Növbəti seçkilərdə görüşənə qədər,  Qarabağ…

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Azərbaycanda seçkilər ərəfəsində cəbhə xəttində gərginliyin yaranması ənənə halını alsa da, hələ də cəmiyyət bunun kimə və nəyə xidmət etməsini  müxtəlif cür yozmağın məhkumluğunu yaşayır. Əksər hallarda bunu belə izah edirlər ki,  ermənilər  ölkədəki seçkiqabağı stabilliyi pozmaq istəyirlər. Razılaşın ki, təhlükəli mövzudur, “yanlış” yozumlar sonda sahibi üçün yaxşı qurtarmaya bilər. Odur ki, bu arzuedilməz sahə kifayət qədər qaranlıq qalır. Özünü müstəqil hesab edən politoloqlar, hərbi ekspertlərin əksəriyyəti bu haqda ənənəvi olaraq ya susur, ya da rejimi o qədər də qəzəbləndirməyəcək şərhləri ilə vəziyyəti “yola verməyə”  çalışırlar. Onların “işini” yüngülləşdirən amil isə bu ərəfələrdə ordumuzun itkisinin düşmənə nisbətən daha az olması olur. Odur ki, ən obyektiv, tərəfsiz hesab etdiyimiz ekspert “Ordumuz döyüşə tam hazırdır” açıqlamasını verərək, loru dildə desək, canını birtəhər qurtarmağı bacarır.

Yanlış anlaşılmasın, mən səmimi qəlbdən inanıram ki, bir gun bölgədə elə bir əlverişli hərbi-siyasi vəziyyət yaranacaq ki, Milli Ordumuz mənfur düşmənlərimizi torpaqlarımızdan çıxaracaq. Hələlik isə müəmmalı bir atəşkəs pozulması baş verir. Bu təxribatın hər seçkilər öncəsi baş verməsi isə ondan da müəmmalıdır. Keçən prezident seçkilərində Ermənistan prezidentinin açıq şəkildə indiki hakimiyyəti müdafiə etməsini də nəzərə alsaq,  maraqlı mənzərə ilə baş-başa qalırıq – “Atəşkəsin pozulması kimə sərf edir?”…

Bu ərəfədə mətbuatda  “Kreml 5(!) rayonu geri verməyə hazırlaşır” tipli saysız-hesabsız analtik və qaynağı bəlli olmayan yazıların getməsini necə, təsadüfi saymaq olarmı? Eyni mövzuda təkcə son bir ayda onlarla yazı gedib.

Işin ən tragikomik tərəfi ondadır ki, Serj Sərkisyanın  Qarabağın (fikir verin, ətraf rayonların yox – X.Ə.) Ermənistanın ayrılmaz bir hissəsi olduğunu bəyan etdiyi bir vaxtda bəzi yerli mətbu orqanları üstündə iki rayonu da (!) onlara əta etməkdən çəkinmir.

Nəzərinizə çatdırım ki, bu mətbu orqanlarının  əksəriyyətini bu və ya digər şəkildə  hakimiyyət maliyyələşdirir, birinə isə (ad çəkmirəm, onsuz da hər kəsə məlumdur – X.Ə.) yaşıl işıq yandırır ki, bunun da Azərbaycan reallığında nə demək olduğunu yaxşı bilirsiniz.

Xatırlayırsınızsa, təxminən bir ay əvvəl həqiqi hərbi xidmət keçmiş əsgər və zabitlərə çağırış vərəqələri gəldi. Onların bir çoxlarını qısa təlim üçün hərbi hissələrə göndərdilər.

Bütün bunlar iki mülahizə yürütməyimizə əsas verir – birincisi,  vəziyyət doğrudan da gərgindir və müharibə qapıdadır. Ikincisi isə, bütün bunların seçkiqabağı insanlarda xof yaratmaq üçün edilməsidir.

Yəni “müharibə doqqazdadır, siz isə demokratik, şəffaf seçki tələb edirsiniz? Görmürsünüz  ki, cəbhədə qanlı toqquşmalar gedir?. Bir sözlə,  ”erməni dəyirmanı”nın su ilə təchizat məsələsi…

Mən bu versiyaların hansının daha real olması haqda fikir yürütməyi, bu haqda düşünməyi hələlik hörmətli oxucuların ixtiyarına buraxıram.

Qarabağ məsələsi artıq elə bir məsələyə çevrilib ki, burada istənilən politoloqun, konfliktoloqun, hərbi ekspertin açıqlaması sadə vətəndaşın fikirlərindən heç də uzağa getmir. Nə qədər bəlağətli cümlələr, sitatlar, tarixi oxşarlıqlar, çıxış yolları  ortaya qoyulsa da, həqiqət birdir – erməniləri Qarabağda tutan ( bəlkə də zorla – X.Ə.) Rusiyadır.

Lakin bu iqtidara ölkədə qeyri-demoratik mühitin yaradılmasına və bu məsələdən sui-istifadəyə əsas vermir.

O ki qaldı seçkiyə, hakimiyyət YAP partiyasının qələbəsini təmin edərək, onları  yenidən Milli Məclisə oturdacaq. Gülər Əhmədova demişkən, YAP siyahısı-filan boş şeydir…

G.Əhmədova inanmamaq mümkün deyil. Mən  növbəti yazının proloqu, oxuduğunuzun isə epiloqu kimi, 20 ilə yaxın dövrdə YAP-ın düşünən beyni adlandırılan Mübariz Qurbanlıdan bir sitatı olduğu kimi vermək  istəyirəm, nəticəni özünüz çıxarın: “Maraqlıdır, peyğəmbərlərdən hansısa bu gün sağ olsaydı, dünyanın hansı ölkəsində yaşamaq istərdi?! Mən belə düşünürəm ki, Azərbaycanda yaşamaq istəyərdilər?.

Iddia etsəm ki,  bu, M.Qurbanlının səmimi fikridir, o buna inanır..,  yəqin ki, çoxunuz etiraz edəcəksiniz. Nə qədər ağır olsa da gələn yazımda bunu əsaslandırmağa çalışacam…