Mingəçevirdə məskunlaşmış qaçqınların problemləri bitib-tükənmir

mingecevir-seherGün ərzində şəhərin müxtəlif yerlərində aksiyalar təşkil olunub

Mingəçevirdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin xeyli müddətdən bəri davam edən və artıq “ənənə” halını almış növbəti etiraz aksıyası keçirilib. Əgər əvvəlki aksiyalar şəhər icra hakimiyyətinin qarşısında və yaxud Kür çayı üzərindəki körpü bağlanaraq təşkil olunurdusa, bu dəfə bir neçə fərqli məkanda etirazlara cəhd olunub.
Məcburi köçkünlərin tələbləri əvvəllər də olduğu kimi, Mingəçevir şəhər avtovağzalının yaxınlığında tikilmiş və 594 ailəni mənzillə təmin edəcək yeni şəhərcikdə onlara ev verilməməsiylə bağlı olub. Qeyd edək ki, narazı insanlar əsasən Kəlbəcər və Ağdam rayonundan olan məcburi köçkünlərdir.
Şəhərdəki internat məktəbinin yataqxanasında, keçmiş tərəvəzçilik sovxozunda məskunlaşmış köçkünlər qəzalı binada yaşadıqlarını bildiriblər. Onların iddiasına görə, bununla bağlı əllərində Fövqəladə Hallar Nazirliyinin rəyi də var. Yaşadıqları bina hər an uçmaq təhlükəsiylə üz-üzədir. Məcburi köçkünlərin sözlərinə görə, düzgün bölgü aparılmamasının əsas günahkarı “Qaçqınkom”un nümayəndəsi Elman İsmayılov, həmçinin Mingəçevir şəhər İH başçısının 1-ci müavini İlham İsmayılov və aparatın ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayevdir. Məhz sonuncu iki şəxs narazı insanların icra başçısı tərəfindən qəbul olunmaması üçün əllərindən gələni edirlər.
Aksiya zamanı etiraçılardan biri özünü yandıracağıyla hədələyib (sonradan aksiya iştirakçılarının da dediyinə görə, həmin şəxs məcburi köçkün deyil, şəhid ailəsi olub). Polisin müdaxiləsindən sonra etirazçılar ərazidən uzaqlaşdırılıb.
Bundan sonra aksiya iştirakçılarını artıq neçənci dəfədir ki, Mingəçevir şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlov qəbul edib. Görüş zamanı etirazçılar mənzillə təmin olunmasalar belə heç olmasa daha münasib və yaşamaq üçün nisbətən şəraitli olan yerlərə köçürülməsi təklifini səsləndiriblər. Qaçqınları dinləyən polis rəisi onların bütün irad və təkliflərini şəhər rəhbərliyinə çatdıracağına, onların qəbul edilərək dinlənilməsi üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, sentyabrın 14-dən etibarən məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi həyata keçirilir.

İnformasiya şöbəsi