Obamanın çıxışı avtoritar rejimlərə nə vəd edir?

fuad-qehremanli-enyeni«Obamanın çağırış tipli çıxışından Azərbaycana da pay düşür»

Fuad Qəhrəmanlı: «Avtoritar rejimlər müasir dünyanın tələblərinə uyğun gəlmədikləri üçün zamana uduzublar»

ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasındakı çıxışı, avtoritar liderlərə ünvanladığı sərt mesajlar Vaşinqtonun yaxın zamanlar üçün hansı xarici siyasət kursuna sadiq olacağını bir daha təsdiqlədi. Obama deyib ki, demokratiyanın müxtəlif ölkələrdə, xalqların təkrarsız mədəniyyətlərinə, tarix və təcrübələrinə uyğun olaraq müxtəlif formalar ala biləcəyini başa düşür, lakin mütləq olan bir neçə ümumi həqiqətlər vardır.

“Heç bir qadın cəzasız olaraq təcavüzə məruz qalmamalıdır və yaxud heç bir qıza məktəbə getmək qadağan edilə bilməz. Hakimiyyətləri qondarma qanunlardan qorxmadan dinc şəkildə tənqid etmək hüququ yalnız hansısa bir ölkənin, bir mədəniyyətin işi deyil. Bunlar insan tərəqqisinin təməlləridir. Mən bilirəm ki, dünyanın bir çox yerlərində müxtəlif baxışlar və belə bir inam var ki, güclü liderlik fərqli düşüncəyə barışmaz olmalıdır. Mən bunu təkcə Amerikanın rəqiblərindən deyil, şəxsi söhbətlərdə bizim bəzi dostlarımızdan da eşidirəm. Mən bununla razılaşmıram. Mən inanıram ki, dinc fərqli düşüncənin əzilməsi gücü yox, zəifliyi və qorxunu göstərir. Tarix göstərir ki, öz xalqlarından qorxan rejimlər əvvəl-axır çökürlər”, deyə Obama vurğulayıb.

Obama vurğulayıb ki, demokratiya təkcə prinsip, mücərrəd bir anlayış deyil. Demokratiya ölkələri güclü edir.

“Müxalifətin seçki vasitəsilə, dinc yolla hakimiyyətə gəlmək imkanı olanda, ölkə yeni ideyalar qazanır. Media azad informasiya verə biləndə, korrupsiya və qanunsuzluqlar faş edilir və onların kökünü kəsmək mümkün olur”- deyib ABŞ prezidenti.

Obamanın daha bir unikal fikri vətəndaş cəmiyyəti ilə bağlı olub. O vurğulayıb ki, vətəndaş cəmiyyətləri inkişaf edəndə hökumətin təklikdə həll edə bilmədiyi problemlər həll oluna bilər.

Barak Obama qeyd edib ki, bugünün avtoritarı sabahın inqilabına qığılcımdır: “Sən öz opponentlərini məhbus edə bilərsən, amma ideyaları məhbus etmək olmaz. Sən informasiyaya girişi nəzarətə ala bilərsən, amma yalanı həqiqətə çevirə bilməzsən”.

Obamanın sözlərinə görə, korrupsiyanı faş edən və insanların gözləntilərini yüksəldən Amerikanın dəstəklədiyi QHT-lərin qəsdi deyil, bu, texnologiyaların, sosial medianın inkişafı və adamların öz həyatlarını qurmaq üçün sonsuz seçim arzusudur.

Obamanın çıxışındakı məqamlar bir daha Amerikanın demokratik dəyərləri hər şeydən üstün tutduğunu deməyə əsas verir. Bəs Obamanın son çıxışı avtoritar rejimlərə nə vəd edir? ABŞ-Azərbaycan münasibətləri perspektivdə necə ola bilər?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, əslində bu cür çıxışlar qlobal tendensiyaları müəyyənləşdirir. Obamanın bu çıxışının dünyanın gələcək trendini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıdığını deyən F.Qəhrəmanlı bildirdi ki, Obamanın çıxışında demokratik dəyərləri müasir dövrün tələbi kimi təqdim etməsi, avtoritar rejimləri vaxtı keçmiş idarə üsulu kimi yamanlaması yetərincə əhəmiyyətli məqamdır: “Bu onu göstərir ki, əgər əvvəllər dünyada sivilizasiyalararası qarşıdurmalar dinlərarası, mədəniyyətlərarası ziddiyyətlər şəkilində ifadə olunurdusa, artıq bu müstəvi dəyişməkdədir. Indi sivilizasiyaları daha çox xalqların sahib olduqları siyasi rejimlər təmsil edir. Müasir dünyada qlobal miqyaslı  ayrılma xətti siyasi rejimlər arasındakı fərqlərdə ifadə olunur. Ona görə də hazırda demokratik rejimlərlə avtoritar rejimlər arasındakı münasibətlərdə açıq-aşakar ziddiyətlər, etimadssızlıqlar mövcuddur. Əvvələr praqmatik maraqlar naminə fərqli siyasi rejimlər arasında konsensus mövcud idisə, artıq müasir dünya elə bir mərhələyə gəlib çıxıb ki, siyasi rejimlər arasındakı fərqlərdən doğan ziddiyətlər   beynəlxalq münasibətlərdə daha qabarıq nəzərə çarpır.   Avtoritar rejimlər geriliyi təmsil edən qurluşlar kimi artıq qəbul olunmur. Bu baxımdan Obamanın çıxışı, bu geriliyi təmsil edənlərə müasir dünyanın bir çağırışı idi. Yəni xalqlar necə yaşamaq istədiklərini öz azad iradələri ilə  müəyyənləşdirmək istəyərlərsə, ədalətli idarəçiliyi, azad yaşamağı seçərlərsə, o zaman müasir dünya onların bu istəyini qəbul edəcək və dəstəkləyəcək”.

F.Qəhrəmanlının sözlərinə görə, Obamanın çıxışında bir daha vurğulanır ki, avtoritar rejimlərin rəqiblərini zorakı yol ilə susdurmalarına baxmayaraq, onlar məhz azadlıq ideyalarının qarşısında gücsüzdürlər. Eyni zamanda avtoritar rejimlərin rəqiblərini zorakı yol ilə sıradan çıxarmağa çalışması, müasir beynalxalq sistemə inteqrasiyadan yayınmaları son nəticədə həmin rejimlərin əbədiliyini təmin etməyəcək: “Avtoritar rejimlər məğlubiyyətə məhkumdur. Onlar müasir dünyanın tələblərinə uyğun gəlmədikləri üçün zamana uduzublar. Obamanın çağırış tipli çıxışından Azərbaycana da düşən pay var. Çünki, Azərbaycanda da xalq avtoritar rejimin nəzarətində yaşayır. Obamanın dediyi ”avtoritar rejimlərdə hakimiyyəti bir əldə saxlamaq üçün konstitusiyanı dəyişməsi” halı Azərbaycana da xasdır. Ölkəmiz siyasi fəaliyyətinə görə həbs olunanların sayına görə postsovet məkanında liderlik edir. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı qəddar repressiyalar var. Ölkədə klassik avtoritar rejim formalaşıb. Bütün bunlar həm də ona görə baş verir ki, Azərbaycan hökuməti beynəlxalq çağırışlara cavab vermir,  getdikcə daha da aqressivləşir”.

Azərbaycan hakimiyyətinin Qərbdən gələn budəfəki çağırışa da fərqli münasibət bəsləyəcəyinin gözlənilmədiyini deyən F.Qəhrəmanlının fikrincə, hər halda hakimiyyət özü üçün ən azı düşünməlidir ki, hazırkı idarə üsulu onun nəinki bundan sonra uzun müddət yaşamsını təmin etmir, əksinə, bu siyasətin davamı beynəlxalq birliklə hakimiyyət arasında olan qarşıdurmanı daha da dərinləşdirərək, iqtidarın sonunu sürətləndirir: “Münasibətlərin gərginləşməsi əslində hakimiyyətin özünün sonunu yaxınlaşdıran faktora çevrilir. Bu yarıtmaz idarə üsulunun xalqın istək və maraqlarını nəzərə almayan siyasəti, yeni ideyaları boğması ölkə daxilində narazılığı artıran faktordur. Əslində Obamanın çıxışında bu məsələlərə vurğu salınması həm xalqlara, həm də avtoritar rejimlərin özlərinə mesajdır ki, avtoritar zehniyyətlə tərəqqiyə nail olmaq, uzunmüdətli daxili sabitlik və qlobal çağırışlara cavab vermək mümkün deyil. Avtoritarizmin davam etməsi siyasi, iqtisadi tənəzzül deməkdir, demokratiya isə inkişaf edən dünyaya inteqrasiya,  istəkləri gerçəkləşdirmək fürsəti, hər bir fərdin və toplumun daha yaxşı yaşamaq imkanı əldə etməsinin tək yoludur. Bu yolla getmək üçün mədəniyyətlər və coğrafiyalar arsındakı fərqlər heç vaxt maneə hesab oluna bilməz. Çünki demokratiya universal bir dəyər kimi, bütün xalqlar üçün ümumi olan həqiqətlərə əsaslanır”.

Xəyal