Manat üzən məzənnəyə keçsə…

nemet-eliyevNemət Əliyev: «Hökumət özünə arxayın olsaydı  inkişaf etmiş ölkələr kimi milli valyutanın tənzimlənməsini bazarın öhdəsinə buraxardı»

Dolların manata təzyiqi hələ də davam etməkdədir. Neftin qiyməti dünya bazarında sabitləşsə də, ölkədən dollar axını davam etməkdədir. Bunu Mərkəzi Bankın valyuta rezervlərinin azalmaqda davam etməsi də sübut edir. Beynəlxalq ekspertlər vəziyyətdən çıxış yolu kimi manatın üzən kursa buraxılmasını təklif edirlər. Amma Azərbaycan hökuməti bu təkliflə razılaşmır. Gətirilən arqumentlər də “maraqlıdır”.

Maliyyə naziri Samir Şərifov “ANS”ə müsahibəsində bildirib ki, əksər bazar iqtisadiyyatı yolunu seçən ölkələrdə milli valyutalar müxtəlif mübadilə rejimləri üzərində qurulub: “üzən” rejim var, “fiks edilmiş” rejim var: “Son zamanlar manatın məzənnəsinin ABŞ dollarının məzənnəsinə müəyyən bağlılığı var idi. Bəzi dövlətlər artıq ”üzən məzənnəyə” keçiblər. Qazaxıstan bunu elan edib. Bu gün bu məsələyə cavab vermək bir az tez olar. Amma mənim fikrimcə, hazırda Mərkəzi Bank bu istiqamətdə müvafiq iş aparır. Hesab edirəm ki, optimal bir variant tapılıb və tətbiq olunacaq. Devalvasiya özü özlüyündə müəyyən bir makroiqtisadi alətdir və büdcə-fiskal siyasəti baxımından bu alət çox təsiredici bir alətdir. Amma bunun mənfi tərəfləri də var. Bunlar ilk növbədə ondan ibarət ola bilər ki, bu proseslər inflyasiya səviyyəsini artıra bilər ki, bu da əhali üçün əlverişli deyil. On görə heç bir dövlət devalvasiyanı arzu olunan makroiqtisadi tədbir kimi qəbul etmir. Adətən, bu, qaçılmaz bir tədbir olur, bizdə də belə oldu”.ÿ

S.Əliyev vurğuladı ki, devalvasiyanın digər mənfi fəsadı isə dövlət tərəfindən xidmət edilən xarici borcdur. “Bizim xarici borcumuz xarici valyutada ifadə olunur. Deməli, xarici borcumuza xidmət etmək üçün bizə daha çox büdcə vəsaiti tələb olunacaq və müvafiq olaraq növbəti ilin büdcə layihəsində xarici borcla əlaqədar xərclərimiz artır, bu da manatın ucuzlaşmasının bir nəticəsidir.ÿ

Digər tərəfdən, bəzi sahibkarlar xarici valyutada ölkə daxilində borc alıblarsa və ölkə daxilinə onların gəliri manatda ifadə olunursa, şübhəsiz ki, onların əlavə xərcləri əmələ gəlir və bu barədə də çox qızğın müzakirələr mətbuatda yer alıb”, deyə S.Şərifov vurğuladı.

Bəs, Azərbaycan hökumətinin gətirdiyi arqumentlər nə dərəcədə əsaslıdır? Hökumət niyə manatı üzən məzənnəyə keçirmir? Bu addım atılarsa, manatın dollara nisbətdə kursu neçə olacaq?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, verilən açıqlamalar onu deməyə əsas verir ki, hökumətin bu istiqamətdə vahid mövqeyi yoxdur. Baş verənlər onu göstərir ki, manatın məzənnəsi ilə bağlı ortada Mərkəzi Bankın və əks tərəfi müdafiə edənlərin mövqeyi var. Mərkəzi Bank manatın məzənnəsini nəzarətində saxlamaqla, onu valyuta rezervlərini xərcləməklə qorumağa çalışır. Qarşı tərəf isə manatın üzən məzənnəyə keçirilməsinin, sərbəst buraxılmasının tərəfdarıdırlar: “Amma gedən müzakirələrdən o nəticə hasil olur ki, hökumət özünə əmin deyil. Məsələnin əsas kökü bundadır. Bəs, hökumət niyə tərəddüd içərisində qalıb? Hökumət özünə arxayın olsaydı ki, inkişaf etmiş ölkələrdə kimi milli valyutanın tənzimlənməsini bazarın öhdəsinə buraxardı. Səbəb çox sadədəir. Hökumət özünə güvənmir. Əmək qabiliyyətli əhalinin 90 faizdən artığının çalışdığı qeyri-neft sektoru unudulub”.

Neftin qiymətində qeyri-sabitliyin yaşandığı bir dövrdə manatın məzənnəsini qoruya biləcək yeganə sektorun qeyri-neft sahəsi olduğunu deyən N.Əliyev bildirdi ki, hökumət manatın məzənnəsinin bazar tərəfindən tənzimlənməsinə etibar etmir. Bəs, manatın məzənnəsi üzən kursa buraxılarsa, manatın dollara nisbətdə məzənnəsi necə ola bilər?

N.Əliyev bildirdi ki, gələn ilin dövlət büdcəsi 5, manatın ilin əvvəldəki alıcılıq qabiliyyəti ilə hesablandıqda isə 11 milyard azaldılıb. Amma neftin qiymətində qeyri-müəyyənliyin hələ də davam etdiyini deyən N.Əliyev vurğuladı ki, büdcə əsasən neftdən asılı vəziyyətə gətirilib: “Manatın məzənnəsinin sabit qalacağına heç kimin etibarı yoxdur. Hər kəs anlayır ki, Neft Fondunun, ARDNŞ-in gəlirləri kəskin şəkildə aşağı düşəcək. Məhz bu baxımdan Azərbaycanın bütövlükdə gəlirləri aşağı düşəcək: ”Ölkəyə valyuta axınının aşağı düşdüyü bir zamanda narahatçılıq üçün ciddi əsaslar var. Hökumət ciddi ixtisarlara gedir. Neftin bir barrel üçün də qiymətinin 50 dollardan götürülməsi düşünülür. Amma manatın kursu dünya bazarında neftin qiymətindən asılıdır. Neftin qiymətinin 20-30 dollara düşəcəyini deyənlər də var. Belə olan halda itkilərin miqyasının daha da geniş olacağı gözləniləndir”.

Xəyal