Pentaqon Rusiya ilə əməkdaşlığı dayandırdı

pentagonPutin Suriyadakı əməliyyatlar üçün 4 dövlətdən kömək istədi

Suriyada IŞID-i zərərsizləşdirmək üçün Birləşmiş Ştatlarla Rusiya arasında əldə olunan anlaşma ləğv olunur. Dünən Birləşmiş Ştatlar Kremllə bu istiqamətdəki əməkdaşlığa son qoduğunu açıqlayıb. ABŞ müdafiə naziri Eş Karter bəyan edib ki, Birləşmiş Ştatlar ötən həftədən başlayaraq Suriyaya aviazərbələr endirən Rusiya ilə hərbi əməliyyatları koordinasiya etməyəcək. Çünki Moskvanın Suriyadakı strategiyasının dərin çatışmazlıqları var.

Rusiya səhv strategiya seçib və IŞID-ə aidiyyəti olmayan hədəflərə zərbələr endirir. Biz bunu ciddi strateji səhv hesab edirik”, – deyə, Romada keçirilən mətbuat konfransında Karter bildirib.

Rusiya prezidenti Vladimir Putin isə dünənki açıqlamasında Suriyadakı əməliyyatlarla bağlı bir sıra dövlətlərlə əməkdaşlığın vacibliyindən danışıb. Putin bildirib ki, Suriya probleminin həlli istiqamətində ABŞ, Türkiyə, Səudiyyə Ərabistanı və Iranla əməkdaşlıq zəruridir.

Putin eyni zamanda, müdafiə nazirinə bu ölkələrlə yaxından əməkdaşlıq etməsi ilə bağlı göstəriş verdiyini də əlavə edib.

Rəsmi Moskva “Azad Suriya Ordusu”nun rəhbərliyi ilə də əlaqə qurmağa hazır olduğunu bəyan edib. Məlumata görə, artıq Rusiya Xarici Işlər Nazirliyi bununla bağlı xarici tərəfdaşlarını da məlumatlandırıb.

Suriyada IŞID-in mövqelərinə hava zərbələrini davam etdirən Rusiya təyyarələrinin hədəf nöqtələrindəkiÿ məscidləri vurub-vurmayacağı da bəlli olub.

Türkiyə mətbuatının yazdığına görə, Putin bu məsələyə aydınlıq gətirərkən məscidlərə toxunmayacaqlarını bildirib.

Lakin o, qeyd edib ki, artıq IŞID bunun əksini iddia edən xəbərlər və montaj olunmuş şəkillər yaymağa başlayıb.ÿ

Rusiya prezidentinin dediyinə görə, IŞID döyüşçüləri məscidlərin ətrafında qərarlaşmağa və silah-sursatı da ora toplamağa başlayıblar.

Rəsmi Moskva bunu əraziyə kəşfiyyat məqsədilə göndərdiyi pilotsuz təyyarələr vasitəsilə öyrənə bilib: “Bilirlər ki,ÿməscidləri vurmayacağıq. Ona görə də o ətraflarda cəmləşirlər. Əvvəllər meşələrdə saxladıqlarıÿsilahları və hərbi texnikanı da rus təyyarələrinin zərbələrinə tuş gəlməmək üçün məscidlərin yaxınlığına toplayırlar”.

Dünən o da məlum olub ki, Rusiya hərbi gəmiləri Xəzər dənizindən Suriya ərazisinə raket zərbələri endiriblər. Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, zərbələr IŞID terror qruplaşmasının mövqelərinə endirilib. Və raket zərbələrindən dinc əhali heç bir zərər görməyib.

Əməliyyatda Rusiya Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının 4 gəmisi iştirak edib. Ümumilikdə IŞID-in mövqelərinə 26 raket atılıb. Nazir Suriyadakı terrorçuların 1500 kilometr məsafədə yerləşən mövqelərinin qanadlı raketlər vasitəsi ilə dəqiqliklə vurulduğunu deyib.

Rusiyanın Suriyadakı hücumları nəticəsində bu günə qədər 400-dən artıq türkmən həyatını itirib”. Bunu isə strateq.az-a Suriya Türkmənləri Dərnəyinin rəhbərlərindən olan Muxtar Türkmənoğlu bildirib. Onun sözlərinə görə, hücumların əsas hədəfi türkmən bölgə və kəndləridir: “Istər Hələb, istər Xama, istərsə də Xüms Suriya türkmənlərinin sıx məskunlaşdığı yerlərdir. Rusiyanın Suriyadakı hərbi gücünün mərkəzinə çevrilən Lazkiyada isə bayır-bucaq türkmənləri məskunlaşıb. Bu zamana qədər Bəşər Əsəd rejiminin hərbi qüvvələrinə, IŞID-ə qarşı dirəniş göstərməyi bacaran türkmənlər rus hərbçilərinin də prosesə müdaxiləsi nəticəsində daha acınacaqlı hala düşüblər”.

Muxtar Türkmənoğlu Suriyada yaşanan bu dramın dünya mediasında düzgün işıqlandırlmadığını, ən çox zülm görənlərin türkmənlər olduqları halda, onlardan bəhs edilmədiyindən də gileylənib.