Məmməd İbrahim polis idarəsində vəkilinə nə deyib?

mammad-ibrahimYalçın İmanov: “Onun barəsində bu gün saat 23.30-a qədər qərar verilməlidi: ya sərbəst buraxılmalı, ya da ittiham irəli sürülməlidi…”

AXCP sədrinin müşaviri, sentyabrın 30-dan şübhəli şəxs qismində saxlanılan Məmməd İbrahim vəkili Yalçın İmanovla görüşüb. Bu barədə “Azadlıq”a məlumat verən vəkil bildirib ki, Məmməd İbrahim hələ də şübhəli şəxs qismində Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.

Müvəkkilinin saxlanma şəraitindən və ona qarşı münasibətdən heç bir narazılığı olmadığını deyən Yalçın İmanovun sözlərinə görə, Məmməd İbrahim həm ifadəsində, həm də onunla söhbətdə heç kimə xəsarət yetirmədiyini, əksinə, indi şikayətçi olan qarşı tərəfin ona hücum etdiyini bildirib: “Məlum olduğu kimi, Mikayıl Quliyev adlı şəxs Məmməd İbrahimdən şikayət edib. Ərizəsində göstərib ki, Məmməd İbrahim ona hücum edərək, xəsarət yetirib. Bunun əsasında da Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Amma Məmməd İbrahim həm ifadəsində, həm mənimlə söhbətində bildirdi ki, əksinə, özü o adamın hücumuna məruz qalıb. Dedi ki, həmin adam onu sosial şəbəkədə söyüb, onlar qarşılaşanda niyə təhqir etdiyini soruşub. Qarşı tərəf həmin vaxt ona hücum edib. Ətrafdakılar onları ayırıblar”.

Bu işlə bağlı müəyyən istintaq hərəkətləri aparıldığını deyən vəkil onu da qeyd edib ki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanılması müddəti bu gün axşam saat 23.30-da başa çatır: “O vaxta qədər Məmməd İbrahim ya təqsirləndirilən şəxs qismində cəlb olunmalı, ya da sərbəst buraxılmalıdır. Çünki qanun 48 saatdan artıq şübhəli şəxs qismində saxlanılmaya imkan vermir. Məmməd İbrahimin sentyabrın 30-da saat 23.30-da şübhəli şəxs qismində saxlanıldığı rəsmiləşib. Belə olan halda, 48 saatlıq müddət oktyabrın 2-də saat 23.00-da başa çatacaq”.

Qeyd edək ki, hadisə sentyabrın 29-da Nərimanov rayonu ərazisində baş verib. İnsidentdən təxminən bir saat sonra Məmməd İbrahim yoldaşları ilə birlikdə olarkən iki maşın polis gələrək, onu 18-ci polis bölməsinə aparıb. Məlum olub ki, Mikayıl Quliyev bu qısa müddətdə ondan şikayət ərizəsilə polisə müraciət edib.
Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyev iddia edir ki, guya, Məmməd İbrahim küçədə ona hücum edərək vurub.

Məmməd İbrahim həmin gün 18-ci polis bölməsində izahat yazdıqdan sonra buraxılmışdı. Sentyabrın 30-da yenidən bölməyə çağırılan Məmməd İbrahim oradan Nərimanov Rayon Polis İdarəsinə aparılıb və şübhəli şəxs qismində saxlanılıb.

Əlavə edək ki, Məmməd İbrahim sentyabrın 30-da yenidən bölməyə getməmişdən əvvəl “facebook” səhifəsində hadisənin təfərrüatlarını yazaraq, baş verənlərin təxribat olduğunu vurğulayıb. Qeyd edib ki, dəfələrlə sosial şəbəkədə Mikayıl Quliyevin təhqirlərinə məruz qalıb: “Həmişəki kimi, axşamtərəfi Nərimanov cəbhəçilərilə görüşdüyümüz yerə gedərkən, Mikayılı da orada gördüm. Ona “söyüş söymə, kişi söyüş söyməz” dedim. Bu isə “yaxşı eləyirəm, daha artığını edəcəm” deyə üstümə hücum çəkdi. Yanımızda olan uşaqlar araya girib, onu kənara çəkdilər. Bu zaman onun əynində olan köynək azca cırıldı. Biz ondan aralanıb, çay içməyə getdik. İki dəqiqədən sonra “facebook”da onun dostları yazdılar ki, guya, mən onu döymüşəm. Beş dəqiqədən sonra isə iki maşın, təxminən 8 nəfər polis gələrək məni 18-ci polis bölməsinə apardı.

Sonradan bildik ki, həmişə bizim uşaqları görən kimi yolunu dəyişən Mikayıl, elə bu hadisəni törətmək üçün, yəni məni təxribata çəkmək üçün ora gəlibmiş”.

Aytən