Azərbaycan üçün təhlükəli borc “tələsi” II HİSSƏ

mehemmed-talibliMəhəmməd Talibli

Yalnız dəyər yarada bilən borca girmək olar!
(eks maliyyə naziri Saleh Məmmədovla qiyabi polemika)

Mən Azərbaycanın aldığı xarici borcun məbləğini təhlükəli hədd hesab etmirəm. Bu beynəlxalq normalar baxımından təhlükəli xəttə yaxınlaşmağı özündə ehtiva etmir. Lakin tendensiya zərərlidir. Ən azı sadaladığım amillər baxımından.

Xarici borcla bağlı beynəlxalq standartlar

Çünki xarici borc sadəcə bir iqtisadi nəticə deyildir. Onu şərtləndirən faktorlar və dərəcələr (ağırlıq, yüngüllük və s.) var. Məsələn, ölkələrin iqtisadiyyatı Dünya Bankının standart təyinatları olan kəskin və mülayim borca düşmə vəziyyətinə görə təsnifləndirilir. Kəskin borca düşmə o zaman baş verir ki, onun 2 əsas göstəricisi kritik səviyyəni aşır: xarici borca xidmət xərclərinin Ümumi Milli Gəlirə nisbəti (220%). Mülayim borclaşma o deməkdir ki, hər iki göstərici 60%-i ötür, amma kritik həddə çatmır. Bütün digər aşağı və orta gəlir səviyyəsinə malik olan iqtisadiyyatlar aşağı borca düşmə həddində olan ölkələr kimi təsnifata salınır. (Ümumi Milli Gəlir-keçmişdə Ümumi Milli Məhsul və ya ÜMM). Əksər hallarda isə ölkələrin xarici borcların vəziyyətinin qiymətləndirilməsi üçün 3 əsas indikatordan istifadə olunur:
– Xarici borcun miqdarı ixracın 200%-dən çox olmamalı
– Xarici borcun ÜDM-ə nisbəti 40%-i aşmamalı
– Xarici borca xidmətlə əlaqədar bütün ödənişlərin ÜDM-ə nisbəti 5%-dən yüksək olmamalı.
Sizin Avropa İttifaqı üzvlərindən misal gətirdiyiniz ölkələrdə belə ÜDM-dən böyük olan xarici borc nisbəti ilə bağlı tələblər sərtləşdirilir. Avropa kimi böyük siyasi və iqtisadi məkanda xarici borc probleminə ciddi önəm verilir. AB ölkələrində borcların artmasına hədd kimi hələ 1998-ci ildə Maastrikt Müqaviləsində bu faktora xüsusi diqqət edilmişdi. Belə ki, həmin kriteriyaya əsasən, dövlət borcları ÜDM-in 60%-dən artıq ola bilməz. Bu əslində borcların yüklənməsini məhdudlaşdıran kriteriya olmaqla, perspektivdə ölkələrin maliyyə asılılığını nəzərə alan amil hesab olunur. Çünki nəticədə bu həddin aşması, həm ölkələrin daxili, həmdə beynəlxalq maliyyə sisteminə neqativ təsir göstərir.

Cənubi Qafqaz ölkələrinin borc “piroqu”

Hər üç ölkə üzrə xarici borcun dinamikası ziddiyyətlidir. Azərbaycandan başlayaq. 2015-ci ilin əvvəlinə olan məlumatlara görə, Azərbaycan dövlətinin xarici borcu 6,5 milyard dollar səviyyəsindədir. Dövlət zəmanəti ilə alınan iri dövlət şirkətlərinin (SOCAR, Azərişıq, AzərSu və digərləri) borclarının da 8,5 milyard dollar olduğunu nəzərə alanda məlum olar ki, xarici borcumuz 15 milyard dollar təşkil edir. (mən buraya ölkədəki kommersiya banklarının beynəlxalq maliyyə qurumlarının ehtiyat normalarından istifadəni əlavə etmirəm) Bu ölkənin illik ÜDM-nin 20 faizi deməkdir. Bu son deyil. Beynəlxalq qurumlardan hələ alınacaq borclarla bağlı bəzi sazişlər də var. Bunları da əlavə edəndə yaxın dövr üçün xarici borcun məbləği daha da artmış olacaq. Müqayisə üçün bildirim ki, heç bir təbii resursu olmayan Ermənistan və Gürcüstanın xarici borcu 4-5 milyard dollar səviyyəsində dəyişir. Ziddiyyət nədədir? Ziddiyyət yüksək resurs gəlirləri fonunda Azərbaycanın böyük zərurət olmadan əlavə olaraq xarici borcun altına “çiynini” verməsidir. Tədqiqatlar onu da sübut edir ki, zəngin təbii resurslara malik ölkələr başqa dövlətlərdən və beynəlxalq maliyyə qurumlarından kredit götürməyə daha çox meylli olur. Bunu Azərbaycan nümunəsindən də görmək olar. Üç faza üzrə xarici borcun dinamikasını təhlil etdim. Neft gəlirlərinin olmadığı (1994), neft gəlirlərinin pik dövrlərini(2012) və postneft dövrünü (2015) müqayisə edək. Belə ki, 1994-cü ilin məlumatına görə, Azərbaycanda adambaşına dövlətin xarici borcu 8 dollar təşkil etdiyi halda, 2012-ci ildə bu rəqəm 720 ABŞ dollar, indi isə 1666 dollar təşkil edir. Bu isə o deməkdir ki, son 20 ildə bütün gəlirlərimizlə birgə xarici borcun səviyyəsi də müqayisəyə gəlməz dərəcədə artıb. Ümumiyyətlə, bir ölkəyə həm xarici investisiya axa, həm neft gəlirləri daxil ola, həm də hökumət bu azmış kimi xarici borclanmaya girə, bu sadəcə paradoksdur. Vəsaitlər çox olduğu halda bədxərclik, olmayan vaxtda isə qənaətcillik etmək istəyi çağdaş dövrün yanaşması hesab edilə bilməz. Hətta empirik tətqiqatların nəticələri göstərir ki, insanlar əziyyət çəkmədən əldə etdikləri vəsaitlərə bir qədər laqeyd münasibət bəsləyirlər.

“Gözü çıxmış” qardaşların təcrübəsi

Biz loteriyada böyük uduşu olan təsadüf qalibləri görüb sevinməli deyilik. Milyonlarla uduzmuşlar vardır ki, biz onları görə bilmirik. Belə məğlub ssenari üzrə ən böyük nümunə olan Yunanıstanın düşdüyü durum göz qabağında. Hər günü defolt təhlükəsinə bir addım yaxınlaşır. Dövlət kimi varlığı şübhə altına düşüb. Dövlət formal təsisata çevrilir. İdarəetmə piramidası hər gün yenidən silkələnir. Vətəndaş dövlət güvənindən hər gün bir addım da olsa uzaqlaşır. Dövlət yetim və təklənmiş durumdakı tək ortada. Hamısı xarici borclanmanın gətirdiyi fəlakətdir. Heç bir uğur resepti ölkə üçün xilas formulu yaratmaq gücündə görünmür. Bu hazırda yaşadığımız dövrün xarici borc təsirlərinin nəticəsi idi.
Təkcə çağdaş tarixi təcrübə də deyil, yaxın keçmişdə də oxşar təcrübələr olub. Yəni, neft gəlirlərindən uğursuz istifadə təyinatına görə neqativ “nümunə” olan Nigeriya təcrübəsi də var. Resursla zəngin ölkələrin (ÜDM-in 25%-dən çox) nümunəsi olaraq “Nigeriya faciəsi” adı ilə tarixə düşən kədərli hekayə… “Resurs lənəti” məhz budur. Həmin ölkə 30 il bundan qabaq hasilatının ən pik dövrünü yaşayarkən ölkəni yönəldən avtoritar hökumət neft gəlirlərindən necə gəldi istifadə etməsi azmış kimi, hələ başqa mənbə – “korrupsiya layihələri” üçün də pul axtarışına çıxmışdı. XƏYALİ NEFT GƏLİRLƏRİNƏ arxayın olan Nigeriya hökuməti sürətli xarici borclamaya girdi. Nəticədə, 400 milyard dollardan artıq neft gəliri əldə edən ölkədə sonradan əhalisinin 70 faizdən çoxunun gündəlik gəliri 1-2 dollar arasına düşdü. Bu isə tam yoxsulluq dərinliyi idi. Resurs gəliri 100 milyardlarla ölçülən və cəmisi 5 milyonluq əhalisi bir ölkə hələ bu uğursuzluqlar azmış kimi olmayan aldığı xarici borclarını da qaytarmalıdır. Belə nümunələri çoxlu sayda göstərmək olar.
Gəlirlərdən qənaətlə və səmərəli istifadə etməklə, yığım formalaşdırmaq olar ki, bu da xarici borca göz dikməməyimiz üçün vacibdir. Başqa sözlə, təkcə bir gəlirləri yox, həm də xərcləri düzgün tənzimləməliyik. Bir ölkə olaraq artan xarici borc səviyyəsi ilə azalacaq neft gəlirləri arasında nisbəti mütləq nəzərə almalıyıq. Əks halda pis nümunələri təkrarlamaq labüdlüyü ilə üz-üzə qala bilərik.
İndi dünyada xarici borcların doğurduğu çətinliklərlə bağlı çağrışlarına tez-tez rast gəlirik. Bu hətta müxtəlif ölkələrin siyasi partiyalarının proqram sənədlərində də qeyd olunur. Məsələn, Almaniya Xristian Demokrat İttifaqının özünün proqram sənədində (2007) “Azadlıq və təhlükəsizlik” bölməsində qeyd olunur: “Dövlətin uzun müddətə qazanmaqdan daha çox xərcləməsi ölkəmizin rifahı üçün təhlükədir. Biz borc almağı durdurmasaq, dövlət gələcəkdə mühüm işləri həyata keçirə bilməyəcək. Biz uşaqların gələcəyini himayə edən və ancaq öz hesabına yaşayan məmləkət arzulayırıq.” Ona görə, biz gələcək övladlarımızı sağlam iqtisadiyyata malik və asılı olmayan dövlətdə yaşamasını istəyiriksə, biz istehlakçı yox, istehsalçı cəmiyyət formalaşdırmalıyıq. Biz xarici borclamanı cari maraqa cavab verən populist layihələrə yox, insana və istehsala yönəlik proqramlara xərcləməliyik. Çünki, istehlakçı cəmiyyətdə borc layihə hesabına yaşamaq üçün bəhanə olur. Yalnız istehsalçı cəmiyyət borcu doğru-düzgün qiymətləndirə bilər.
Dövlətin istehlakçı yox, istehsalçı təyinatı olanda istehsal vasitələrinin bir araya gəlməsi iqtisadiyyatda dəyər yaradır. Biz dövlət olaraq istehsaldan və yığımdan daha çox, istehlak edirik. Biz istehsal potensialına və güclü ixrac imkanı olmayan dövlətik. Qeyri-neft ixracatı cəmi 100 dolların cəmi 5-7 dollarını təşkil edir. Bu vəziyyətdə alınacaq hansı borcun dəyər yaratmasından danışmaq olarmı?
Amma bütün bunlarla bərabər borc almaqla və həmin borcdan istifadə hesabına daha güclü iqtisadiyyat qurmağın da mümkünlüyünə nail olmaq olar. Narahatlıq ondan ibarətdir ki, bizim inkişafımıza olan maneə maliyyə resursu problemi deyil, resurslardan səmərəli istifadə edə bilməməyin problemidir. Bir şeyi daha dərindən düşünməliyik. Əgər biz maliyyə resursu ilə iqtisadiyyatımızı qurmaq əminliyimiz varsa, elə neftdən əldə olunan gəlirlə əksər standartlarımızı Avropa ölkələrinin standartlarına çatdırmalı idik?! Əgər biz 100 milyard dollarla iqtisadiyyatımızı tam inkişaf etdirməyə əminliyimiz var idisə, gərək o zaman indiyə qədər neftdən əldə olunmuş 118,3 milyard dolların (35 mlrd. saxlanılır) 83 milyard dollarını necə xərclənməsinə diqqət etməli idik. Kontarktlar bitənə qədər ölkəmizi hələ 60-100 milyard dollar (dəyişən neft qiymətlərinə adekvat olaraq) da gəlir gözləyir. Bu qədər maliyyə resursunun genişliyi fonunda biz nəzərdə tutduğumuz iqtisadi inkişafa nail ola bilmiriksə, fikrimcə bunun səbəbini başqa səbəblərdə axtarmalıyıq.
Əcnəbi xalqların belə bir atalar sözü var: “Təmiz işi çirkli əllə görməzlər.” Yəni, biz saf niyyətli düşüncələrimizin gerçəkləşəcəyi zaman onun tətbiq və nəzarət mexanizmlərini nəzərə almalıyıq. Əgər biz xarici kreditin şəffaflığı, səmərəliliyi və hesabatlılığı aşağı səviyyədə olarsa, o zaman epizodik olaraq iqtisadiyyatda “köpük” yaranacaq, amma ölkə heç zaman sabit və davamlı iqtisadi platforma formalaşmayacaq. Reallıq hissini itirib “borc tələsinə” sürətlə yaxınlaşmaq praqmatik yanaşmadan xeyli uzaq olardı. Bu təkcə cari öhdəlikləri icra edilməsi baxımından yox, milli məsuliyyətin dərk olunması baxımından çox mühüm amildir.
İqtisadi model və düşünülmüş iqtisadi islahatlar olmasa, alınan borclar olduqca zərərlidir. Mən bu fikrimi də tam əminliklə söyləyirəm! Əksi bilirsiz nəyə bənzəyər? Bu ona bənzəyir ki, əyri və heç nəyə yaramayan əcaib bir qaba dəyərli bir məhlul tökürük. Həmin məhlul nə qədər dəyərli olursa-olsun, yenə heç bir işə və heç nəyə yaramayacaq. Əvvəlcə, yaxşı qəlib və iqtisadi “binanın” konstruksiyalı bünövrəsi olmalıdır, sonra keyfiyyətli betonla həmin özülü ucaltmalısan. Gözəl görkəmli binanın yüksək təminatı onun möhkəm materialı və yüksək keyfiyyətli konstruksiyası ilə birbaşa bağlı deyilsə, o binada nəinki yaşamaq, heç onu ucaltmaq belə məsələhət deyil. Əgər ölkədə iqtisadi islahatlar, azad biznes şərti, normal investisiya mühiti, rəqabətli sistem formalaşmayıbsa, o zaman alınacaq böyük borclar yalnız gələcək nəslin başağrısına çevriləcək. Bir daha təkrar edirəm: Bu bizim gələcək nəsil qarşısında tarixi məsuliyyət məsələmizdir!