Daha bir namizəd seçkidən imtina etdi

Parlamnet seçkilərinə namizədliyini irəli sürmüş daha bir şəxs anti-demokratik seçki mühitinə etiraz olaraq bəyanat yayaraq seçkiyə qatılmaqdan imtina edib. 70 saylı Masallı  şəhər  seçki  dairəsindən bitərəf kimi namizədliyini irəli sürmüş Masallı Ziyalıları İctimai Birliyinin sədri MemmedagaMəmmədağa Eynullayevin bəyanatında deyilir:

“Bəyan edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisinə  deputatlığa namizədliyimi  70 saylı  Masallı  şəhər  seçki  Dairəsindən irəli sürdüyüm andan, Masallı RİHB-sı R.Hüseynovun təqib, təziq, şantaj, həbs təhdidlərinin daha da artmasının şahidi oldum. 2014-cü ildə keçirilən bələdiyyə seçkiləri zamanı namizədliyimin ləğv edilməsi, seçkidə iştirakıma yaradılan çox iyrənc, çirkin hərəkətlər bu gündə davam edir. R.Hüseynov  rayon bələdiyyəsini qanunllarla deyil, öz iradəsinə uyğun formalaşdırdı. Lakin Musakücə kəndinin sakinləri saxtakarlığın həyata keçirməsinə mane olaraq seçkilərin nəticələrinin ləğv edilməsınə nail oldular. Bundan sonra mənə və kəndimizin fəallarına qarşı çox iyrənc kampaniya başladıldı, R. Hüseynovun sifarişi ilə 10 aydan artıqdır ki, istintaq və məhkəmə süründürməçiliyindən əziyyət çəkirik.

R.Hüseynovun çoxsaylı qanunsuzluqları, iqtisadi, seçki cinayətləri barədə ölkə rəhbərliyinə etdiyimiz şikayətlərə, müraciətlərə, keçirdiyimiz mətbuat konfranslarına da heç bir reaksiya verilmir.

Hər gün təhdid, təziq altında yaşamağa, haqlarımızın,  hüquqlarımızın sistemli şəkildə pozulmasına,  rayonumuzda normal seçki mühitinin olmamasına etiraz olaraq imza vərəqələrini təqdim etmədən namizədliyimi geri götürür, seçkidə iştirakdan imtina edirəm.

Bundan sonra da qanunsuzluğa, haqsızlığa, ədalətsizliyə, zülmə qarşı mübarizəmi daha fəal şəkildə davam etdirəcəyəm”