Xoşqədəmin verilişi aləmi qatdı

Mirşahinin ittihamlarına MTRŞ-dan cavab gəldi

ANS televiziyasında yayımlanan “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin Milli Televiziya və Radio Şurasının qərarı ilə bağlanmasından sonra ANS TV-nin baş direktoru Mirşahin Ağayev açıqlama verərək məlum qərarın qərəzli olduğunu və bununla bağlı şirkətin MTRŞ-i məhkəməyə verəcəyini bildirib.

Mən burada qanunun aliliyindən çox, açıq-aşkar ayrı-seçkilik və ANS-ə qarşı qərəz görürəm. Iki televiziya kanalında eyni tip layihəyə tam fərqli yanaşma. Digər məsələ. Ya xəbər mətbuata adi bir xəbər kimi verilməliydi. (Özü də burada da mənə qaranlıq məqamlıar var. Içəridə iclas gedir, bəzi saytlar isə artıq ANS-in verilişinin bağlanması barədə xəbər yayır. Baxmayaraq ki, hələ heç bir qərar yox idi, deməli, Şurada bizdən də peşəkar xəbərçilər varmış.) Ya da, ümumiyyətlə, bu məlumatı bizim yayacağımızı gözləmək lazım idi. MTRŞ niyə və maraqlıdır ki, tələsib?! Sanki hansısa sosial şou ilə yox, Xoşqədəm Hidayətqızıyla şəxsən mübarizə aparır. Mən Nuşirəvan Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin bu dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki buna qədər bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli, N.Məhərrəmlinin Xoşqədəm problemi var. Verilişlə bağlı yox aaa.. Məhz Xoşqədəm xanımla. Təəssüf…”, – deyə Mirşahin Ağayev vurğulayıb.

MTRŞ-ın aparat rəhbəri Toğrul Məmmədov isə publika.az-a açıqlamasında mövcud qərarda heç bir qərəz olmadığını və məhkəməyə müraciət etməyin hər kəsin konstitusiya hüququ olduğunu bildirib: “Məhkəməyə müraciət etmək hər kəsin konstitusiya hüququdur. MTRŞ-ın qərarında heç bir qərəz yox idi. ”Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” tipli mənəvi dəyərlərimizə uyğun olmayan verilişlər cəmiyyətin bütün təbəqələri tərəfindən bəyənilmir. Burada proqrama verilən bütün tələblər pozulub. Şit, bayağı, küçə mədəniyyətini efirə gətirdiyi üçün həmin verilişlərin yayımı dayandırılıb. Hətta yayım dayandırılandan sonra Şuraya çoxlu təşəkkür zəngləri də gəlib”.

Digər kanallarda bu tip verilişlərin dayandırılmasına gəlincə isə MTRŞ rəsmisi bildirib ki, əgər bu cür verilişləri kanallar özləri bağlasalar, Şura onlara qarşı heç bir sanksiya tətbiq etməyəcək. Əgər efirdə şit, bayağı, küçə mədəniyyətini təbliğ edən və mənəvi dəyərlərimizə zidd verilişlərə yol veriləcəksə, onlara qarşı MTRŞ tərəfindən müvafiq tədbirlər görüləcək və kanala qarşı sanksiya tətbiq olunacaq.

Xatırladaq ki, MTRŞ-in iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. Televiziyanın efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.