Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov dünya bazarında keyfiyyətli ərzaq buğdasının satış qiyməti ilə, Azərbaycan bazarındakı keyfiyyətsiz buğdaının qiymətləri arasındakı fərqi rəqəmlərlə müqayisə edib. Ekspertin Facebook səhifəsindən paylaşdığı qeydləri təqdim edirik:
“Dünya bazarında ərzaq buğdasının 1 tonu 168 dollar, buğda ununun 1 tonu 200 dollar olduğu halda, Azərbaycanda keyfiyyəti aşağı olan buğda 250 dollara, buğda unu isə 400-500 dollara təklif olunur. Buna səbəb monopoliyadır. Bir müddət əvvəl kiçik və orta sahibkarlara məxsus olan dəyirmanlar yerli buğdanı qəbul edirdi. Yerli buğdaya daxili bazarda təlabat olduğu üçün qiymətlər indiki kimi yüksək deyildi.
Təəssüflər olsun ki, unüyütmə ilə məşğul olan kiçik və orta sahibkarlar sıradan çıxarıldı və bu sahə tam oliqarx-məmurların əllərinə keçdi. İndi unüyütmə ilə məşğul olan şirkətlər yerli fermerlərin istehsal etdikləri buğdanı yararsız hesab edərək almır, özləri istehsal etdikləri və idxal etdikləri buğdanı isə yüksək qiymətə təklif edirlər.
Dünya bazarında ərzaq buğdasının və buğda ununun ucuzlaşmasına baxmayaraq, Azərbaycan hökumətində təmsil olunmuş oliqarxlar rəqabət mühitinin yaranmasına mane olur və beləcə bazarda qiymət diktə edirlər”.