Prokurorluq 70 yaşlı qadının başına açılan oyunlara niyə göz yumur?

aliye-temrazovaAliyə Təmrazova: «Kəmaləddin Heydərovla görüşüb ona dedim ki, bu məsələdə sizin adınız hallanır»

Paytaxt sakini, 70 yaşlı Aliyə Təmrazovanın beş ildir ki, döymədiyi qapı qalmayıb. Fövqəladə hallar naziri naziri Kəmaləddin Heydərov, Daxili işlər naziri Ramil Usubov, Səhiyyə naziri Oqtay Şirəliyev, Baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov, Bakı şəhər prokuroru Əziz Seyidov da daxil olmaqla, onlarla yüksək vəzifəli dövlət məmuru ilə dəfələrlə görüşən Aliyə xanımın dərdinə əlac eləyən tapılmır ki, tapılmır.

Aliyə Təmrazova barədə “Azadlıq”da bir neçə dəfə material yayımlanıb. Bir daha xatırladaq ki, tam sağlam olduğu həkim-ekspert komissiyasının rəyilə təsdiqlənən Aliyə xanımı 4 yaşından təkbaşına böyüdüb oxutdurduğu, hazırda isə Dövlət Gömrük Komitəsinin istintaq idarəsində müstəntiq işləyən yeganə övladı Həsən Sultanzadənin ərizəsilə Maştağadakı 1 saylı ruhi əsəb dispanserinə salınıb. Təmrazova ruhi xəstəxanada saxlanıldığı üç gün ərzində evindəki pulu, qızıl-zinət əşyaları, mənzilin sənədləri oğurlanıb. Bu hadisədən bəri beş il keçsə də, nə ahıl qadını qanunsuz olaraq ruhi xəstəxanaya saldıran və bu işə qol qoyanlar, nə də evdən oğurluq edənlər cəzalandırılır.

Aliyə xanımın sözlərinə görə, hər dəfə Zakir Qaralov, Rüstəm Usubovla görüşəndə ona deyirlər ki, bu iş nəzarətə götürülür, obyektiv araşdırılacaq, ədalətli qərar veriləcək. Amma deyilənlər elə söz olaraq qalır. Bir müddət keçəndən sonra da ona məktub göndərirlər ki, “şikayətdə göstərdiyiniz xüsusatlar təsdiqini tapmadı”.

“Məhkəmənin qərarı olmadan sağlam insanın küçədən oğurlanaraq ”dəlixanaya” salınması prokurorluq üçün cinayət sayılmır? Bu fakt üzrə CM-nin 146-cı (qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə) maddəsilə başlanmış cinayət işinə niyə xitam verildi? Oqtay Şirəliyevin məktubunda göstərilib ki, məni oğlumun ərizəsilə dispanserə salıblar. Amma Şirəliyevin müavini Elsevər Ağayevin Rüstəm Usubova məktubunda göstərilib ki, Aliyə Təmrazova yaxın qohumlar tərəfindən dispanserə yerləşdirilib. Prokurorluq bu ziddiyyəti niyə araşdırmır?”, – deyə Aliyə Təmrazova bildirib.

Ötən il sentyabrın 18-də Həsən Sultanzadə növbəti dəfə anasını psixiatriya xəstəxanasına saldırmaq üçün nə qədər qəribə görünsə də, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yazılı şəkildə müraciət edib. Nazirlikdən müstəntiqin müraciətinə cavab olaraq bildirib ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur. Aliyə xanımın sözlərinə görə, hüquq-mühafizə orqanları bu cür faktları araşdırmaq istəmir.

Təmrazova bugünlərdə dövlət başçısı Ilham Əliyevə ünvanladığı məktubda da bütün bunlar barədə yazıb: “Altı ilə keçib ki, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna gedirəm. Hər ayın 1-də getsəm də, bu müddətdə onunla görüşə bilməmişəm.

Mənim qanunsuz olaraq ruhi-əsəb dispanserinə salınmağımla bağlı başlanmış cinayət işinə xitam verilməsi barədə Səbayel Rayon Prokurorluğunun qərarı yuxarı instansiya tərəfindən yeddi dəfə ləğv olunub. Amma yenə Səbayel prokurorluğu öz bildiyini eləyib və sonuncu dəfə bu barədə 5 may 2014-cü ildə qərar qəbul edib. Zakir Qaralov, Rüstəm Usubov isə bu qanunsuz, qərəzli qərarı ləğv eləməkdən açıq-aşkar yayınır. Bu il mayın 24-də baş prokuror görüşdə suallarıma cavab verə bilmədikdə məni təhqir edib hədələmək yolunu tutdu. Rüstəm Usubovla vəkilimlə birlikdə görüşmüşdük. Bir saatdan çox çəkən görüşdə ona çoxsaylı sübutları, sənədləri təqdim elədim. O da suallarıma cavab verə bilmədi ki, bu qədər faktlar qarşısında prokurorluq istər dəlixanaya salınmağım, istərsə də evimdən oğurluqla bağlı cinayətlərin üstünü niyə açmır? Niyə cinayətkarlar cəzalandırılmır? Bu qədər faktlardan sonra mənə məktub göndərir ki, “xüsusatlar təsdiqini tapmayıb”. Bu qədər yalan, bu qədər Allahsızlıq olarmı?

Avqustun 19-da Baş Prokurorluğun Təşkilat Təşkilat-Analitik Idarəsinin rəis müavini Rauf Zeynalovla görüşdə ona bildirdim ki, bu qədər sənəd-sübutdan yenə “xüsusatların təsdiqlənmədiyini” yazmısız. Cavabında dedi ki, məktubu bu məzmunda yazmaq rəhbərliyin göstərişidir”.

Aliyə Təmrazovanın sözlərinə görə, oğlu Həsən Sultanzadənin ona qarşı bu mübarizədə bir sıra yüksək vəzifəli şəxslərə güvəndiyi və bu səbəbdən də heç kimin onu cəzalandırmağa cürət etmədiyi ona açıq şəkildə deyilib: “Kəmaləddin Heydərovla görüşdüm və ona da dedim ki, bu məsələdə sizin adınız hallanır. Məktubu göstərib soruşdum ki, Həsən Sultanzadə məni üçüncü dəfə dəlixanaya saldırmaq üçün sizə niyə müraciət edib? Məgər Fövqəladə Hallar Nazirliyi vətəndaşları dəlixanaya saldırmaqla məşğuldur? O susurdu. Səbayel rayonunun keçmiş prokuroru Şirxan Adıgözəlovun məhz Kəmaləddin Heydərovun yaxın adamı olduğu bildirilir. ona görə nazirlə görüşdə Şirxan Adıgözəlovun da mənə qarşı elədiyi qanunsuzluqlardan danışdım. Dedim ki, mən ilk gündən ondan pullarımın və qızıllarımın geri qaytarılmasını istəyirəm, kimsəyə pislik eləmək fikrim yoxdur, ərizəmi də geri götürərəm. Amma Şirxan bunu eləmədi. Əksinə, cinayətin baş verməsindən dörd il keçəndən sonra 20 fevral 2014-cü ildə nə mənim, nə də vəkilimin xəbəri olmadan əldə olunmuş məhkəmə qərarı ilə küçədən məni yenidən oğurlayıb, 1 saylı psixiatriya xəstəxanasına apardılar. Yenə də tam sağlam olduğum təsdiqləndi. Kəmaləddin Heydərova bu barədə danışanda dedi ki, ”pul problem deyil, qızılları neynirsiz?” Dedim ki, onlar mənim dolanışıq, yaşayış üçün son güman yerim idi. Anam az qala, iki ildir dünyasını dəyişib, hələ də ona başdaşı düzəltdirə bilməmişəm. Həm də onlar mənə valideynlərimdən qalıb. Kəmaləddin Heydərov məni dinləyəndən sonra məsələni araşdırıb həll etməyi müavini Rəfael Mirzəyevə tapşırdı. Bir neçə gündən Mirzəyevlə telefonla əlaqə saxladım, mənə bildirdi ki, “Aliyə xanım, alınmır”. Mən başa düşə bilmirəm ki, Gömrük Idarəsinin müstəntiqinin əlində bütün hüquq-mühafizə orqanlarının aciz qalmasının səbəbi nədir? Öz doğma anasına qarşı bu cür davranan müstəntiq icraatında olan cinayət işlərinə necə obyektiv, ədalətli baxa bilər?”