AXCP-nin qurultayı hakimiyyəti pərt edib

axcp-qurultay2İsterikada olan Siyavuş Novruzov İlham Əliyevi hədəfə gətirdi

AXCP-nin qurultayı hakimiyyəti pərt vəziyyətə salıb. Bu qurultayla bir daha aydın oldu ki, illərdir AXCP-yə qarşı aparılan repressiyalar heç bir nəticə verməyib, partiya hələ də ayaqdadır, cəbhəçilərin mübarizə əzmi həbslərə, təhdidlərə, təzyiqlərə rəğmən daha da artıb. Hakimiyyəti də qıcıqlandıran, pərt vəziyyətə salan məhz bu amildir.

Ona görə də YAP-çılar AXCP-nin tədbirinə isterik reaksiyalar verirlər. YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun qurultayla bağlı fikirləri dediklərimizə misal ola bilər. YAP yetkilisi Trend-ə açıqlamasında qurultay barədə məzmunsuz, mənasız və yersiz fikirlər səsləndirib. Fərqinə də varmayıb ki, bu fikirlərilə ölkə başçısı Ilham Əliyevi və bütövlükdə hakimiyyəti hədəfə gətirib. Məsələn, Siyavuş Novruzov iddia edib ki, Əli Kərimlinin çıxışında Azərbaycan iqtisadiyyatının neftdən asılılığı barədə fikirləri əsassızdır. Bu halda YAP-çı deputat 2016-cı ilin dövlət büdcəsinin 2015-ci ilə nisbətdə manatla ifadə etsək 5 milyard, dollarla ifadə etsək 11 milyard azaldılmasının səbəblərini açıqlasın. Siyavuş Novruzov izah etsin görək niyə hökumət neft ucuzlaşandan sonra büdcəni bu qədər azaltdı?

Siyavuş Novruzov daha sonra Əli Kərimlini korrupsiyada ittiham edib. AXCP sədrinin Londondakı “villaları”ndan danışıb. Amma təbii ki, ortaya fakt qoymayıb. Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri barədə isə yüzlərlə fakt var. 48 milyardın ofşorlara daşınması, “mandat alveri”, məmurların saysız-hesabsız villaları, Ilham Əliyevin oğlunun Dubaydakı dəbdəbəli imarətləri haqqında nəinki yerli, hətta beynəlxalq mediada da dəfələrlə yazılıb. Bu iddialar sənədlərlə sübuta yetirilib. Hakimiyyət hələ də araşdırmaçı jurnalist Xədicə Ismayılın araşdırmalarını təkzib edə bilməyib. Elə buna görə də onu şərləyərək həbs etdirib.

Siyavuş Novruzov Əli Kərimlinin hərbi xidmətdə olmadığını da bildirib. YAP-ın icra katibinin müavini bir dəfə də bu iddianı səsləndirmişdi. O zaman Əli Kərimlinin hərbi xidmətdə olması barədə mətbuatda faktlarla materiallar dərc olundu və İlham Əliyevin hərbi xidmətdə olub-olmadığı barədə suallar ortaya çıxdı. O zaman belə məlumatlar yayılmışdı ki, Siyavuş Novruzov bu siyasi səhvinə görə bərk danlanılıb. Görünür, YAP yetkilisi isterika içində olduğuna görə bütün bunları unudub və səhvini təkrarlayıb. Hələlik bu qədər bəsdir…

Akif