ABŞ Bəşər Əsədi «amnistiyaya» saldı

obama-asad2Con Kerri: «Suriya lideri indiki məqamda hakimiyyətdən getməməlidir»

ABŞ Suriya münaqişəsinin həlli ilə bağlı mövqeyində dəyişiklik edib. Və Suriya lideri Bəşər Əsədlə bağlı geri addım atıb. Rəsmi Vaşinqton bu vaxta qədər Əsədin qeyd-şərtsiz və ən qısa zamanda hakimiyyətdən getməsində israr edirdi. Indi isə rəsmi səviyyədə bəyan olunur ki, Əsəd hakimiyyətdən nizamlı keçid prosesi çərçivəsində getməlidir.

Bu açıqlamalar ABŞ dövlət katibi Con Kerrinin CNN-ə verdiyi müsahibədəndir.

Kerri etiraf edib ki, Əsədin indiki məqamda getməsi Suriyada vəziyyəti gərginləşdirə bilər: “Əgər Əsəd tez getsə, bu partlayışa gətirib çıxara bilər. Bu da ölkəni ictimai həyatdan məhrum edər. Bizə Əsədin tədricən getməyi lazımdır. Bu ona görə vacibdir ki, qisas, ölüm, hesab vermək qorxusu olmasın”.

Lakin Kerri Əsədin getməsi üçün hansı vaxtın daha uyğun olduğunu və Suriyadakı keçid prosesinin nə qədər davam edəcəyini açıqlamayıb.

Putin özünü sünni cihadçıların hədəfinə gətirir”

Kerri müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Suriyadakı hərbi iştirakını genişləndirməsinə də münasibət bildirib. Dövlət katibi bildirib ki, Putin bununla əhalisi əsasən sünnilərdən ibarət olan dövlətlərin hədəfinə gələ bilər: “Moskva özünü çətin vəziyyətə salır və gec-tez bu siyasi kursu dəyişməyə məcbur olacaq. Əgər Putin açıq-aşkar Əsədin, Iranın və “Hizbullah”ın tərəfinə keçsə, əhalisinin əsas hissəsi sünnilərdən ibarət olan Yaxın Şərq dövlətlərinin hədəfinə gələcək. Bu həm də sünni cihadçıların hədəfinə gəlmək deməkdir. Lakin bu amil ABŞ-a Putini yola gətirməyə yardım edə bilər. Biz düşünürük ki, Suriyadakı münaqişəni sünnilərin işirakı olmadan və Əsəd getmədən həll etmək mümkün olmayacaq. Nə qədər ki, Əsəd hakimiyyətdədir, sülh yolu mümkün deyil. Nöqtə”.

Qeyd edək ki, Kerri bir gün əvvəlki açıqlamasında ABŞ və Rusiya prezidentlərinin Suriya münaqişəsi ilə bağlı müəyyən razılığa gəldiyini bildirmişdi. Onun sözlərinə görə, hər iki ölkənin lideri hesab edir ki, Suriya vahid, dünyəvi dövlət olmalı, orada hakimiyyət dəyişikliyi baş verməlidir. Lakin Moskva və Vaşinqton hələ ki hakimiyyət dəyişikliyinin hansı yolla baş tutması ilə bağlı vahid mövqeyə gələ bilmir.

Əslində Putin BMT Baş Assambleyasındakı çıxışı zamanı bu məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirmişdi. Rusiya prezidenti bildirmişdi ki, Suriyadakı hakimiyyət dəyişikliyi yalnız suriyalıların iradəsi ilə reallaşa bilər və ABŞ, Fransa kimi Qərb dövlətləri bu məsələdə söz sahibi deyil.

Putin sessiyanın iclasında beynəlxalq aləmdən Suriya liderinə açıq dəstək də istəmişdi. Onun fikrincə,ÿQərbin Əsəd və Suriya ordusu ilə əməkdaşlıqdan imtina etməsi yanlış qərardır. Çünki Suriyada Əsəddən başqa real olaraq heç kim IŞID-ə qarşı mübarizə aparmır.

Lakin Obama çıxışı zamanı rusiyalı həmkarının diqqətinə çatdırmışdı ki, ABŞ Bəşər Əsədi dəstəkləmək fikrindən uzaqdır.

Səudiyyəli nazir Əsədi devirməklə hədələdi

Bu bir tərəfdən də Səudiyyə Ərəbistanı Əsəddən ən qısa zamanda prezident postunu tərk etməyi tələb edir. Dünən səudiyyəli nazir açıq-aşkar Suriya liderini devirməklə təhdid edib.

Ölkənin xarici işlər naziri Adel əl-Cubeyr ÿbildirib ki, əgər Əsəd hakimiyyətdən xoşluqla getməsə, Suriyada hərbi yolla dəyişiklikÿ olacaq:ÿ “Əsəd postunu könüllü şəkildə tərk etməsə, onun devrilməsi üçün hərbi əməliyyat başladılacaq”.

XIN rəhbəri ölkəsinin bu əməliyyatda hansı formada iştirak edəcəyinə aydınlıq gətirməyib. Lakin qeyd edib ki, Suriyada hakimiyyət dəyişikliyi uzun vaxt aparacaq.

Əl-Cubeyr Əsədin siyasi gələcəyinin olmadığını deyərək Rusiyanın IŞID-ə qarşı mübarizədə Suriya lideri ilə əməkdaşlıq çağırışını qəbul etmədiklərini bildirib.

Fransa prokurorluğu Suriya lideri ilə bağlı araşdırma başlatdı

Son vaxtlar Qərb liderləri arasında Bəşər Əsədlə bağlı ən kəskin və prinsipial mövqe Fransa hökuməti tərəfindən sərgilənir.ÿFransa prezidenti Fransua Olland BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında da Əsədi sərt tənqid edərək onu cəllad adlandırmışdı. Dünən isə məlum olub ki, Fransa Əsədin hərbi cinayətlərini araşdırmağa qərar verib. Artıq Paris Prokurorluğu Suriyadakı vətəndaş müharibəsindən çəkilmiş fotolar əsasında araşdırma başladıb. Araşdırma 2011-2013-cü illəri əhatə edəcək. Prokurorluqdan bildiriblər ki, fotoları onlara Suriya Silahlı Qüvvələrinin Sezar psevdonimi ilə tanınan keçmiş hərbi fotoreportyoru təqdim edib. Sezar Suriyadan 2013-cü ildə qaçıb və həmin vaxt özü ilə 55 min foto götürüb. Fotolarda Suriydakı vətəndaş müharibəsinin qurbanları və qəddarlıqları açıq şəkildə əks olunub.

Gültəkin