yap-bina-emblem

YAP alternativsiz seçki keçirir

yap-bina-emblemMSK-dan namizədlərin qeydə alınması ilə bağlı biabırçı açıqlama

Noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədliyi irəli sürülənlərin sayı 1753 nəfərə çatıb.

APA-nın məlumatına görə, bunu dünən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. Indiyə qədər 425 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 165 nəfərin namizədliyi 14 siyasi partiya tərəfindən, 2 nəfərin namizədliyi “Azadlıq-2015″ siyasi partiyalar bloku tərəfindən irəli sürülüb, 258 nəfərin namizədliyi fərdi qaydada, qalanların namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

MSK-nın bu açıqlaması bu ilki parlament seçkilərinin hansı səviyyədə keçəcəyinin göstəricisidir. Məlumat üçün deyək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 117 dairədən namizəd irəli sürüb. YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, partiyanın bütün namizədləri qeydə alınıb. MSK-nın məlumatında bildirilir ki, namizədliyi qeydə alınanların 165 nəfəri namizədliyi 14 siyasi partiya tərəfindən irəli sürülüb. Nəzərə alsaq ki, bunlardan 117 nəfəri YAP-ın payına düşür, yerdə qalanları isə hökumətyönül partiyaların o zaman bəlli olur ki, hakimiyyət faktiki olaraq alternativsiz seçki keçirir. Biz hələ YAP-ın qərarına tabe olmayaraq namizədliyini müstəqil şəkildə irəli sürən hakim partiyanın üzvlərini bura əlavə etmirik. Lent.az-ın məlumatına görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP-ın üzvü olan “Azərsutəchizat tikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Mirzəcan Xəlilovun, 59 saylı Salyan seçki dairəsindən “Çörək” Açıq Səhmdar Cəmiyyətinin direktoru, hakim partiyanın üzvü Yusif Ələkbərovun, 62 saylı Saatlı seçki dairəsindən YAP-çı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Minayə Əliyevanın, 81 saylı Beylaqan seçki dairəsindən işsiz, YAP-ın üzvü Rəşad Əliyevin, 87 saylı Ağsu-Ismayıllı seçki dairəsindən YAP üzvləri-“Real Press” qəzetinin baş redaktoru Raqif Əsgərovun, Ağsu “Su tikinti” ASC-nin hüquqşunası Vidadi Məmmədovun, fiziki şəxs Vüqar Nuriyevin, 109 saylı Balakən seçki dairəsindən təqaüddə olan YAP-çı Məmməd Xanayevin və 112 saylı Qax seçki dairəsindən rayonun təhsil şöbəsinin məsləhətçisi YAP üzvü Hacıxan Isgəndərovun namizədliyi qeydə alınıb.

Qeyd edək ki, hakim partiyanın rəhbərliyi müstəqil şəkildə namizədliyini irəli sürən YAP-çılara xəbərdarlıq etmişdi. Lakin göründüyü kimi buna məhəl qoyan yoxdur və bu prosesin davam edəcəyi şübhəsizdir.