Uzaqdan idarə olunan YAP

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Dünənki yazımı YAP-ın icra katibinin müavini, hazırda Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının nə Azərbaycan reallığına, nə də sadə məntiqə  sığan sitatı ilə bitirmişdim. O, yeni vəzifəsinin icrasına başlayan kimi Azərbaycana yenidən nəzər salmış və belə bir nəticəyə gəlmişdi ki, əgər hansısa Peyğəmbər (ə.s) sağ olsaydı, yaşamaq üçün məhz Azərbaycanı seçərdi.

Sual oluna bilər ki, onu belə deməyə vadar edən nədir? Doğrudanmı o, gündə bir vətəndaşı problemlər ucbatından özünü asan ölkəni yaşamaq üçün ideal ölkə hesab edir?

Heç kimə sirr deyil ki, son 20 ildə 3 milyona yaxın  vətəndaşımız dolanışığa görə yad ellərə sığınıb. Mübariz müəllim onu da bilir ki, təkcə Tərtər rayonunun bir səmtindən yüzdən artıq gənc IŞID sıralarında Suriyada döyüşür. Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadənin bu yaxınlarda Tərtərə qəfil səfəri də məhz bu problemlə bağlı idi.

Vətəndaşların öz ölkələrindən kənarda xoşbəxtlik və ölüm  axtardığı bir vaxtda Mübariz Qurbanlının öz fikirlərini başqa cür ifadə edə bilməməsi, fikrimcə, onun… partiya mənsubiyyətindən irəli gəlir. YAP-ın öz həqiqət meyarı var. Hesab edirlər ki, hamı onlar kimi yaşayır, narazılar isə sadəcə nanəcimdilər və ölkədəki inkişafa kölgə salmağa cəhd edirlər. YAP-çıların bu düşüncə tərzini dəyişmək, demək olar ki, mümkün deyil. Hətta Azərbaycanda demokratik cəmiyyət, azad məhkəmə qurulsa, bir sözlə, həsəd apardığımız Almaniya, yaxud da Norveçdəki kimi bir sistem bərqərar olsa belə, yenə də Mübariz Qurbanlı tipli YAP-çılar bununla barışmayacaqlar. Səbəbi də çox sadədir. YAP-ın yuxarı eşelonu demokratik cəmiyyətdə yaşamağa özlərinin faciəsi kimi baxır. Onlar bütün ümidlərini mövcud hakimiyyətin əbədiliyinə bağlayıblar. Odur ki, Mübariz Qurbanlıdan seçkidən sonra “əgər cənnətdə seçkilər keçirilsəydi, YAP qalib gələrdi” fikrini eşitsəniz, bunda da qeyri-adi nəsə axtarmağa dəyməz. O, bunu vəzifə borcu hesab edir və özünü ilahi-aləmlə hakimiyyət arasında bir vasitəçi sayır. Iqtidarı əmin etməyə çalışır ki, “yuxarılarda vəziyyət yaxşıdır və onlar da virtual olaraq, sizi dəstəkləyir, müxalifəti isə şiddətlə qınayırlar”.

Əziz oxucular, prinsip belədir, “çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu”. Allah günahımızdan keçsin…

YAP-ın yuxarıdan daha ağıllı məmurlar tərəfindən idarə olunması, onların səlahiyyət və danışma hədlərinə sərt nəzarətin olması tək təsəllimizdir desəm, yəqin ki, yanılmaram. Milli Məclisin əksəriyyətini yuxarıda bəhs etdiyim tiplərin təşkil etdiyini nəzərə alsaq, bu çox vacibdir.

YAP-ın standart deputat modeli fikrimcə, Cəbrayıldan Astan Şahverdiyevdir. Heç nəyə qarışmır, başqa bir deputatın dililə desək, deputatlıqdan ləzzət alır. Elə rayon camaatının çoxu da onu tanımır. Bu on il ərzində qaçqın düşərgəsindəki qoyun fermasından tutmuş, qaçqın şəhərciyində 4 otaqlı mənzilə qədər nə mümkündürsə, özünə güzəran ağlaya bilib. Kasıb rayondur, gedib “novostroyka” tikməyəcək ki…

Astan Şahverdiyev təmkinlidir, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə kimi, yeri gəldi-gəlmədi danışmağı sevmir.

Yeri gəlmişkən, hazırda YAP icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinə başçılıq edən Aydın Mirzəzadənin bu vəzifəyə çəkilməsini də təsadüfi hesab etmək olmaz. Sabiq deputat Gülər Əhmədovanın başı üzərinə “qara buludlar” əsən zaman Aydın Mirzəzadənin olaya münasibəti iki gündə 3 dəfə dəyişdi. Oxşar siyasi səhvləri Ərdoğanin andiçmə mərasimilə bağlı fikirlərində və dəvətsiz getdiyi Şimali Kipr parlamentində buraxan deputatın bu posta təyin olunmasının iki səbəbi var – birincisi, onun şəxsi keyfiyyət və bacarığı, ikincisi və ən əsası isə postun ümumiyyətlə, lazımsız olmasıdır. Siyahı və göstərişlər “yuxarıdan” gəlirsə, seçki dəyənəklə keçirsə, nə təhlilə, nə də proqnoza ehtiyac var.

YAP rəsmilərinə yalnız müxalifət haqqında sərbəst danışmaq imkanı verilir. Odur ki, bunu anlayışla qəbul etmək lazımdır.

Yazımı Azərbaycan Respublikasının xalq artisti Yalçın Rzazadənin Aydın Mirzəzadə haqqında dediyi fikirlərlə bitirmək istəyirəm: “Nə olsun ki, deputatdır? Bu gün onun pulu məndən çoxdur, amma mənim mənliyim var, mən insanam, sonra özümdən utanıram. Mən özüm ciddi adamam və hər kəsin də fikrinə ciddi yanaşıram. Kişi eləməyəcəyi sözü deməməlidir. Axı mən ümid edib, gözləyirəm. Bir də ki, toxun acdan nə xəbəri”.

Əlavə şərhə ehtiyac varmı?. Varsa, deyin…