Toni Bleyrin Qəzzafiyə məktubu üzə çıxdı

 

toni_blerABŞ Dövlət Departamenti Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyrin Liviyanın 2011-ci ildə öldürülmüş diktatoru Müəmmər Qəzzafiyə məktubunu yayıb. Məlum olur ki, “Ərəb baharı” Tunis və Misirin ardınca Liviyaya keçməsilə bu ölkədə etiraz dalğasının baş qaldırmasından sonra Toni Bleyr 2011-ci il fevralın 25-də Qəzzafiyə “istefa verməyi və getmək üçün təhlükəsiz yer tapmağı” tövsiyə edib.

Həmin dövrdə Qəzzafi rejiminin təhlükəsizlik qüvvələri dinc etirazçılara atəş açdığına görə dünya ona qarşı çıxmışdı, BMT bu ölkədə insan haqlarının sistemli və kobud şəkildə pozulması ilə əlaqədar qətnamə qəbul etmişdi.

Vəziyyət gərginləşəndə Bleyr keçmiş müttəfiqinə şəxsən çağırış edib. O, Qəzzafini ölkəsində zorakılığa son qoyaraq, dinc hakimiyyət dəyişikliyinə imkan yaratmağa çağırıb.

“Əgər sizin getmək üçün təhlükəsiz yeriniz varsa, gedin. Çünki bu proseslər yaxşı qurtarmayacaq. Orada dəyişiklik olmalıdır. Bu dəyişiklik prosesi idarə olunmalıdır və biz bunun üçün yol tapmalıyıq.

Bu məsələ ilə əlaqədar ABŞ və Avropa Ittifaqı hazırda çətin vəziyyətdədir və mən onlara prosesin sülh yolu ilə tamamlanmasını təmin edəcək hansısa variant təklif eləməliyəm.

Əgər adamlar lideri öz yanlarında görsələr, bundan məmnun olacaqlar. Əks halda, geriyə dönüşü olmayan hadisələr yaşanacaq”, – deyə elektron məktubda yazılıb.

Bu məktubdan bir gün sonra BMT qətnamə qəbul edərək, Qəzzafinin aktivlərini dondurub, səfərləri məhdudlaşdırılıb və onun hökumətindən Beynəlxalq Cinayət Məhkəməsinə şikayət olunmasına qərar verilib.

Lakin Qəzzafi çağırışlara əhəmiyyət verməyib. O, yalnız 2011-ci ilin avqustunda qaçıb, amma iki ay sonra qiyamçılar tərəfindən tapılaraq öldürülüb.

Informasiya şöbəsi