Azərbaycan üçün təhlükəli borc “tələsi” I HİSSƏ

mehemmed-talibli

Yalnız dəyər yarada bilən borca girmək olar!

(keçmiş maliyyə naziri Saleh Məmmədovla qiyabi polemika)

Məhəmməd Talıblı

Hələ xeyli əvvəldən ölkədə iqtisadi vəziyyətin çətinləşəcəyi proqnozları ilə bağlı fərqli baxışların və qızğın müzakirələrin olacağını düşünürdük. Post-neft dövründə hakimiyyətdə olacaq siyasi qüvvələrin işlərinin də çətin olacağını söyləyirdik. Dalana dirənən çətinliklər gərgin polemikalara, bəzən isə qarşılıqlı ittihamlara yol açacaq.

I hissə

Məhz proqnozlaşdırdığımız həmin fərqli baxışların toqquşduğu zaman artıq yetişib. Vaxtilə maliyyə sistemində yüksək vəzifə tutmuş şəxslərin hökumətin işinə yarayan açıqlamaları və təklifləri müasir baxışlı iqtisadçılar tərəfindən, yumşaq desək, yaxşı qarşılanmadı. Belə təklif müəlliflərindən biri də iqtisad professoru Saleh Məmmədov oldu.

Tarixi məsuliyyətin dərindən dərk edilməməsi

Müdriklər deyirlər ki, yaxşılıq yolunu göstərən insan elə yaxşılıq edən insan deməkdir. Amma Saleh müəllim, çox da yaxşı yol göstərmir. Çox pis və uğursuz yol təklif edir. Biz Azərbaycanın yaxın illər üzrə beynəlxalq maliyyə qurumlarından aldığı kreditlərin dinamikasını təhlil edib, belə bir sürətli borclama üçün əsas olmadığını vurğuladığımız halda, Saleh müəllim tamam əks mövqe sərgiləyir. Hətta böyük məbləğdə borca girməyi tərcih edir. Əsaslandırması isə ondan ibarətdir ki, dünyada xarici borcu ÜDM-dən böyük olan bəzi Avropa ölkələri və başda ABŞ olmaqla digər Qərb ölkələrinin inkişafları məhz borclarının olmasını şərtləndirib.

Cənab Məmmədov daha sonra yazır: “Azərbaycanın 100 milyard dollar borclanmaq imkanı var. Mən dünya maliyyə sistemini araşdırıb bu nəticəyə gəlmişəm – hansı ölkədə xarici borclar çoxdursa, həmin ölkələr çox sürətlə inkişaf edir. Dünya iqtisadiyyatının 70 faizi borclar üzərində qurulub. Şirkətlərdə olduğu kimi, dövlətlərdə də inkişafın 60-70 faizi kreditlər hesabına maliyyələşir”.

Biznes fəaliyyətinin və ya iqtisadiyyatın özünün xarici impuls olmadan (resurs idxalı) inkişafının nə qədər çətin olduğu aydındır. Ingilis sərmayədarlarının yaxşı bir fikri var: “Mən o qədər axmaq deyiləm ki, öz pulumla iş görüm”. Ona görə, xarici borclanma hesabına inkişafın təmin edilməsi haqqında düşünmək qəbahət deyil. Qəbahət alınıb xərclənəcək kreditlər üzərində şəffaflıq, səmərəlilik və hesabatlılığın aşağı səviyyədə olmasıdır ki, bu da gələcək nəsli borca salmaq kimi tarixi məsuliyyətin dərindən dərk edilməməsi deməkdir.

Qəhrəman və onun silahdaşıyanı…

Beynəlxalq kreditorlardan Azərbaycan kimi ölkələrin kredit alması çətin deyil. Əldə olunacaq neft pullarının sürətlə artması, rezervlərin ÜDM-in yarısından çox olması, aktivlərin xarici idarəetmədə olması, resursla zəngin ölkə olması və s. amillərin üstünlüyü yetərlidir. Yəni çətinlik həmin kreditlərin alınması yox, onun səmərəsi və nəticəliliyinin xeyli şübhələr doğurması ilə bağlıdır.

Saleh müəllimin “hansı ölkədə xarici borclar çoxdursa, həmin ölkələr çox sürətlə inkişaf edir” fikrində həqiqət yükünün olduğunu yalnız bir neçə şərtin ödənməsindən sonra söyləmək olar. Həmin ölkələr təkcə ona görə inkişaf etmir ki, onlar böyük borclar hesabına inkişaf edib. Onlar ona görə inkişaf edib ki, yaradılmış mükəmməl iqtisadi konstruksiya üçün alınmış borc yardımçı funksiyanı yerinə yetirib.

əllifin bu fikri mənə dahi filosof Hegelin belə bir dəyərli aforizmini xatırlatdı: “Qəhrəman ona görə qəhrəman deyil ki, onun silahdaşıyanı var. Onun ona görə silahdaşıyanı var ki, o, qəhrəmandır”.

Yəni həmin ölkələr ona görə inkişaf etməyiblər ki, böyük məbləğdə xarici borclar alıblar. Ona görə xarici borc alıblar ki, inkişaf etməklərində alınmış borc həlledici və ya əsas yox, yardımçı faktor olaraq çıxış edib.

Dünya təcrübəsi göstərir ki, adətən belə borclanmadan öncə “min ölçülüb, bir bilçilmiş” iqtisadiyyatın sektoral proqramları hazır olur və onun maliyyə mənbələrini axtarırlar.

İqtisadi artım üçün iki yoldan biri olmalıdır…

Saleh Məmmədov yazır: “10-15 milyard kredit gətirib onu investisiya layihələrinə yönəldə bilsək, iqtisadi artım 10-12 faizə yüksələcək”.

Azərbaycanın son 10 il üzrə iqtisadi artım dinamikasına diqqətlə baxsaq, görərik ki, iqtisadi artım səviyyəsi 33,4 faiz olan il də olub, sonradan 3,2 faizə düşən il də

Neft hasilatı və onun dünyadakı qiymət konyunkturası yüksələndə, iqtisadi artım templəri də yüksəlir, azalanda isə iqtisadi artım inersiya ilə aşağı doğru enir. ÜDM-in 47 faizini təşkil etdiyi neft sektorunun vəziyyəti qlobal konyunkturadan asılı olduğu bir vaxtda 10-15 milyardla iki rəqəmli iqtisadi artıma necə nail olmaq olar? Axı xarici borcsuz da Azərbaycan ildə təxminən həmin məbləğdə neft gəlirləri əldə edib. Həmin vəsaitləri iqtisadiyyatın inkişafına yönəltsəydik, bizdə iqtisadi artım 10-12 faiz olacaqdı? Qətiyyən! Ikirəqəmli iqtisadi artıma nail olmaq üçün 2 yoldan birində inkişafımız ağırlıq yaratmalıdır:

1. Qeyri-neft sektoruna yönəldiləcək investisiyanın yüksəlməsi hesabına ÜDM-in tərkibinin dominant yükü qeyri-neft ÜDM-ə keçir;

2. Neft hasilatının artması və əlverişli qiymət yüksəlməsi fonunda (2006-2010 ssenarisi üzrə) artım dinamikası nəzərəçarpacaq olur.

Zəmanət axtarışında…

Saleh Məmmədov daha sonra qeyd edir: “Bu gün 15 faizdən aşağı kredit verilmir. Qərb bazarlarında 20 trilyon istifadəsiz vəsait var. Onu 3-4 faizlə Azərbaycan gətirib ehtiyac olan sahələrə yatırmaq olar. Bu pulları yerləşdirmək üçün heç Azərbaycan kimi stabil və risksiz ölkə tapa bilməyəcəklər. Bu həm də müstəqilliyimizə qarant olardı, milyardlarla pul yatırdığı ölkəni heç kim imkan verməz ki, işğal etsin, riskə məruz qalsın”.

Yaxın tarix olduğu üçün bunu hamı xatırlayır. Vaxtilə buna bənzər fikri neft kontraktları haqqında da deyirdilər. O zaman da bu tezis dövriyyəyə buraxılmışdı ki, “Əsrin müqaviləsi” imzalanandan sonra Qərb Qarabağı alıb bizə verəcək və ya onun alınmasında bizə dəstək olacaq. Torpaqların qaytarılmasında həmin müqavilənin və şirkətlərilə orada təmsil olunan dövlətlərin nəinki rolu artmadı, əksinə, biz onlarla tamamilə əks qütblərdə olmaqla, hazırda böyük savaş içindəyik. Eyni məzmunlu fikir yenə dövriyyədədir. Deyirlər, elə ölkələrdən borc alaq ki, onlar verdikləri pula görə təcavüzkar ölkələrin ilhaq (anneksiya) aktına haqq qazandırmasınlar, kənar (xüsusilə Rusiya faktorundan) müdaxilələrdən qorunmağımızda yardımçı faktor olaraq çıxış etsinlər. Dünyada dəyişən münasibətlər sistemində mən strateji müttəfiqlik münasibətlərindən kənarda, epizodik və ya bir istiqamətli münasibətlərin belə parlaq perspektivinə inanmıram.

Pulumuzu 0,84 faizlə verib, niyə 15 faizlə kredit götürməliyik?

Maraqlı sual yaranır: biz Neft Fondunun vəsaitlərini illik cəmi 0,84 faizlə xarici rezidentlərə verdiyimiz halda, niyə xarici mənbələrdən 15 faizlə kredit almalıyıq? Hazırda 35 milyard dollar olan və artmaqda davam edəcək neft-qaz gəlirlərini “ölü” vəsait olaraq saxlayaraq, bahalı resurs cəlb edib iqtisadiyyatımızı bahalaşdırmaq tendensiyasını niyə gücləndirməliyik ki? Açığı, havadan asılı olacaq inkişaf naminə niyə bahalı borca girməliyik?

Dünyada başqa bir tendensiya hələ ötən əsrin sonlarından daha da güclənib. Artıq dövlət xarici borc almaqdansa, birgə xarici investisiyanın cəlbini tərcih və təşviq edir. Səbəbi də budur ki, həm gəliri, həm də riskləri şirkətlər bölüşür və dövlətin bazarda oyunçu kimi iştirakını məhdudlaşdırırlar. Bu da açıq bazar prinsiplərinə zidd olduğundan bu istiqamətə xüsusi canatma yoxdur.

Borcla salınan yol, tikilən körpü…

Saleh müəllim, yazır: “Borclanma prosesinə dərhal başlamaq olar və böyük miqdarda vəsait cəlb etməklə, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq olar. Bu borclanma mənbələri: büdcənin kəsirinin bağlanması və valyuta balansının tənzimlənməsi üçün Beynəlxalq Valyuta Fondundan bir neçə milyard kredit, infrastruktur layihələri üçün Dünya Bankından, Islam Inkişaf Bankından, biznes layihələri üçün Beynəlxalq Maliyyə Korporasiyasından, Asiya Inkişaf Bankından, Avropa Inkişaf və Yenidənqurma Bankından, iri transmilli korporasiyalardan, bank və fondlardan, Eksimbanklardan, şirkətlərdən, maliyyə bazarlarından, maliyyə şirkətlərindən milyardlarla vəsait cəlb edib, bütün layihələri maliyyələşdirmək olar”.

Siz təklif edirsiniz ki, biz büdcə xərclərini gəlir səviyyəmizə uyğun nisbətdə götürməyək, xərcləri artırıb büdcə kəsirinin həddini elə böyüdək ki, həmin kəsri beynəlxalq maliyyə qurumlarından alınan borcla qapadaq. Bu da xarici borclanmanın bir növüdür.

Beynəlxalq Valyuta Fondunun xüsusilə bizim ölkə ilə bağlı tövsiyələrinə diqqət yetirmək lazımdır. Avropa Ittifaqının Maastrixt kriteriyasına görə, ölkənin büdcə kəsrinin ÜDM-in 3-3,5 faizindən çox olması məqbul sayılmır.

Yol çək, asfalt sal, körpü tik… və bu yolla borcları artır. Bundan büdcə benefitləri nə qazanacaq? Bir halda ki, büdcə prioritetləri sosial təyinatlı da deyil.

Azərbaycan xarici borcunu artırmalıdırmı?

Əgər biz xarici və daxili borclanmaya belə sürətlə getsək, onda gərək büdcə haqqında qanunda həmin borclanmanın yuxarı və aşağı həddi arasındakı limitin birdən-birə dəfələrlə yüksəldilməsini əsaslandıraq. 2016-cı ilin dövlət büdcəsində bu hədd 1,5-4,5 milyard manat göstərilib.

Necə əsaslandıracaqsınız? Birdən-birə belə sürətli borclanmaya girməyinizin səbəbi nədir? Fiskal siyasətdə artıq bu ildən müəyyən ciddi dəyişiklikləri hiss etməyə başlamışıq. Bu neqativ tendensiyalardan biri də dövlət büdcəsindən borca xidmət xərclərinin artmasıdır. Məlumat üçün bildirim ki, əvvəlki illərdə dövlət büdcəsində borca xidmət xərcləri ortalama 250-300 milyon manatdan artıq olmurdu. Bu isə ümumi büdcə xərclərimizin 1 faizindən çox deyildi. Amma indi vəziyyət tamamilə fərqlidir. Gələnilki dövlət büdcəsində borca xidmət xərclərinin (daxili və xarici borclar) həcmi 1,2 milyard manat təşkil edəcək. Bu isə dövlət büdcəsi xərclərinin 8 faizi deməkdir. Post-neft dövrünə yenicə daxil olduğumuz bir vaxtda artıq borca xidmət xərcləri 8-10 dəfəyədək böyüyüb. Bu da hələ son deyil. Bu hələ bir qədər də davam edəcək.

Xarici borcların strukturuna diqqət yetirsək, görərik ki, 60 faizindən çoxunun ödənmə vaxtı 10 ildən sonra başlayır. Ona görə də hazırda xarici borclanma narahatlığı ictimai rəyi silkələmir. Dünya bazarında neftin qiymətinin kifayət qədər yüksək olduğu vaxtlarda özünün böyük neft hasilatı dövrünü yaşayan, həmçinin iqtisadiyyatının (xüsusilə neft sektorunda) böyük investisiya “udmaq” imkanı olan ölkədə məntiqlə böyük xarici borc olmamalı idi. Bu borcun olması azmış kimi, üstəlik, onu daha da artırmaq haqqında düşünürlər…