baki-avtovogzal2

Avtovağzal ətrafında təhlükəli sürüşmə

baki-avtovogzal2Telman Zeynalov: «Həmin ərazilərdə ağac əkməli və beton kanallar çəkilməlidir»

Payız fəslinə xas olan təbiət hadisələri ölkə ərazisində fövqəladə hallarla müşahidə olunur. Yağan yağışların fəsadı bir sıra sürüşmə ocaqlarında aktivliyin artmasına gətirib çıxarıb. Ötən gün Bakı-Sumqayıt yolunda baş verən sürüşmə nəticəsində yaranan iri çatların yağıntı nəticəsində daha böyük fəsadlar törətməməsi üçün üzəri örtülür.

Xatırladaq ki, şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin ərazisində baş verən sürüşmə nəticəsində yolda istinad divarı əyilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından APA-ya faktı təsdiqləyərək sürüşmə nəticəsində Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatların əmələ gəldiyi, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmənin baş verdiyi bildirilib.

Bu arada AMEA Coğrafiya Institutunun direktor müavini Elbrus Əlizadə bildirib ki, yağıntıların belə intensiv olması sürüşmə proseslərinin fəallaşmasına gətirib çıxarıb: “Artıq bir çox mövcud sürüşmə zonasında, xüsusilə Qobustan-Şamaxı-Ismayıllı avtomobil yolunun ətrafındakı sürüşmə ocaqlarının aktivliyi aydın şəkildə görünür”. Onun sözlərinə görə, payızda yağıntıların intensiv xarakter alması nəticəsində sürüşmə prosesləri daha da fəallaşacaq. E.Əlizadə əhaliyə dəyə biləcək maddi ziyanın da böyük olacağını söyləyib.

E. Əlizadə qeyd edib ki, Azərbaycandakı mövcud sürüşmə sahələrində monitorinqləri daha da gücləndirmək lazımdır. O, istinad divarlarını möhkəmləndirmək və kommunikasiya xətlərini təmizləməklə baş verə biləcək təhlükənin qarşısını almağın mümkünlüyünü bildirib.

Azadlıq”a açıqlamasında ekoloq Telman Zeynalov bildirib ki, sürüşmə ocaqlarında aktivliyin artmasının qarşısını almaq üçün daha uyğun vasitələrdən istifadə etmək vacibdir. Belə hadisələrdən daha çox ziyan görməmək üçün ekoloqun təklif etdiyi alternativ vasitələr dövlətə çox da baha başa gəlməyəcək:

Sürüşmə zonalarında ağaclar əkmək və dərin kanallar çəkmək lazımdır. Ağacların məhv edildiyi ərazilərdə torpaq boşalıb və yağan yağış torpağın alt qatını sürüşdürür. Ona görə də bir neçə müddət ərzində yağan leysan fəsadsız ötüşməyəcək və torpağı da özüylə aparacaq. Dünyanın istənilən ölkəsində bu məqsədlə, suyu axıtmaq üçün beton kanallar inşa edilir. Bizdə isə tamam əksinə vəziyyətdir; yol çəkilir, asfaltlanır, amma kanal çəkmək yaddan çıxır. Bu barədə dəfələrldə demişik. Lakin faydası yoxdur”.

Nigar