AZAL-ı müflisləşmə gözləyir

nemet-eliyevRusiyanın 2-ci böyük aviaşirkəti bu günlərdə müflis oldu. Tanınmış iqtisadçı Nemət Əliyev Facebook səhifəsində AZAL-ın eyni təhlükə ilə üzləşə biləcəyindən yazıb:

“Günlərin birində “Azərbaycan Hava Yollarının” iflas xəbərini eşitsəniz təəccüblənməyin, əziz dostlar! Bir-necə gün əvvəl Rusiyanın 2-ci böyük hava yolu şirkəti “Transaero”nun iflas xəbərini, yəqin ki, çoxlarınız eşidibsiniz. Bu şirkət 300 milyard rubl zərər edib, 85 milyard rubl borcunu ödəyə bilməyib. Hələ neft gəlirlərinin yüksək olduğu dövrdə ölkənin nəqliyyat sistemində, o cümlədən “Azərbaycan Hava Yolları”nda baş verənlər ciddi narahatçılıq üçün əsas verir. Məlumatların təhlili göstərir ki, Azərbaycan Hava Yolları ilə sərnişin daşıma xidməti 1999-2014-ci illərin hər bir ilini zərərlə başa vurub. Ziyanın məbləği 1999-cu ildə 6,6 milyon manat olubsa, bu məbləğ 2004-cü ildə 14,4 milyon manata, 2006-cı ildə 36,2 milyon manata, 2010-cu ildə 120 milyon manata yüksəlib. Zərərin məbləği üst-üstə 534 milyon manata çatıb. Baxmayaraq ki, bu müddətdə sərnişin müştərilərin sayı 2,6 dəfədən çox artaraq 697 min nəfərdən 1 milyon 788 min nəfərə qədər yüksəlib. Dünyanın ad çıxarmış hava yolu şirkətlərini biletlərin bahalığına görə geridə buraxan Azərbaycan Hava Yolları, bəs hansı səbəblərdən bu qədər zərərə gedib? Sizcə, bunun ağlabatan izahını tapmaq mümkündürmü? Axı, buna nə ad vermək olar? Daha dözülməzi odur ki, zərərli fəaliyyətin uzun müddət ərzində dönə-dönə təkrarlanması Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Hesablama Palatasının rəhbərliklərini hərəkətə gətirə bilməyib. Belə çıxır ki, baş verən biabırçılıqlara göz yummaq daha önəmli sayılıb. Qeyd edilən dövrdə Azərbaycan Hava Yollarına 1 milyard 574 milyon manat investisiya da yatırılıb. Deməli, milyard yarımdan çox kapital yatırımı yarım milyarddan çox ziyanla müşayiət olunub. Ölkəmizin gəlirlərinin kəskin şəkildə azaldığı indiki samanda bu sahədəki yarıtmaz idarəçiliyə son verilməzsə, maliyyə axınları ciddi nəzarət altına alınmaszsa bu mühüm nəqliyyat sahəsində vəziyyətin daha da ağırlaşacağını təsəvvür etmək elə də çətin deyil”.