MTRŞ İTV-ni 100 min manat cərimələndirdi

itv

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verib.

APA-nın məlumatına görə, MTRŞ “İTV”də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, İTV “Qarabağnamə”çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə şura məhkəməyə müraciət edib.

2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı.
Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi.

***

“Televiziya kanallarının çəkdiyi seriallar bizi qane etmədi. Bu kanalların əksəriyyəti onlara verilən vəsaitdən lazımınca istifadə etmədi. Bəlkə də şəxsi məqsədlər üçün istifadə etdilər. Artıq bir telekanalı məhkəməyə vermişik, bəzilərini də verəcəyik”.

Bunu APA-ya müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, seriallar üçün ən aşağı səviyyəli mövzular seçilib: “Ailə-məişət məsələsi, ailədə xəyanət, varlı-yoxsul arasında olan münasibətlər seriallarda əsas mövzu kimi qoyulub. Biz seriallarla bağlı məsələni artıq bir qədər səngitmişik. Gördüyünüz kimi, xeyli müddətdir ki, bununla bağlı hər hansı bir yenilik yoxdur”.

MTRŞ sədri qeyd edib ki, bu səbəblərə görə də Azərbaycan ictimaiyyəti serialları qəbul etmədi: “Təbii ki, yaxşı seriallar çəkildi. Seriallara çəkilən xərclər bu sahədə müəyyən canlanma yaratdı. Müəyyən aktyor və aktrisalar işə cəlb olundu. Bu sahədə infrastrukturun qurulmasına böyük dəstək oldu. Yəni bu sahədə xeyli iş görüldü. Hətta ssenaristlərin sayı artdı. Amma təbii ki, ümumi keyfiyyət bizi qane etmir. Özəl kanalların əsas gəlir yeri reklamlardır. Biz Türkiyədə, Rusiyada çəkilən serialları Azərbaycanda çəkilən seriallardan üstün tuturuq. Amma Türkiyədə efirdə yayımlanan reklamın dəqiqəsi 40-50 min dollar, bizdə isə 1000 manat həcmindədir. Təsəvvür edin ki, onların bizdən 50 dəfə çox maliyyə gəliri var. Bu sahədə dəyişikliklər ölkəmizin iqtisadi qüdrəti artdıqca özünü göstərəcək. Biz birdən-birə bu sahədə inqilabi dəyişiklik edəcəyimizi gözləmirdik”.

N. Məhərrəmli müsahibəsində məhkəməyə verilən telekanalın adını açıqlamasa da, APA-nın əldə etdiyi məlumata görə, MTRŞ-nın məhkəməyə verdiyi televiziya kanalı İTV-dir. İTV “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə bu addım atılıb.