“Hökumətin aqrar siyasəti iflasa uğrayıb”

vahid-meherremov1Vahid Məhərrəmov: «Azərbaycanın ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatı idxaldan asılı vəziyyətdə qalıb»

Dövlət Gömrük Komitəsi bu ilin 8 ayının rəqəmlərini açıqlayaraq keçən ilin müvafiq dövrünə nisbətən ticarət əməliyyatlarının 32.83 faiz azaldığını bildirib. Bu azalma ixracın hesabına olub. Idxal 5.09 faiz artsa da, ixrac 46.69 faiz azalıb. Ixracda azalmalar əsasən, xam neft (51.29), neft məhsulları (38.38 faiz), təbii qaz (29.17), meyvə-tərəvəz (2.69), çay  (43.9), bitki və heyvan mənşəli piylər-yağlar (29.1) və şəkərdədir (2.57).

Ixracda əsas mallardan kimya sənayesi məhsulları 53.76 faiz, alüminium və ondan hazırlanan məmulatlar 9.23 faiz artıb.

Idxalda isə əsasən, meyvə-tərəvəz (146.4), buğda (34.170),ÿəczaçılıq məhsulları (16.37), oduncaq və ondan hazırlanan məmulatlar (90.07), qara metallar, onlardan hazırlanan məmulatlarda (65.14) artım olub.

Xatırladaq ki, hökumət təmsilçiləri bu ilin fevralında baş verən devalvasiya qərarını əsaslandırarkən bu addımın ixrac yönümlü iqtisadiyyatın qurulması məqsədilə atıldığını bəyan etmişdi.

2015-ci il də kənd təsərrüfatı ili kimi təqdim edilir. Belə olan halda, ölkəyə idxalın artması, ixracın isə əksinə, azalması nədən xəbər verir?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ölkənin meyvə-tərəvəz ixracı 3 faizədək azalıb, idxal  isə keçən ilin 8 ayı ilə müqayisədə 2,4 dəfə artıb. Ekspert problemin əsasən istehsalla bağlı olduğu qənaətindədir. Yəni məhsul istehsal edilsəydi, onun bir hissəsi ixrac olunardı, bir hissəsi də daxili bazarda istehlak tələbatını ödəyərdi.  Belə olan halda, bu həddə meyvə-tərəvəz, buğda və digər dənli bitkilərin idxalına ehtiyac yaranmazdı.

Vahid Məhərrəmov hökumətin təqdim etdiyi statistik rəqəmlərin reallığı əks etdirmədiyini və şişirdildiyini deyir: “Reallıqda bu sahədə vəziyyət olduqca pisdir. Istehsal kəskin azalıb. Həmçinin ölkənin alıcılıq qabiliyyəti də azalıb. Nəticə isə belədir ki, hökumətin apardığı aqrar siyasət fiaskoya uğrayıb”.

Ekspertin sözlərinə görə, xarici ticarətin gömrük statistikası göstərir ki, 2015-ci ilin 8 ayı ərzində yeyinti məhsulları idxalı 3,08 faiz artaraq ümumi idxalın 11,13 faizini təşkil edib.ÿTəqdim olunan statistikaya görə, 2015-ci ilin 8 ayında keçən ilin müvafiq dövrünə nisbətən yeyinti məhsulları ixracı ciddi şəkildə azalıb. Yəni meyvə-tərəvəz ixracı 2,69 faiz, şəkər 2,57 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 29 faiz, çay ixracı isə 43,9 faiz azalıb:

“Artıq uzun illərdir ki, davamlı olaraq bir sıra ərzaq, kənd təsərrüfatı məhsullarının idxalı artmaqda davam edir. Əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı yenə də nəzərəçarpacaq dərəcədə artıb. Qeyd etməliyəm ki, keçən ilin 8 ayı ərzində ölkəyə 33,2 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, bu il göstərici 6,89 faiz artaraq 35,5 milyon dollar təşkil edib.

Onu da xatırladım ki, 2010- cu ilin 8 ayı ərzində ölkəyə cəmi 1,7 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, son 5 il ərzində bu göstərici 20 dəfədən çox artıb. Son günlər hökumət məmurları rekord səviyyədə taxıl istehsal olunduğunu qeyd edir. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikada bu ilin 8 ayı ərzində ölkəyə 216,2 milyon dollar dəyərində buğda idxal olunduğu və bu göstəricinin keçən ilin eyni dövrü ilə müqayisədə 34,17 faiz faiz çox olduğu göstərilir. Keçən ilin analoji dövründə ölkəyə 183,2 milyon dollar dəyərində dənli bitki məhsulları idxal olunduğu halda, 2015-ci ilin 8 ayı ərzində bu göstərici 67 milyon dollardan çox artaraq, 250,7 milyon dollar təşkil edib.

Bu ilin 8 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 2,69 faiz azaldığı halda, eyni qrupa aid olan məhsulların idxal dəyəri 146 faizdən çox artıb. Keçən ilin yanvar-avqust ayları ərzində 16,6 milyon dollar dəyərində ölkəyə meyvə-tərəvəz idxal olunduğu halda bu ilin 8 ayı ərzində bu göstərici 2,4 dəfə artaraq 40,9 milyon dollar təşkil etmişdi.

Ümumiyyətlə, idxalla bağlı statistik rəqəmləri nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, Azərbaycanın ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatı idxaldan asılı vəziyyətdə qalıb. Idxalda dövlət məmurlarının maraqlarına uyğun olaraq, bu asılılıq get-gedə artmaqda davam edir. Daxili bazarda özünə yer tapa bilməyən yerli məhsul isə bazarlardan sıxışdırılaraq çıxarılır. Elə bu  səbəbdən də kənd təsərrüfatı məhsulları istehsalı ilbəil azalır”.

Nigar