Atom bombasından da qorxunc

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Bəzən belə populist fikirləri çox eşidirik ki, kaş hansısa Norveçdə, Danimarkada-zadda doğulardıq, qarşımızda daha geniş üfüqlər açılardı, adam kimi ömür sürərdik-filan.

Əslində isə heç də belə deyil. Gəlişmiş, demokratik ölkələrdə doğulub, böyüyüb sonra da bizim bəlli kriteriyalar, standartlar əsasında özünə komfort, karyera və s. qurmaq xeyli gülməli görünür. Çünki belə ölkələrdə təhsil önəmlidir, intellekt, bilgi, savad önəmlidir. Onlar olmadan siz bir dənə də sağlam addım ata, həyatda layiqli mövqe tuta, karyera sahibi ola bilməzsiniz.

Azərbaycanda isə hər şey 180 dərəcə fərqlidir. Burada sizdən karyera yollarında inamla irəliləmək üçün yuxarıdakı göstəricilərdən heç biri tələb olunmur. Siz lap iki eşşəyin arpasını bölə bilməyə də bilərsiniz, amma yalan danışa, ya da yaltaqlıq eləyə bilirsinizsə, yerdə qalan heç nəyin bir önəmi, dəyəri yoxdur. Bu ölkədə Cəmil Həsənlinin sözü olmasın, “kamaz” altında qalmış “3″ alaraq da, ”a” ilə “b”nin fərqini qanmayaraq, 2-nin üstünə 2 gələ bilməyərək də elmlər doktoru, professor, akademik, nə bilim daha nə olmaq mümkündür. Yetər ki, ağ yalanları heç bir utanıb-qızarma hiss eləmədən danışmağı, asanlıqla əyriyə düz, qatığa qara deməyi bacarasan. Vəssalam, deməli, önündə bütün qapılar taybatay açıqdır. Hər yerdə sənə “yaşıl işıq”dır.

YAP irticası ölkədə bax belə bir iyrənc ənənə, belə bir idbar əhval-ruhiyyə, belə bir üfunətli düşüncə və həyat tərzi formalaşdırdı. Artıq bizdə adamlardan ötrü fərqi də yoxdur ki, o hansısa bilgi, mədəniyyət sahibidir, ya yox; onlar fikirləşirlər ki, onsuz da bunların hansı qiyməti, anlamı var? Guya istedad və intellekt sahibi olmaq bu ölkədə nəyi dəyişir axı? Bir halda ki, həqiqəti yalanla əvəzləyərək, oğruya doğru deyərək, vəzifə, imtiyaz yiyəsi olmaq mümkündür, daha özünü əziyyətə salmaq, oda-közə vurmaq nə üçün?!

Bunların Azərbaycana etdiyi pislikləri, ona vurduğu zərbələri saymaqla bitməz. Ancaq hər birindən xilas yolu var. 22 ildir oğurlanan yeraltı-yerüstü var-yatırların yerini belə, doldurmaq mümkündür. Korrupsiya yolu ilə xalqdan oğurlanan pulları da geri qaytara bilərik.

Di gəl, ən pis təhlükə odur ki, yaptokratlar ölkədə bütün mənəvi dəyərləri çeynədilər, dəyərlərdən dəyərsizlik yaratdılar; “toylar kralı” Səməd Səmədovlardan xalq artisti, tamada təfəkkürlü Zəlimxan Yaqublardan xalq şairi, Ay Zaurlardan millətin siması düzəltdilər; Nadir Qafarzadələri, Namiq Qaraçuxurluları, Elgizləri, Rəqsanələri, Nazəninləri sənət simgəsi halına gətirdilər.

Sabun bir fiziki, bioloji paklıq vasitəsi olmaqdan çıxdı, həm də mənəvi ölçü vahidinə çevrildi.

Düz deyənin düzdə qaldığına, el üçün ağlayan gözün kor olduğuna dair milli mental düşüncə bərkidi, möhkəmləndi.

Həqiqəti söyləməyin, oğurluğa, talançılığa qarşı dimdik duruşun Don Kixotluqdan heç nə ilə fəqlənmədiyinə dair kütlə baxışı adiləşdi, sıradan bir şey kimi qəbul olundu.

Yaptokratiyanın Azərbaycana etdiyi ən böyük, ən dəhşətli pislik budur. Camaatı məhz bu zərərli, zəhərli “dünyagörüşdən” sağaltmaq, xilas etmək çox çətindir, nəinki çox çətindir, hətta qeyri-mümkündür.

Insanların beynini bununla doldurdular ki, sən savadsızın, bilgisizin, intellektsizin böyüyü ola bilərsən, sadəcə və sadəcə yalan danışa, yaltaqlıq eləyə, işverənliklə məşğul ola, üzəduranlığı məşğuliyyət halına gətirməyin kifayətdir ki, həyatını yağ-bal içində keçirəsən, qayğı, məşəqqət nədir bilməyəsən.

Yaptokratiya Azərbaycanda bir tikə çörək qazanmağı ən idbar, ən iyrənc yollarla ailə-uşaq saxlamağın vasitəsinə çevirdi. Bax ən pis olanı, ən təhlükəli olanı budur. Ən rüsvayçı olanı, ən ürəkağrıdanı budur! Maddiyyatla bağlı bütün zərərləri lap artıqlaması ilə də qarşılamaq olar. Ancaq bir toplumu mənəvi olaraq sarsıtmağa başlanıbsa, artıq bunun heç bir bəraəti, heç bir ağlabatan, məntiqli izahı yoxdur. Ondan daha dəhşətli zərbə, ondan daha sağalmaz yara, ondan daha qorxunc bəla yoxdur ki, sən ədalət, həqiqət, hüquq, demokratiya uğrunda mübarizədə kiməsə şər atasan, kiməsə torba tikəsən, kimisə qaralamağa, ləkələməyə çalışasan, amma buna görə sənin üzünə tüpürmək əvəzinə mükafatlandırsınlar!

Bir ölkəni belə vəziyyətə gətirib çıxarmaq o ölkəyə atom bombası atmaqdan qat-qat faciəvidir.