Hakim partiya efirdən niyə qaçır?

itv-debatYAP-ın xalqa deməyə sözü qalmayıb

Parlament seçkilərinə 1 ay vaxt qaldı. Bildiyiniz kimi, ATƏT bu seçkilərin müşahidəçiliyindən imtina etdi, Avropa Parlamenti məlum qətnamə ilə seçkiyə kəskin münasibətini bildirdi və real müxalifət seçkiləri boykot etdi. Eyni zamanda ötən seçkilərdən fərqli olaraq, bu dəfə seçki mühiti tamamən müşahidə edilmir. Təbii ki, alternativlərin iştirak etmədiyi seçkiyə cəmiyyətin heç bir marağı olmur. Üstəlik, YAP hakimiyyətinin uzun illər seçkiləri kobud şəkildə saxtalaşdırması xalqın seçkiyə inamını öldürüb.

Amma yazımızın məqsədi seçki mühitini analiz etmək deyil.  Sadəcə olaraq YAP-ın rəqibsiz də rinqə çıxmaq qəbiliyyəti olmadığını göstərmək istəyirik. Belə ki, Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təbliğat-təşviqat mərhələsindəÿ pulsuz efir vaxtından istifadə etməyəcək.

Bəli, hakim partiya xalqın qarşısında çıxmaqdan, hesabat verməkdən qaçır. Yəqin ki, “ziyanın yarısından qayıtmaq da xeyirdi” məntiqi ilə düşünüblər və biabırçılıq seriyasını davam etdirmək istəməyiblər.

Məsələ burasındadır ki, YAP namizədləri bütün seçkilərdə analoqsuz inkişafdan, uğurlu xarici siyasətdən, ÜDM-in artmasından, yoxsulluğun kökünün kəsilməsindən və s. mətləblərdən danışıblar. Yəni neftin qiymətinin yüksək olmasından sui-istifadə edib, öz yalan təbliğatlarını qurmuşdular. Indi isə analoqsuz inkişaf nağılı bitib. Əgər YAP namizədləri canlı efirə çıxıb hesabat versələr, gərək yarıtmaz, anti-milli və korrupsiya siyasətini etiraf edələr.

Fakt budur ki, öyündükləri büdcə 11 milyard azalıb, qeyri-neft sektoru yoxdur, işsizlik kütləviləşir, 2.6 milyon vətəndaş kredit borcu ödəyir, intiharlar sürətlə artır, beynəlxalq aləmlə münasibətlər korlanıb və xarici siyasət iflasa uğrayıb, bir qarış torpaq azad edilməyib, atəşkəs dövründə 1000-lərlə əsgər həlak olub, milli valyuta 34 faiz dəyər itirib və vətəndaşa dəyən zərər ödənilməyib, qiymətlər süni şəkildə artıb və s.

Yəni artıq YAP hakimiyyətini təmsil edənlərin sevimli arqumentləri dəfn olunub və ölkə vətəndaşı real vəziyyəti öz üzərində hiss edir.

Görünən budur ki, hakim partiyanın xalq qarşısına çıxacaq üzü, söyləyəcək sözü yoxdur. 100 milyardlarla neft pulları şəxslərin cibinə axıb, vətəndaş isə zəruri ehtiyaclarını ödəməkdən məhrumdu.

Məsələnin başqa bir tərəfi budur ki, hakim partiyanın efirdən imtinası seçiciyə qarşı hörmətsizlikdi. Çünki, 22 il bu ölkəyə rəhbərlik etmiş partiya xalq qarşısında hesabat verməyə borcludur. Neftin qiyməti 120 dollar olanda efirdən kükrəyənlər qiymət 50 dollara düşəndə efirdən qaçırlar.

Bəli, hakim partiyanın bu qərarı ilk növbədə arqumentsizlikdən doğursa, digər tərəfdən vətəndaşa sayğısızlığın göstəricisidir.

Şübhəsiz ki, qazanmaq imkanları tamamən tükənəndə ölkəni də atıb qaçacaqlar. Yeri gəlmişkən, bu gün dövlətin 25 milyard xarici borcu var. YAP hakimiyyəti nəinki bu millətə xeyir vermədi, üstəlik, gələcək nəsillərin çiyninə ağır borc yüklədi.

Bir sözlə, hakim partiya vətəndaşa söyləməyə yalan tapamadığı üçün, vətəndaşdan qaçmağa qərar verib. Beləliklə, bu seçkini də hesabat vermədən, talançılığa davam edərək yola vermək istəyirlər.

Akif