Putinin Suriya qərarı haqda ilginc iddialar
Rusiyanın son zamanlar Suriyada başlatdığı hərbi əməliyyatlarla bağlı sensasion xəbər yayılıb.
“Reuters” agentliyinin məlumatına görə, Putini Suriyada aktiv hərəkətə həvəsləndirən İranın dini lideri ayətullah Əli Hüseyn Xameneyi olub.
Bildirilir ki, dini lider Putinə öz təmsilçisini göndərərək gizli mesajını çatdırıb. Mesaj Suriyada Bəşər Əsəd rejimini dəstəkləmək üçün münbit şəraitin yaranmasıyla əlaqədar imiş. Təklifi eşidən Rusiya lideri dərhal“mənə Qasim Süleymanini göndərin” cavabını verib. İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” Briqadasının komandanı olan general Qasim Süleymani Putinin dəvətinə əlidolu gedib. O, Suriyadakı mövcud vəziyyət – əməliyyat şəraiti haqqında Putinə müfəssəl informasiya verib və Rusiya prezidentini uğurlu birgə əməliyyat keçirə biləcəklərinə inandırıb. Beləcə, indiki Suriya hücumuna qərar verilib.
Qeyd edək ki, Qasim Süleymaninin gizli şəkildə Moskvaya getdiyi haqqında məlumatlar hələ bu ilin iyul ayında yayılmışdı. Rusiya tərəfi təkzib etsə də ABŞ yetkililəri bu məlumatı ciddi qəbul etmiş və ad çəkmədən dünya dövlətlərini üzərində BMT sanksiyası olan bir adamla danışıqlar aparmamağa çağırmışdı.
“Reuters”-in məlumatına əsasən, həmin görüş də məhz bu səfər çərçivəsində reallaşıb.
Xəbər agentliyi daha sonra yazır: “Süleymani müzakirə masasına bir Suriya xəritəsi yatırır. Ruslar həyəcan içərisində Əsəd rejiminin böyük təhlükə altında olduğunu düşünürmüşlər. İranlılar onları hələ də təşəbbüsü ələ almağın mümkün olduğuna inandıra biliblər. Süleymaninin bütün kozrların hələ tükənmədiyinə dair qaneedici sübutları Putinin hücum qərarı verməsində önəmli rol oynayıb “.
Məlumatı informasiya agentliyinə verən qaynağın bildirdiyinə görə, ilk görüşdən sonra iranlı general dəfələrlə Moskvaya gedib və plan birgə hazırlanıb. Plana görə, Moskva Suriyanı havadan vuracaq, Suriya, İran və Livan Hizbullahı qurudan hücum edəcəklər.
Maraqlıdır ki, planda ABŞ-ın müttəfiqi kimi görünən İraq hakimiyyəti də yer alıb. Hətta əməliyyatı həyata keçirməyə nəzarət edən iki qərargahdan biri Dəməşqdə, digəri isə Bağdadda yerləşirmiş.
Strateq.az