Məmməd İbrahimə qarşı təxribat əsasında xuliqanlıq maddəsilə cinayət işi başlanıb
“Sonradan bildik ki, həmişə bizim uşaqları görən kimi yolunu dəyişən Mikayıl məni təxribata çəkmək üçün ora gəlibmiş…”
AXCP sədrinin müşaviri Məmməd İbrahim Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Bu barədə partiyanın sədr müavini Gözəl Bayramlıya Nərimanov Rayon Polis İdarəsindən telefon vasitəsilə Məmməd İbrahim özü məlumat verib.
Qeyd edək ki, Məmməd İbrahim günortadan sonra Nərimanov rayonu, 18-ci polis bölməsinə çağırılıb. O, partiya yoldaşları ilə birlikdə bölməyə gedib. Cəbhəçilər bir neçə saat onu bölmənin qarşısında gözləsələr də, xəbər çıxmayıb. Sonradan xəbər tutublar ki, Məmməd İbrahimi bölmədən Nərimanov Rayon Polis İdarəsinə aparılıb. İdarəyə gedən cəbhəçilərə isə oradan heç bir məlumat verilməyib. Hətta Məmməd İbrahim içəridə olduğu halda, ora belə bir adam gətirilmədiyi bildirilib. Yalnız gecə saat 23 radələrində Məmməd İbrahimin özünün telefon vasitəsilə məlumat verməsindən sonra məsələ aydınlaşıb.
Qeyd edək ki, cinayət işi Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanıb. O, iddia edir ki, guya, Məmməd İbrahim küçədə ona hücum edərək vurub.
Onun ərizəsi əsasında Məmməd İbrahim əvvəlcə sentyabrın 29-da 18-ci polis bölməsinə çağırılmış, təxminən iki saat saxlanıldıqdan sonra izahatı alınaraq buraxılmışdı. Amma xəbərdarlıq edilmişdi ki, yenidən çağırılacaq.
Qeyd edək ki, Məmməd İbrahim yenidən bölməyə getməmişdən əvvəl “facebook” səhifəsində ona qarşı təxribatın təfərrüatlarını yazmışdı:
“Dostlar, “inbox”uma yazıb, polisə aparılmağımın səbəbini, təfərrüatını soruşursunuz. Ona görə də qərara gəldim ki, qısaca yazım, hamıya aydın olsun.
Deməli, partiyanın Nərimanov şöbəsindən ayrılıb Razi Nurullayevin yanına gedən Mikayıl Quliyev adlı biri özünün “facebook” səhifəsində hər gün məni söyüb, nalayiq sözlərlə təhqir edirdi. Bir-iki dəfə onu tanıyanlar vasitəsilə xəbər göndərdim ki, kişi söyüş söyməz, ayıbdır. Amma yenə də bildiyindən qalmadı, söyüşləri davam etdirdi. Onların yanında olan bir nəfər mənə dedi ki, həmin söyüşləri ona yazdırırlar, əsas da onun yanında olan Şirvani Qasımov onu buna təhrik eləyir. Məqsəd də məni özümdən çıxarıb, təxribata çəkməkdir. Amma mən bir dəfə də olsun, ona cavab vermədim.
Həmişəki kimi, axşamtərəfi Nərimanov cəbhəçiləri ilə görüşdüyümüz yerə gedərkən, Mikayılı da orada gördüm. Ona “söyüş söymə, kişi söyüş söyməz” dedim. Bu isə “yaxşı eləyirəm, daha artığını edəcəm” deyə üstümə hücum çəkdi. Yanımızda olan uşaqlar araya girib, onu kənara çəkdilər. Bu zaman onun əynində olan köynək azca cırıldı. Biz ondan aralanıb, çay içməyə getdik. İki dəqiqədən sonra “facebook”da onun dostları yazdılar ki, guya mən onu döymüşəm. Beş dəqiqədən sonra isə iki maşın, təxminən 8 nəfər polis gələrək məni 18-ci polis bölməsinə apardılar. Mikayıl da orada idi, əynindəki köynək isə parça-parça idi. Təhqiqatçı ondan şikayət ərizəsi, məndən isə izahat alaraq, sonra çağırmaq şərtilə sərbəst buraxdı.
Sonradan bildik ki, həmişə bizim uşaqları görən kimi yolunu dəyişən Mikayıl, elə bu hadisəni törətmək üçün, yəni məni təxribata çəkmək üçün ora gəlibmiş. Onun söydükləri söyüşlərin surətini çıxarmışam, aparıb polisə verəcəm. Əgər mənim faktlarım və yanımızda olan şahidlərin ifadələri nəzərə alınmasa, polislərin də bu təxribatın hazırlanmasında əllərinin olduğu qənaətinə gələcəm. Hələlik bu qədər…”
Əlavə edək ki, Cinayət-Prosessual Məcəllənin tələbinə görə, uzağı 48 saat şübhəli şəxs qismində saxlanmaq olar. Bu müddətdə ya şəxs təqsirləndirilən şəxs qismində cəlb olunub ona qarşı ittiham irəli sürülməli, ya da sərbəst buraxılmalıdır.