Məmməd İbrahimlə bağlı qərar qüvvədə qaldı

mammad-ibrahim-hebsŞüvəlan təcridxanasında 16 nəfərlik kamerada 21 adam saxlanılır, dustaqlar növbə ilə yatmağa məcbur olur

Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. Məhkəmənin cinayət işləri üzrə kollegiyasının rəhbəri olan Rizvan Səfərovun sədrlik etdiyi hakimlər heyəti əvvəlcədən gözlənildiyi kimi, həbs qərarını qüvvədə saxlayıb. Bu barədə “Azadlıq”a Məmməd İbrahimin vəkili Yalçın İmanov məlumat verib.

“Bu fakt sübut edir ki, baş verənlər təxribat olub”

Elə Məmməd İbrahim özü də məhkəmədə çıxışında ədalətli qərar gözləmədiyini bildirib. Eyni zamanda, ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu vurğulayıb. Qeyd edib ki, kimsəyə nə hücum edib, nə də vurub.

“Əslində, mən özümə qarşı təxribatı gözləyirdim. Amma bu hadisə, doğrusu, gözlənilməz oldu. Mikayıl Quliyevdən məni sosial şəbəkələrdə niyə təhqir etdiyini soruşdum. Elə bu an qəfildən sifətimə yumruq vurdu. Həmin vaxt ətrafda olan Vüqar adlı şəxs araya girib onu geri çəkdi. Bu zaman onun köynəyi az cırılmışdı. Polis bölməsində onu görəndə isə əynindəki köynək cırıq-cırıq idi. Bu faktın özü də sübut edir ki, baş verənlər təxribat olub”, – deyə Məmməd İbrahim bildirib.

Qeyd edək ki, Məmməd İbrahim Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır. AXCP yetkilisi bildirib ki, saxlanıldığı kamera 16 dustaq üçün nəzərdə tutulsa da, 21 nəfər salınıb. Ona görə də dustaqlar növbəlilik prinsipilə yatmalı olurlar.

“Məmməd İbrahim məhkəmə qərarı olmadan həbsdə saxlanılıb”

Vəkil də çıxışında bildirib ki, Məmməd İbrahimin həbsdə saxlanılması üçün nə maddi, nə də prosessual əsaslar var. Yalçın İmanovun sözlərinə görə, Cinayət-Prosessual Məcəllənin 155.3.2-ci maddəsində göstərilib ki, sanksiyasında iki ildən aşağı həbs nəzərdə tutulan maddə ilə ittiham olunan şəxs barəsində o halda həbs-qətimkan tədbiri seçilir ki, onun istintaqdan yayınmaq, araşdırmanın gedişinə mane olmaq, yenidən cinayət törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq ehtimalı olsun: “Bu ehtimalların olduğunu isə sadəcə, sözlə demək kifayət deyil, konkret dəlillərlə əsaslandırılmalıdır. Məmməd İbrahimin istintaqdan yayınmaq niyyəti olsaydı, o, öz ayağı ilə 18-ci polis bölməsinə, Hərimanov Rayon Polis İdarəsinə getməzdi. Təəssüf ki, məhkəmə göstərdiyimiz dəlilləri nəzərə almadı və Nərimanov Rayon Məhkəməsinin əsassız qərarı qüvvədə saxlanıldı”.

Məhkəmədə yeni iş qaldırılacaq

Yeri gəlmişkən, vəkil həm apellyasiya şikayətində, həm də məhkəmədə çıxışında Məmməd İbrahimin təxminən 16 saat qanunsuz şəkildə həbsdə saxlanıldığını vurğulayıb. Qeyd edib ki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanma müddəti 2 oktyabr saat 23.30-da başa çatıb: “Qanuna görə, şübhəli şəxs qismində saxlanma müddəti başa çatana qədər ya şəxs barədə qətimkan tədbiri seçilməli, ya da sərbəst baraxılmalıdır. Məmməd İbrahimə münasibətdə isə həmin müddət başa çatana qədər məhkəmə qətimkan qərarı verməyib, amma o, sərbəst də buraxılmayıb. Məhkəmə yalnız oktyabrın 3-də, saat 15.20-də həbs qərarı verib. Bu da Avropa Konvensiyasının 5-ci maddəsilə təminat verilən azadlıq hüququnun kobud şəkildə pozulmasıdır”.

Vəkil əlavə edib ki, həbs qərarından şikayət etmək üçün apellyasiya məhkəməsi sonuncu instansiya hesab olunur. Ona görə də Məmməd İbrahimin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunması üçün yaxın günlərdə məhkəmədə yeni iş qaldırılacaq.

Xatırladaq ki, Məmməd İbrahim sentyabrın 30-da Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyev adlı birinin şikayəti əsasında başlanmış cinayət işi üzrə saxlanılıb. Oktyabrın 2-də ona qarşı CM-nin 211.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Oktyabrın 3-də isə Nərimanov Rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyilə ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Aytən Məmmədova