Putin Səudiyyə ilə üz-üzə; “İslam Ordusu” Rusiyaya savaş elan etdi

putin-seudiyeSəudiyyə Ərəbistanının maliyyələşdirdiyi “İslam Ordusu” Rusiyaya savaş elan edib. Buna səbəb Rusiyanın Suriyadakı Bəşər Əsəd rejiminə hərbi dəstəyi gücləndirməsidir. Bu barədə məlumat ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində dərc olunub.

Qəzetin yazdığına görə, islamçılar Rusiya ilə sonadək savaşmağa söz veriblər: “Söz veriblər ki, ruslar Suriyanın hansı hissəsində peyda olsalar, orada onlara qarşı savaşacaqlar”.

“İslam Ordusu” söz verdi

The New York Times”ın iddiasına görə, qruplaşma Səudiyyə krallığı tərəfindən maliyyələşdirilir və mövqelərini əsasən Dəməşq ətrafında yerləşdirib. Qruplaşmanın üzvlərinin sayı 20 minə yaxındır.

Reuters” agentliyi isə bildirir ki, “Islam Ordusu” 2013-cü ildə ər-Riyadın təşəbbüsü ilə IŞID-ə müxalif olaraq yaradılıb. Qruplaşma IŞID-lə yanaşı, Suriyadakı Bəşər Əsəd rejiminə qarşı da savaş aparır.

Səudiyyə Ərəbistanı Bəşər Əsədin qatı əleyhdarlarındandır və onun hakimiyyətdə qalmasını istəmir. Iki gün əvvəl ölkənin xarici işlər naziri Adel əl-Cubeyr Əsəddən ən qısa zamanda prezident postunu tərk etməyi tələb etmişdi. Cubeyr ÿbildirmişdi ki, Əsəd hakimiyyətdən xoşluqla getməsə, Suriyada hərbi yolla dəyişiklikÿ olacaq.ÿ Belə ki, Suriya liderinin devrilməsi üçün hərbi əməliyyat başladılacaq.

XIN rəhbəri ölkəsinin bu əməliyyatda hansı formada iştirak edəcəyinə aydınlıq gətirməsə də qeyd etmişdi ki, Əsədin siyasi gələcəyi yoxdur. Və Səudiyyə krallığı Rusiyanın IŞID-ə qarşı mübarizədə Suriya lideri ilə əməkdaşlıq çağırışını qəbul etmir.

Dünən Səudiyyə Ərəbistanı Rusiyaya Suriyadakı hərbi əməliyyatları dayandırmaqla bağlı çağırış edib. Krallığın BMT-dəki nümayəndəsi bildirib ki, Suriyadakı terrorçu Əsəd rejimini dəstəkləməklə IŞID-ə qarşı mübarizə aparmaq mümkün deyil. Onun sözlərinə görə, Rusiya qırıcılarının bombaladığı şəhərlərdə IŞID silahlıları yoxdur.ÿÜsətlik hava zərbələri nəticəsində mülki şəxslər həlak olur.

Suriyalı müxaliflər də bildiriblər ki, Rusiya təyyarələri onların düşərgələrini bombardman edib. Həmçinin Homsdakı dinc əhali də bu zərbələrin qurbanı olub. Nəticədə 36 dinc sakin həyatını itirib.

Putindən operativ reaksiya

Bu iddiaya Rusiya prezidenti Vladimir Putin dünən operativ cavab verib. Putin bildirib ki, Rusiyanın aviazərbələri nəticəsində mülki şəxslərin öldüyü barədə fikirlər informasiya hücumundan başqa bir şey deyil: “Iddia olunur ki, ölənlər terrorçular yox, dinc əhalidir. Bu informasiya hücumudur və Rusiya buna hazırdır. Bu barədə məlumatlar hələ bizim təyyarələr havaya qalxmadan yayılmağa başlayıb. Xatırladım ki, başqa dövlətlər artıq bir ildən çoxdur Suriyaya hava zərbələri endirir”.

Putin onu da qeyd edib ki, beynəlxalq koalisiya IŞID mövqelərinə BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan zərbə endirir. Rusiyanın isə əlində belə bir sənəd var.

Putinlə yanaşı, Suriyanın Rusiyadakı səfiri Riyad Xəddad da məlum xəbəri yalanlayıb. Səfir bildirib ki, Moskva və Dəməşq Suriya ərazisindəki terrorçulara hava zərbələrinin endirilməsi ilə bağlı aylarla danışıq aparıblar: “Biz dinc əhaliyə hava zərbələri endirmirik. Terrorçuların mövqeləri yaşayış yerlərindən kənardadır”.

Qeyd edək ki, Rusiya Suriya ərazisində hava zərbələrinə sentyabrın 30-dan başlayıb.

ABŞ və Fransanın şübhələri var

ABŞ və Fransa hökumətlərində də Rusiyanın bu zərbələrinin IŞID-ə yönəldiyi ilə bağlı şübhələr var. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Vaşinqtondan bu iddianı sübut edəcək dəlillər təqdim etməyi tələb edib.

Qeyd edək ki, bu günlərdə “The Times” qəzeti də Suriyanın Rusiyadan aldığı hərbi texnikadan IŞID-ə yox, suriyalı müxaliflərə qarşı istifadə etdiyi barədə məqalə dərc etmişdi.ÿ

Qəzetin yazdığına görə, Rusiya Suriyaya silah-sursat dəstəyini IŞID-lə mübarizə üçün ayırdığını iddia etsə də, reallıq tam fərqlidi: “Üsyançı müxaliflər bildirirlər ki, son həftələr Əsədin döyüşçüləri hava zərbələri endirərkən yeni hərbi texnikadan istifadə ediblər. Bunların arasında hərbi təyyarələr və silahlar var. Onlar əmindilər ki, Rusiyadan alınan hərbi avdanlıqlardan IŞID-ə yox müxaliflərə qarşı istifadə olunur”.

Elə ABŞ prezidenti Barak Obama da Rusiyanın Suriyada hərbi iştirakını genişləndirməsinə məhz bu səbəbdən qarşı çıxır. Obama bəyan edir ki, bu dəstək Əsəd rejiminin ömrünü uzatmağa xidmət edir. Rusiya isə israr edir ki, Dəməşqə IŞID-lə mübarizə aparmaq üçün dəstək verir.

Kerrinin proqnozu düz çıxdı

Yeri gəlmişkən, “Islam Ordusu”nun Rusiyaya qarşı savaş elan etməsi ABŞ dövlət katibi Con Kerrinin bir neçə gün əvvəlki proqnozunu doğrultmuş oldu.

C.Kerri CNN telekanalına müsahibəsində Rusiyanın Suriyadakı hərbi iştirakını genişləndirməsinə münasibət bildirərkən demişdi ki, Putin bununla əhalisi əsasən sünnilərdən ibarət olan dövlətlərin hədəfinə gələ bilər.

Moskva özünü çətin vəziyyətə salır və gec-tez bu siyasi kursu dəyişməyə məcbur olacaq. Əgər Putin açıq-aşkar Əsədin, Iranın və “Hizbullah”ın tərəfinə keçsə, əhalisinin əsas hissəsi sünnilərdən ibarət olan Yaxın Şərq dövlətlərinin hədəfinə gələcək. Bu həm də sünni cihadçıların hədəfinə gəlmək deməkdir” – deyə, Kerri bildirmişdi.

Gültəkin