Ümidimiz İsa Qəmbərədi…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Zarafat bir yana, hazırda gerçək bir “Kreml projesi” ilə qarşı-qarşıyayıq. Bildiyiniz kimi, bugünlərdə Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov kifayət qədər ciddi şəkildə Azərbaycanın Avrasiya Ittifaqına üzv ola biləcəyini gizlətmədi. Nəzərə alsaq ki, bu fikir BMT kimi nüfuzlu bir təşkilatın tədbiri çərçivəsində səsləndi, deməli, iqtidarın fikri ciddidir. Yəni bu, indiyə qədər eşitdiyiniz, cəmiyyəti çaş-baş salmaq niyyətilə ortaya atılan qondarma “Kreml projelərindən” deyil, çarəsiz bir siyasi gediş, eyni zamanda, Qərbin demokratiya və insan haqları basqısına davam gətirməyən iqtidarın ona mesajıdır. Bu addımın Azərbaycana nə verə biləcəyi haqda fikirlərə keçməzdən əvvəl, bir haşiyə çıxmaq istəyirəm.

2013-cü ilin prezident seçkiləri ərəfəsində Milli Şuraya və onun namizədi, görkəmli rejissor Rüstəm Ibrahimbəyova qarşı aparılan kampaniya yəqin ki, yadınızdadır. Başda “Yeni Müsavat” qəzeti olmaqla, iqtidaryönlü mətbuat cəmiyyəti, sadə elektoratı çaş-baş salmaq üçün daha hansı yollara əl atmırdı?! Iqtidar mətbəxində hazırlanmış “qara piar”ın əsas tezisi bu idi ki, Rüstəm Ibrahimbəyov Rusiyanın adamıdır, AXCP və Milli Şura Əliyevlər hakimiyyətinin Qərbə inteqrasiyasını əngəlləmək istəyir və s.

Təəssüf ki, onlar Müsavat kimi partiyanın başqanı Isa Qəmbəri də öz tərəflərinə çəkməyi bacara bildilər və ondan bu “Kreml projesi”nin qarşısını almağa qadir bir siyasətçi imici düzəltməyə nail oldular. Molla Nəsrəddinin bir lətifəsində olduğu kimi, bu haqda o qədər yazdılar ki, Isa Qəmbərin “xilasedici” rolunu üzərinə götürməkdən başqa çarəsi qalmadı.

Öz aramızdır, bu nəinki pis səslənmirdi, hətta mən deyərdim,  bir qədər də məstedici idi ki, Isa bəy “Yeni Müsavat” və onun baş redaktorunun müdafiəsinə qalxdı. Dedi ki, “onlara atılan daş mənə atılır”. Bu yaxınlarda “Yeni Müsavat”ın baş redaktoru isə jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinin qonağı olarkən, qəzetin hələ 2005-ci ildən müxalifətlə yollarını ayırdığını bildirdi. Zənnimcə, əlavə şərhə ehtiyac yoxdur.

Əslində, heç bir xilasediciyə-filana ehtiyac olmadı. Putin Rüstəm Ibrahimbəyovu Rusiya vətəndaşlığından çıxarmadı və seçkiyə sayılı günlər qalmış hərbi gəmi ilə Bakıya gəlib açıq şəkildə Ilham Əliyevi dəstəklədiyini bəyan etdi.

Hazırda vəziyyət tamam başqadır, hakimiyyət ölkəni Avrasiya Ittifaqına sürükləməyə tam hazırdır, lakin qəti qərar verilməyib.

Əvvəllər bu Ittifaqa qoşulmağımızı az qala, Türkmənçay müqaviləsi ilə müqayisə edənlərdən isə səs-soraq yoxdur. Əksinə, onlar bu birliyə daxil olmanın Azərbaycan üçün müsbət tərəflərindən bəhs edirlər. Az qala, müjdə verirlər ki, Kreml bunun əvəzində Qarabağı Azərbaycana qaytaracaq. Özünü Rusiyanın düşməni elan edən “Yeni Müsavat”ın baş redaktorunun nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, təkcə son iki ildə “Kreml işğal olunmuş rayonları qaytarır” mövzusunda 40-dan çox yazı verən qəzetin kimin dostu, kimin düşməni olmasının izaha ehtiyacı yoxdur.

Qarabağ münaqişəsinə oxşar problemləri olan Moldova, Gürcüstan və Ukrayna bu gün Rusiya ilə bir yerdə deyil, yəqin ki, gələcəkdə də olmayacaqlar. Onlar bu işğalla barışmırlar və hüquqi sənədlərində Rusiyanı işğalçı tərəf kimi tanıyırlar. Və dünya birliyi də bu dövlətlərin ərazisindəki separatçı rejimləri tanımır. Dünya Qarabağdakı qondarma erməni rejimini də tanımır.

Rusiyanın özü də bu rejimləri himayə etdiyini gizlətmir. Belə olan halda, Azərbaycan iqtidarı hansı üzlə, hansı əsaslarla bu birliyə getdiyini açıqlamalıdır. Xalqın bu birliyə getməyə razı olduğunu iddia etmək, yaxud saxta referendumla bunu rəsmiləşdirmək çox absurd addım olardı. Axı hər il milyonlarla Azərbaycan vətəndaşı 20 Yanvar şəhidləri və Xocalı soyqırımının qurbanlarını ziyarət edir, onlara matəm saxlayır. Bundan sonra necə və hansı üzlə gedəcək?

Hakimiyyət Avrasiya Ittifaqına daxil olmağa qərar versə, heç bir ictimai qınaq və rəy onları bu fikirdən daşındıra bilməyəcək. Istər hazırkı Milli Məclis, istərsə də yeni seçiləcək tərkib yuxarıdan hansı göstəriş gəlsə, onu icra edəcək.

Ölkənin Avrasiya Ittifaqına qoşulmasına xalqın reaksiyasına gəlincə, bu, ayrıca bir mövzudur və subyektiv fikirlərimi yaxında oxucularla bölüşəcəm.

Bu məsələ baş tutacaq, tutmayacaq, deyə bilmərəm, onu zaman göstərəcək. Lakin Xarici işlər nazirinin Avrasiya Ittifaqı haqda söylədikləri bir çox vətənpərvərin işinə yaramadı. Dünənə qədər bu iqtidarı açıq və yaxud dolayısı ilə müdafiə edib, alibi kimi “mən patriotam” deyənlərin işi bir az çətinə düşüb.

“Kreml projelərinin” qənimləri də çətin günlərini yaşayırlar. Onların da səsləri gəlmir…