Dövlət başçısı BMT-nin sessiyasına qatılmaqdan yayındığı kimi, Türkiyədə keçiriləcək «G-20»də də iştirak etməyə bilər
Xəbər verdiyimiz kimi Türkiyə Azərbaycanı bir müddət sonra Antalyada keçiriləcək “G-20″ sammitində iştiraka dəvət edib. Türkiyə Baş nazirinin müavini Əli Babacanın sözlərinə görə, Azərbaycanın ”G-20″ sammitində iştirakı Türkiyə üçün xüsusi önəm kəsb edir.
Amma BMT-nin son sessiyasında iştirakdan yayınan I.Əliyevin bu tədbirə qatılmaması ehtimalı da var. Ekspertlər bunun səbəbini I.Əliyevin qərb liderləri ilə təmasdan yayınmaq cəhdi ilə əlaqələndirirlər. Çünki I.Əliyev bu tip nüfuzlu tədbirlərdə münasibətləri kifayət qədər gərgin olan Qərb ölkələrinin liderləri ilə görüşməli olacaq. Bu isə Azərbaycandan əlavə olaraq demokratik islahatların tələb olunması deməkdir. Ekspertlərə görə, I.Əliyev seçki öncəsi məhz bu üzdən BMT-nin sessiyasına qatılmayıb.
Amma qarşıda I.Əliyevi daha bir nüfuzlu tədbir gözləyir. “G-20″ sammitinə Azərbaycan ev sahibi Türkiyənin dəvəti ilə qatılmalıdır. Bu sammitə isə dövlət başçısının yerinə Elmar Məmmədyarovun qatılması hörmətsizlik kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, “G-20″ sammitinin iştirakçıları aşağıdakı dövlətlərdir: Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, Indoneziya, Italiya, Kanada Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Ittifaqı.
Lakin bu sammitə I.Əliyevin qatılması da Qərb liderləri ilə görüşlər vəd edir. Ekspertlərə görə, I.Əliyev bu tip görüşlərdə iştirakda maraqlı deyil. Bunu onun BMT-nin Baş Assambleyasına qatılmaması da göstərdi. Çünki bu tip görüşlər ikitərəfli görüşlərin keçirilməsini vəd edir. Və bu görüşlərdə gündəmdə olan məsələlər, insan haqlarının vəziyyəti, demokratik prinsiplərə hansı səviyyədə hörmət edildiyi müzakirə olunur. I.Əliyevin bu tip tədbirlərə də qatılmamasının səbəbi onunla bağlıdır ki, Azərbaycan hakimiyyətinin apardığı siyasət elə nəticələr doğurub ki, dövlət başçısını belə tədbirlərdə artıq yüksək səviyyəli görüşlər gözləmir. Çünki Qərb-Azərbaycan münasibətləri hazırda olduqca gərgindir. Bu isə Azərbaycan cəmiyyətinə bir mesaj olacaq ki, I.Əliyev artıq beynəlxalq səviyyədə qəbul olunmur. O, beynəlxalq təcridlə üz-üzədir. Bu baxımdan I.Əliyevin “G-20″ sammitinə qatılmaması realdır. Amma ev sahibi Türkiyə olduğundan Azərbaycan hakimiyyəti ona cəhd edə bilər ki, rəsmi Ankara I.Əliyev üçün müəyyən protokol görüşləri təşkil edə bilsin.
Hikmət