OPEK prezidentini kim həbs etdirib?

opek-hebs

«Dövlətin pulları hesabına özünə və övladlarına şəxsi təyyarələr, xeyli sayda daşınmaz əmlak almışdı»

Həftə sonunun ən səs-küylü xəbəri Londonda OPEK (Neft Ixrac Edən Ölkələr Birliyi) prezidenti Diezani Elison Maduekenin həbsi idi. FIFA rəsmilərinin korrupsiya ittihamı ilə saxlanılmasından sonra bu, son ayların ən qalmaqallı olayı sayıla bilər.

Xəbəri ilk olaraq Nigeriyanın “Premium Times” qəzetinə istinadən “International Business Times” nəşri yaydı. Əslən Nigeriyadan olan xanım Madueke əvvəllər bu ölkənin neft resursları naziri vəzifəsini tutub. OPEK rəhbərliyinə isə bu ilin yanvarında gətirilib. Madueke təşkilatın tarixində bu vəzifəni tutan ilk qadındır.

Pasportu əlindən alındı

Britaniyanın Cinayətkarlığa qarşı Milli Agentliyinin məlumatından belə bəlli oldu ki, Madueke ilə yanaşı, daha dörd nəfər həbs olunub. Onların hamısı rüşvət almaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Ilk gün – oktyabrın 2-də Britaniya hüquq-mühafizə orqanlarının OPEK rəhbərinin həbsi ilə bağlı hər hansı məlumat verməkdən çəkinməsi həbs xəbərinin səhihliyi ilə bağlı bəzi şübhələr yaratmışdı. Lakin çox keçmədən “Reuters” agentliyi həbsi təsdiqləyərək bu məlumatı Nigeriya prezidentinin yaxın ətrafından və saxlanılanların yaxınlarından əldə etdiyini açıqladı.

Bir gün sonra sentyabrın 3-də Elison Madueke zaminə buraxıldı. Ölkədən çıxa bilməməsi üçün pasportu əlindən alındı. Artıq Britaniyanın hüquq-mühafizə orqanları xəbəri təsdiqləməyə başlamışdı. Londondakı Charring Cross polis bölməsi Maduekenin azadlığa çıxdığı barədə məlumatın həqiqəti əks etdirdiyini açıqladı.

Nigeriya prezidenti söz vermişdi…

Ikinci gün həbslə bağlı müəyyən təfərrüatlara aydınlıq gəlməyə başladı. Məlum oldu ki, Maduekenin saxlanılması Nigeriyada nazir işlədiyi vaxtlarda yol verdiyi qanunsuzluqlarla bağlıdır. Hələ nazirkən Maduekenin adı milyonlarla dövlət vəsaitini mənimsəməkdə büdcənin pullarını israf etməkdə hallandırılıb. Bununla yanaşı, 2009-cu ildə Nigeriya senatı 6 milyon dollarlıq iş üzrə ona ittihamlar irəli sürüb. Bu ilin mayında isə Nigeriyaya yeni seçilən prezident Məhəmməd Buxari söz verib ki, neft şirkətindən oğurlanan milyardları ölkəyə qaytaracaq və günahkarları məsuliyyətə cəlb edəcək.

Göründüyü kimi, Buxari sözünün üstündə durub və Maduekenin  dünyanın ən nüfuzlu qurumlarından birində yüksək vəzifə tutması belə, onu bu niyyətindən çəkindirməyib.

Hələ ki istintaqın gedişi barədə əlavə məlumat verilmir. OPEK prezidenti ilə birgə həbs olunan digər 4 nəfərin kimliyi də açıqlanmır. Amma Afrika KIV-ləri xəbəri bir nömrəli mövzuya çevriblər və ilk gündən bu yana Madueke ilə bağlı ən müxtəlif aspektli reportajlar hazırlayırlar. Bu reportajlardan da hiss olunur ki, qəfil həbslə bağlı suallar cavablardan və dəqiq məlumatlardan daha çoxdur.

OPEK prezidenti də, Nigeriya hökuməti də medianın sorğularını cavablandırmaqdan imtina edir.

Evində axtarış aparıldı

Hələlik bəlli olan odur ki, Madeukenin evində axtarış aparılıb və oradan xeyli sayda sənəd aparılıb. Ittiham tərəfi bu sənədləri işə daxil etməyi düşünür. Axtarışla bağlı qısa videorolik internetə də yerləşdirilib.

Xarici telekanallar isə həbslə bağlı reportajlarında xanım Maduekenin nazir olduğu vaxt verdiyi müsahibələrdən kadrlar təqdim edirlər. Müsahibələrin birində OPEK prezidenti deyir: “Nigeriyanın gələcəyi parlaqdır. Nigeriya gücünü ortaya qoymaqla hər şeyə nail olacaq. Biz ölkə iqtisadiyyanı yeni səviyyəyə qaldıracağıq. Elə bir dövlət quracağıq ki, başqa ölkələr bizimlə yarışsın. Özü də tək Afrika yox, bütün dünya ölkələri…”.

Bu fikirlərdən sonra aparıcı bildirir ki, nigeriyalı nazirin həyat səviyyəsi həqiqətən də yüksək səviyyədə olub: “Bunu onun ad günlərindən və yaxınlarının toy mərasimlərindən çəkilmiş foto və videokadrlar da sübüt edir. Nigeriya medasına diqqət yetirsək, görərik ki, son illər xanım Maduekenin adı çoxsaylı korrupsiya qalmaqallarında hallandırılır”.

Başqa bir telekanalda isə Nigeriya vətəndaşı Madueke barədə belə deyir: “Biz onun Nigeriyanı təmsil etməsini istəmirik. Madueke dövlət pulları hesabına özünə bir neçə şəxsi təyyarə alıb. Bu təyyarələrdən birini də uşaqlarına ayırıb. O həm ölkə daxilində, həm də xaricdə xeyli sayda daşınmaz əmlaka sahibdir. Söhbət, yüzmilyonlarla dollardan gedir. Nigeriya xalqı bunu belə qoymayacaq”.

Harvard məzunudur

Maduekenin qəfil həbsi onun bioqrafiyasına da diqqəti artırıb. Diezani Elison Madueke 1960-cı il dekabrın 6-da Nigeriyada anadan olub. Nüfuzlu Harvard Universitetində ali təhsil alıb. Universiteti bitirdikdən sonra əmək fəaliyyətinə “Shell” şirkətində başlayıb. 2008-2010-cu illərdə Nigeriyada dağ sənayesi, 2010-cu ildən bu ilin əvvəlinə qədər də neft resursları naziri vəzifəsini tutub. Bu ilin əvvəlindən  OPEK-ə prezident təyin edilib. Nigeriyanın kontr-admiralı Elison Madueke ilə evlidir.

Gültəkin