BMT-nin sessiyasında «Suriya böhranı» – Obama və Putin anlaşa bilmədi

obama-putin-bmt2BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən yubiley sessiyası çərçivəsində prezidentlərin çıxışı davam edir. Dünən Fransa prezidenti Fransua Olland çıxış edərək əsasən Suriya münaqişəsinin üzərində dayanıb. Olland bildirib ki, Suriyadakı böhranın səbəbkarı Bəşər Əsəddir. Və böhranın həlli üçün çalışanlar arasında ona yer olmayacaq.

Bir gün əvvəl eyni tribunadan çıxış edən Rusiya prezidenti Vladimir Putin beynəlxalq aləmdən Suriya lideri Bəşər Əsədə dəstək istəmişdi. Putin Qərb dövlətlərini Suriya lideri Bəşər Əsədi, həmçinin Iraq və Liviyadakı iqtidarları dəstəkləməyə çağırmışdı. Onun fikrincə,ÿƏsəd və Suriya ordusu ilə əməkdaşlıqdan imtina etmək yanlış qərardır. Çünki Suriyada Əsəddən başqa real olaraq heç kim IŞID-ə qarşı mübarizə aparmır.

Lakin Obamanın çıxışından məlum olmuşdu ki, ABŞ lideri Bəşər Əsədi dəstəkləmək fikrindən çox uzaqdır. Obama etiraf edir ki, Suriya münaqişəsini həll etməyə tək ABŞ-ın gücü yetmir. Ona görə də ÿBirləşmiş Ştatlar bu istiqamətdə istənilən ölkə, eləcə də Iran və Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Lakin ABŞ lideri Suriyada Əsəd reciminin qalmasına razı olmadığını da açıq şəkildə dilə gətirmişdi.

Əsəd repressiya və qətllərlə dinc nümayişlərə qarşı çıxdı. Bəli, kompromis vacibdir. Amma Suriyaya Əsəd rejimi yox, yeni lider rəhbərlik etməlidir” – deyə, Obama bildirmişdi.

Fransua Olland: “Cəlladla əməkdaşlıq edə bilmərik”

Fransa prezidentinin dünənki sərt çıxışından isə məlum oldu ki, o, Obamanın bu fikirləri ilə kifayətlənmək istəmir: “Suriyada cəlladla əməkdaşlıq edə bilmərik. Suriyadakı faciə terrorçu ittifaqın və diktaturanın acı nəticəsidir. Üç il əvvəl Suriyada ölənlərin sayı 30 min idi. Bu gün rəqəm 250 minə yüksəlib. Ölənlərin 12 mini uşaqlardır. O vaxt nümayişlər məhz diktatura rejiminə qarşı başladılmışdı. Lakin diktator öz xalqını qətlə yetirdi. 8 milyona yaxın suriyalı savaşdan və Əsəd rejimindən baş götürüb qaçdı”.

Fransanın qaçqınlara 100 milyon avro ayırdığını deyən Olland Suriya münaqişəsinin həlli üçün istənilən ölkə ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Həsən Ruhani: “Yaxın Şərqdəki gərginliyin səbəbkarı…”

Toplantıda çıxış edən Iran prezidenti Həsən Ruhani də maraqlı açıqlamaları ilə yadda qalıb. Ruhani əvvəlcə Iraq, Suriya və Yəmən problemindən danışıb. Bildirib ki, hər üç ölkədə yaşanan acıların, axan qanın, zorakılığın və terrorun səbəbkarı beynəlxalq aləmdir: “ABŞ Əfqanıstanla Iraqa hərbi müdaxilə etməsəydi, Fələstin xalqı əvəzinə sionist rejimi (Israil) dəstəkləməsəydi, bölgədə bu gün yaşanan olaylara şahid olmayacaqdıq. Yaxın Şərq və Şimali Afrika dünyanın ən qarışıq bölgələrinə çevrilib. Vəziyyət belə davam edərsə, tezlikdə bu qarışıqlıq dünyanın digər bölgələrinə də yayılacaq”.

Iranla “altılıq” ölkələri arasında imzalanan sazişə də toxunan Ruhani anlaşmanın faydalarından danışıb: “Yürütdüyümüz siyasət bölgədə, eləcə də bütün dünyada barışın yolunu açacaq. Iranın yeni xarici siyasət prioriteti qonşuları ilə qarşılıqlı hörmət çərçivəsində yaşamaqdır”.

BMT Təhlükəsizlik Şurasının sanksiyalarının haqsız və ədalətsiz olduğunu deyən Ruhani hesab edir ki, nüvə silahına sahib olan ölkələr bu öldürücü silahdan imtina etməlidilər: “Yaxın Şərq nüvə silahından təmizlənməlidir. Bu məsələdə yeganə maneə Israildir”.

Terrorun məğlubiyyətə uğradılması və demokratiyanın bərqərar olması üçün yardıma hazır olduğunu deyən Iran prezidenti Suriya və Yəmənlə də bağlı əllərindən gələni edə biləcəklərini deyib.

Sentyabrın 24-də yaşanan Həcc faciəsini də gündəmə gətirən Ruhani hesab edir ki, bu olay beynəlxalq müstəvidə araşdırılmalıdır: “Müqəddəs missiya naminə bir araya gələn müsəlmanlar pis idarəetmənin və bacarıqsızlığın qurbanı oldular. Qurbanların kimliyi belə tam müəyyənləşməyib. Cənazələrin ailələrə təqdim edilməsində də ciddi ləngimələr var. Bütün bunların günahkarı Səudiyyə hökumətidir”.

Kerri: “Moskva və Vaşinqton vahid mövqeyə gələ bilmədi”

Sessiyanın iclasından sonra ABŞ dövlət katibi Con Kerri Suriya məsələsi ilə bağlı açıqlama verib. Kerri bildirib ki, ABŞ və Rusiya prezidentləri Suriya münaqişəsi ilə bağlı müəyyən razılığa gəliblər: “Suriya məsələsi ilə bağlı ortaq yanaşma var. Bu ondan ibarətdir ki, Suriya vahid, dünyəvi dövlət olmalı, orada hakimiyyət dəyişikliyi baş verməlidir. Lakin Moskva və Vaşinqton hakimiyyət dəyişikliyinin hansı yolla baş tutması ilə bağlı vahid mövqeyə gələ bilməyib”.

Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla bu gün yenidən bir araya gələcəklərini və görüş zamanı Suriya məsələsini də müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, Putin sessiyadakı çıxışı zamanı Suriyadakı hakimiyyət dəyişikliyinin yalnız suriyalıların iradəsi ilə reallaşa biləcəyini bildirmiş və Qərb dövlətlərinin bu məsələdə söz sahibi olmadığına işarə vurmuşdu.

Gültəkin