Ölkədə aylıq dərman dövriyyəsi 25 milyon manatdır

derman

Bakıda olan apteklərin sayı Belçika və Avstriyada olan apteklərin sayından çoxdur

«Əczaçılıq məhsullarının idxal biznesində leqallaşma səviyyəsi yüksəlib»

Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatın təhlili göstərir ki, ölkəyə idxalı artan məhsulların siyahısında dərman məmulatları da vardır. Belə ki, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əczaçılıq məhsullarının idxalı 16,4 faiz və ya 25 milyon dollar artıb.

Bu barədə iqtisad elmləri doktoru Qubad Ibadoğlu “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ötən il dərman gətirilməsinə görə idxalçılar 160 milyon dollar vəsait xərcləmişdisə, bu il artıq bu məqsədlə xərcləmələr 185 milyonu ötüb.

“Bir məqamı da nəzərə almaq lazimdır ki, bu statistikaya Irandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan ölkəyə fərdi qaydada dərman gətirilməsi daxil deyil. Bunu da nəzərə alsaq, ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar”, deyə o qeyd edir.

Ekspert hesab edir ki, əslində Azərbaycanda istehlakçıların bu qədər dərman “yeməsi” ölkədə apteklərin sayının çox olmasını şərtləndirib.

“Müqayisə edəndə görürük ki, yalnız Bakı şəhərində olan apteklərin sayı Avropanın orta ölçülü ölkəsində, məsələn, Belçika və Avstriyada olan apteklərin sayından çoxdur”.

Onun fikrincə, ilk baxışda dərman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiymətinin bahalaşması ilə izah etmək mümkündür.

“Fikrimcə, əzcaçılıq məhsullarının idxal biznesində leqallaşma səviyyəsi yüksəlib və bu hələ son hədd deyil. Yəqin ki, il ərzində dərman məhsullarının idxalında artım davam edəcək”, Ibadoğlu bildirir.

Öz növbəsində, ekspertin şərhinə Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi hələ münasibət bildirməyib. Son ayda bir sıra dərmanların qiymətlərini Tarif Şurasi tənzimləməyə başlayıb. Bu, bazarda çoxsaylı dərman vasitələrinin qiymətlərinin kəskin enməsi ilə nəticələnib.