Hədəfə gələn məmurlar və hakimiyyətə yaxın iş adamları üzləşdikləri vəziyyətlə barışmaq istəmirlər
Hakimiyyət daxilində narazılar ordusu formalaşmaqdadır. Iqtidar daxilindən “Azadlıq”a sızan məlumata görə, narazılar Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda hədəfə gələnlər və son dövrlərdə sıxışdırılan məmurlardır. Bu sırada Beynəlxalq Bankın sabiq rəhbəri Cahagir Hacıyevin, iş adamı Hacı Ibrahim Nehrəmlinin, nəqliyyat naziri Ziya Məmmədovun, “Azərenerji” sədri Etibar Pirverdiyevin və başqalarının adlarını çəkmək olar.
“Kredit qalmaqalı”nda Cahangir Hacıyev və yaxın ətrafı hədəfə alınıb. Bundan başqa onunla qohumluq əlaqələri olan məmurlar da sıxışdırılır. Qeyd edək ki, Cahangir Hacıyev milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır. Iddia olunur ki, “kredit qalmaqalı”ndan sonra rəqibləri Eldar Mahmudova da qarşı hücuma keçiblər.
Hacı Ibrahim Nehrəmli də “kredit qalmaqalı”da adı hallanan əsas şəxslərdən biridir. O, diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun qardaşıdır. Nazim Ibrahimov uzun illər hakimiyyətdəki Naxçıvan qruplaşmasında əsas fiqurlardan biri olub. Bu gün isə o, küncə sıxışdırılmış vəziyyətdədir və təbii ki, baş verənləri həzm edə bilmir.
Ziya Məmmədova gəlincə, o, son vaxtlar demək olar ki, bütün səlahiyyətlərini itirib. “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, Ziya Məmmədovun nəzarətində olan “Transqeyt” şirkətinin marşrut avtobusları xəttə buraxılmır, taksilərə lisenziya verilməsi ASAN Xidmətə tapşırılıb və s. Bəzi məlumatlara görə, bütün bunlar Ziya Məmmədovun “vurulmasının” tərkib hissəsidir. Hətta nazirin baş verənlərə görə oğlunu ölkədən çıxardığı barədə iddialar var.
Etibar Pirverdiyev də Ziya Məmmədov kimi səlahiyyətsiz məmurdur. “Azərişıq” yaranandan sonra “Azərenerji” lazımsız quruma çevrilib. Məlumatlara görə, parlament seçkilərindən sonra bu qurum ləğv edilə bilər.
Hakimiyyətdəki qaynağımız bildirir ki, adıçəkilən şəxslər uzun illər iqtidara xidmət etdiklərinə görə üzləşdikləri vəziyyətlə barışmaq istəmirlər. Onlar bəzən narazılıqlarını açıq şəkildə ifadə edirlər. Mənbənin iddiasına görə, prosesin belə davam edəcəyi təqdirdə hakimiyyət daxilində ciddi təlatümlər yaşana bilər.


