“TRANSQEYT”

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Nazirin tutduğu postdan getməsi demokratik ölkələrdə ən uzağı, bir neçə saat vaxt aparır. Məsələ, demək olar ki, kabinetdə həll olunur. Sabiq nazir xələfinə yarımçıq işlər haqda məlumat verir, ona uğurlar arzulayır və mədəni şəkildə əşyalarını toplamağa başlayır. Xələfi də məsum, bir az da təqsirkar görkəmi alaraq, sabiq nazirin kabinetdə nəsə unutmaması üçün çaba göstərməyə başlayır, məsələn, belə: “Cənab, qolf ağacınızı unutdunuz…”, “Buyurun, bu da sizin çətiriniz…” və s.

Azərbaycanda nazirin işdən çıxarılması prosesi isə tamamilə fərqlidir və heç bir avropalının, amerikalının qavraya biləcəyi şəkildə bəsit deyil. Bunu anlatmaq üçün ilk növbədə onların tarixi haqqında az-çox məlumatın olmalıdır ki, müqayisəli şəkildə prosesi izah edə biləsən. Bunu bacarmırsansa, Hollivudun kriminal mövzuda şedevr filmləri haqqında geniş bilgin olmalıdır.

Yeri gəlmişkən, onların əksəriyyətinin saxta seçkilər haqda təsəvvürü belə yoxdur. Avropada yaşayan bir mühacir tanışım onlarda tam təsəvvür yaratmaq üçün əyani olaraq, seçki məntəqəsində baş verənləri səhnələşdirərək soruşub ki, bəs buna nə deyirsiniz? Avropalı dostların cavabı lakonik olub: “Əgər elədirsə, bəs onda haqqınızı niyə məhkəmədə aramırsız?”

Bax belə…

Məmləkətimizdə bir nazirin işdən çıxarılması doğrudan da çox ağrılı prosesdir, obrazlı desək, Rixter şkalası üzrə təxminən 3-3,5 ballıq zəlzələyə bərabər bir hadisədir.

Iki aya yaxındır ki, ölkədə nəqliyyat naziri Ziya Məmmədovun postu ilə “vida mərasimi” keçirilir. Hər gün oxşar mövzuda yeni bir xəbər eşidirik: “filan şirkət Məmmədovlardan alındı; Məmmədovun filan qohumu vəzifədən çıxarıldı”; “filan idarəni Nəqliyyat Nazirliyindən aldılar”; “filan hotel-kompleks daha Məmmədovların deyil” və s. Ən maraqlı xəbər isə “Beynəlxalq Avtovağzal kompleksi Ziya Məmmədovdan alındı” oldu. Mən diqqətlə oxudum, orada avtovağzalın dövlət mülkiyyəti olmasını kimsə xatırlamadı.

Adlarını çəkmək istəmirəm, məlum oldu ki, Milli Məclisin bir qrup deputatı da nazirin himayəsində imiş. Onların da yenidən seçilmək şansı sıfra endi.

Obrazlı desək, qoca bir ağacı çıxarmaq üçün əvvəlcə onun yan-yörəsindəki ağacları kəsib doğrayırlar. Kimlər yoxdur burada? Siyasətçilər, təhsil işçiləri, hüquq-mühafizə orqanlarında, səhiyyə ocaqlarında və əlbəttə ki, nəqliyyat sahəsində çalışan qohumlar. Darıxmayın, şou-biznesə də növbə çatacaq.

Məmmədovların ən böyük şirkətlərinin birinin adı ilə çağırsaq, prosesin adı tam bir “Transqeyt”dir. Şirkətə bu adı qoyanlar bilməli idilər ki, (bəlkə də bilirdilər-X.Ə) 1972-ci ildən sonra bütün iri skandallara “qeyt” əlavəsi edirlər. Bu söz sırf nəqliyyat termini olsa da, siyasi uğursuzluğun açar sonluğuna da çevrilib.

Yəqin xatırladınız, ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun istefasına səbəb də məhz “Uoterqeyt” hotel-kompleksində dinləmə qurğuları quraşdırılması ilə bağlı təhqiqat  olmuşdu. O vaxtdan qalmaqallı və böyük rezonans doğuran əhvalatların sonuna müvafiq olaraq, “qeyt” sonluğu əlavə edirlər.

Gələk şou-biznesə. Bildiyiniz kimi, bir çox iri məmurlar və onların övladlarının mədəniyyətin müxtəlif sahələrində bu və ya digər şəkildə təmsil olunması adi hala çevrilib. Kimi şeir yazır, kimi mahnı bəstələyir, bu mərifəti olmayanlar da gözəl-göyçək müğənni xanımlara himayədarlıq etməkdən zövq alırlar.

Nazirin oğlu Anar Məmmədovun bəstələdiyi mahnıları oxumaq xoşbəxtliyi hər kəsə nəsib olmur. Xalq artisti, “primadonna” Ilhamə Quliyeva, əməkdar artistlər Abbas Bağırov və Ədalət Şükürov belə xoşbəxtlərdəndir. Şoumen Murad Dadaşov isə nazirin oğlu ilə kirvə olmağın qürurunu yaşadığını gizlətmir. Bəlkə də mən bu haqda yazmazdım, amma Abbas Bağırovun “”Aləm gözəl” mahnısını hər hansı tədbirdə, televiziyada, radioda məndən başqa oxuyan ciddi cəzalanacaq” ultimatumu məni buna vadar etdi.

Mən maraqla onların sabiq nazir oğluna münasibətlərinin necə olacağını gözləyirəm. Onların bəlli bir ənənəni pozmağa cəsarətlərinin çatmasına şübhə etsəm də, ürəkdən istərdim ki, yanılım. Şou-biznes haqda bu qədər.

Gələk, Ziya Məmmədova. Yəqin ki, bu, mənim onun haqqında yazdığım axırıncı yazı olacaq. O, xidmət etdiyi rejimin qurbanına çevrilməkdədir. Mən sadəcə, onun “vurulması”  prosesindən yola çıxaraq, rejimə fərqli şəkildən nəzər salmağa çalışdım.

Maraqlıdır, növbədə kimdir?..