Zorən qəhrəmanlıq olurmu?..

seadetSəadət Cahangir

Bu ölkədə qəhrəmanlara çox ehtiyac var. Sıralarımız nə qədər geniş, sayımız nə qədər artıq olsa, işin xeyrinədir. Amma gəl, sən bunu insanlara anlat. Anlat görüm, anlada bilirsənmi? Əvvəlcə anlat ki, hamı qəhrəman ola bilməz, qardaşım. Bu, irsi bir şey deyil, ancaq zorən, məcburən, saçını-başını yolmaqla, kölgəni böyütməklə, böyük danışmaqla da olmaz. Marafonda hər kəs qaçış sürətini, nəfəs gücünü, dözüm həddini və hədəflədiyi yolu hesablamalıdır, ən azından. Qaçış xəttində önə keçəni arxadan dartmaq, ona pəl vurmaq, badalaq atmaq yarış qaydalarına ziddir. Belə nalayiq hərəkətə yol verməyin ağır cəzası var-yarışdan kənarlaşmaq. Bu, məlum idman növü üçün qoyulmuş qaydadır, doğru. Lakin insanlığın ana qanunu da elə belə olmalı deyilmi?

Bir təşkilat ilin-günün bu vaxtında, repressiya qılıncının kəsib-tökən vədəsində inanılmaz dərəcədə məhdud maddi resurslar hesabına möhtəşəm bir qurultay keçirib, siyasi həyata canlanma gətirib. Niyə canınıza vəlvələ düşüb, Allah eşqinə? Nəyin dərdindəsiniz? AXCP-də qarşıdurma, münaqişə, parçalanma olsa, xoşbəxt olacaqdınız yəni? Adamlar, paxıl, qurdlu və nankor olmayın. Sizin bacarmadığınızı başqa biri bacarırsa və o bacarıq bu ölkənin xeyrinə işləyirsə, dözümlü olun! Heç olmasa, bu ölkədə durumun dəyişməsi naminə içinizdəki o hikkəni və həsədi boğun. Irəli gedənə badalaq atmaqla, yuxarı qalxanın nərdivanını çəkməklə, quyudan su çıxarmaq istəyənin ipini kəsməklə nə qazanacaqsınız? Illərdir bunu edərək nə qazanmısınız ki? Onsuz da Ilahi ədalət deyilən bir şey var və o gec-tez öz hökmünü verəcək. O Ilahi ədalət xəbis qardaşları tərəfindən ipi kəsilib quyuya atılan Yusifi qaranlıqdan çıxarıb Misirə sultan edəcək qədər adildir. O Yusifi ki, qısqanclığın, paxıllığın, namərdliyin qurbanı olub qul bazarına çıxarılmışdı, evlərə xidmətçi olmuşdu, iftiraya uğrayıb yeddi il zindanlarda sürünmüşdü. Sonda haqq öz yerini almışdı. Almaması da mümkün deyildi…

Həyat qəribədir, həqiqətən. Hər kəs öz təcrübəsinə baxır və bəzən etdiyi pisliklərin hesabı gecikdiyinə görə, heç vaxt cəzalanmayacağını sanır. Heç güman etməyin. Birinə çamur və iftira atdığınız zaman, öz etdikləriniz bir daha yaxşı-yaxşı xatırlayın. “Ədalət topaldır” bəlkə, amma gec olsa da, yürüdüyü hədəfə çatacaq, şübhəsiz. Bunun eynisi yaxşılıq edənlər, böyük işlərə çiyin verənlər, həyatını insanlıq və haqq işi uğrunda əridənlər üçün də keçərlidir. Doğrunu haqq qoruyur, səmimi, saf və təmənnasız olanın mükafatını verir, bir az zaman alsa da, verir. Buna adım kimi əminəm…

Qəhrəmanlıq irsi deyil, doğru. Amma onun mütləq mənada vergili bir şey olduğuna inanıram. Tarixdəki örnəklər də bunun açıq sübutu sayıla bilər. Sultan Fateh Mehmed Istanbulu mühasirəyə aldığı günlərdə zor duruma düşmüşdü. Bəzi komandirlər şəhərin fəthinə heç cür inanmaq istəmirdi. Açıq şəkildə “bu dövlətin əsgərinə, sərvətinə yazıq deyilmi, canım, macəranın yeridirmi indi?” deyirdilər. Gənc sultanı Bizansla vuruşmaq deyil, yanındakılarla uğraşmaq yorurdu. Beləliklə, 50 gün keçir, mühasirə orduya gözə dəyən bir irəliləyiş və uğur qazandırmır. Gənc əsgərlər də bir üzdən qırılıb gedir. Təklənən Sultan Mehmed o qədər üzülür, özünü o qədər yalnız hiss edir ki, zaman-zaman mühasirəni buraxmağı düşünür. Bu məqamda müəllimi və Istanbulun mənəvi fatehi sayılan Ağ Şəmsəddin “Aman ha, əsla vaz keçmə!” deyir. Həmin tək insanın dəstəyi belə Fatehin özünü toparlamasına yetərli olur və Istanbul qısa zamanda ağılla güc sayəsində ələ keçirilir…

Indi, mənim də demək istədiyim nədir? Inamsızlığınız, uğursuzluğunuz, dəstəyiniz və ya yardımınız o yana qalsın, barı iş görənin, fədakarlıq edənin, irəli çıxanın ayağından çəkməyin. Hər kəs əl-ayağa dolaşmadan öz seçdiyi yola getsə, daha doğru olmazmı?