S&P: Azərbaycan bankları üçün risk “ən yüksək” səviyyədədir

standard-poorBeynəlxalq kredit reytinqi agentliyi Standard & Poor’s (S&P), Avropa, Orta Şərq və Afrika regionunda (EMEA) pul vahidlərindəki zəifləmənin banklar üçün riskləri artırdığını açıqlayıb.

S&P-nin kredit analitiki Timuçin Enginin hazırladığı hesabatda, Qazaxıstan, Belarus, Ukrayna, Azərbaycan və Nigeriyanın bank sistemləri üçün risklərin “ən yüksək”, Rusiya, Gürcüstan və Türkiyə üçün isə “yüksək” olduğu qeyd edilib.

Hesabatda, Cənubi Afrika, Polşa, Macarıstan və Xorvatiyada bank sektoru üçün nisbi olaraq məhdud təsir gözlənildiyi vurğulanıb.

Engin, hesabatında, ölkədən-ölkəyə dəyişiklik göstərən üç əsas risk olduğunu, bunların; Valyuta kreditlərində yüksək kredit itkiləri (problemli kreditlər), xalis açıq valyuta mövqelərindən gələn məzənnə ilə bağlı itkilər və xarici borclanmaya asılılıq səbəbindən maliyyələşmə və likvidlikdə potensial çətinliklər olduğunu bildirib.

“EMEA regionundakı bir çox inkişaf etməkdə olan ölkədə pul vahidləri dollar qarşısında ötən 12 ay ərzində kəskin şəkildə ucuzlaşıb. Bu vəziyyət bu ölkələrdəki banklar üçün riskləri artırır”,- hesabatda deyilir.

S&P-dən edilən açıqlamada da, “Pul vahidlərinin dəyərdən düşməsinə qarşı bank sistemləri ən həssas olan ölkələrin Qazaxıstan, Belarus, Ukrayna, Azərbaycan və Nigeriya olduğuna inanırıq. Bu ölkələrin ardına Rusiya, Gürcüstan və Türkiyə gəlir” deyilir.