Samir Şərifov cəzalanacaq məmurları nişan verdi

samir sherifovQorxmaz Hüseynov, Etibar Pirverdiyev və Ziya Məmmədov xarici borclara görə hədəfə gələ bilər

Maliyyə naziri Samir Şərifov səhmlərinə dövlətin nəzarət etdiyi bəzi qurumların borclanma ilə bağlı fəaliyyətinin ürəkaçan olmadığını deyib. O, bildirib ki, bəzi qurumlar dövlət zəmanəti ilə götürülmüş borclara xidmət göstərə bilmirlər:

Hazırda biz bu borcların müəyyən hissəsini dövlət büdcəsi hesabına ödəməyə məcburuq. Ona görə, bu bizim növbəti ilin dövlət büdcəsində öz əksini tapıb. Belə ki, bizim dövlət borcuna xidmətlə bağlı xərclərimiz artıb. Bunun bir qismi qeyd etdiyim kimi manatın devalvasiyası nəticəsində, digər qismi isə məhz belə amillərə görə artıb”.

Məlumat üçün deyək ki, xarici borcların böyük hissəsi “Azərenerji” “Azərsu” və Nəqliyyat Nazirliyinin payına düşür. Milyardlarla dollar məhz elektrik və su təchizatının yaxşılaşdırılmasına, yol layihələrinə sərf edilib. Bu layihələr həm də korrupsiya mənbəyi olduğuna görə, xaricdən alınan borclar demək olar ki, göyə sovrulub. Samir Şərifov ad çəkməsə də, böyük ehtimalla yuxarıda adlarını qeyd etdiyimiz qurumları nəzərdə tutur. Mümkündür ki, parlament seçkilərindən sonra bu məsələ ciddi şəkildə araşdırılsın və adıçəkilən qurumların rəhbərləri cəzalandırılsın.