqin ki, yaxın aylarda əfv fərmanları olmayacaq, olsa belə, siyasi və vicdan məhbuslarına yox, qatı cinayət törədənlərə şamil olunacaq. Bundan əlavə, Avropa Şurasından tələblər sərtləşdikcə, hakimiyyət də ”geri çəkilə bilmərik” kompleksini yaşayır və addımlarını daha da sərtləşdirir”, deyə G.Hacıbəyli vurğuladı.
Arzu Abdullayeva: “Bizim təkliflər müzakirə olunmurdu, dinlənilmirdi”
Avropa Şurasının baş katibinin bəyanatını Meydan TV-yə şərh edən qrupun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva hesab edir ki, bu açıqlamanı Işçi Qrupunun sonu saymaq olar. Çünki Işçi Qrupu Yaqlandın xahişi ilə yaranıb, amma insan hüquq və azadlıqları istiqamətində heç bir dəyişikliyin olmadığını görəndə, bu bəyanatı verməliydi. A.Abdullayeva Işçi Qrupunun uzun müddətdir toplanmadığını bildirib: “Eyni zamanda, bizim təkliflər müzakirə olunmur, dinlənilmir. Bildiyimə görə, Avropa Şurası rəsmiləri hakimiyyətlə danışıqlar aparıblar və məsələ belə qoyulub: ya Birgə Işçi Qrupu həqiqətən işləsin, ya da fəaliyyəti dayandırılsın. Bizimlə də belə məsləhətləşmələr olub. Mən qrupun dağılmasını istəməzdim, dialoq qarşı-qarşıya dayanmaqdan daha yaxşıdır. Çox əfsuslar ki, vəziyyət belə alındı”.
Xəyal