Gültəkin Hacıbəyli: «AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi qərarlar ATƏT və Avropa Parlamentinin qərarlarından fərqlənməyəcək»
AŞ PA Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyi planlaşdırsa da, AŞ PA prezidentinin açıqlaması bir çox mətləblərə aydınlıq gətirir. AŞ PA prezidenti Ann Brassör açılış nitqində bütövlükdə Avropada insan haqlarının vəziyyətini dəyərləndirərkən Azərbaycandakı durumdan narahatlığını ifadə edib. Elə diqqət çəkən məqamlardan biri də budur ki, Azərbaycan məsələsinə çıxışda xüsusi ağırlıq qoyuldu.
AŞ PA prezidenti vurğulayıb ki, Avropa Şurasının dəyərlərinin ciddi müqavimətlə üzləşməsi halları ilə əlaqədar problemlər qalmaqdadır. Ann Brassör AŞ PA üzvlərinə səslənərək, onları bu dəyərlərə hörmətsizlik edənlərə yekdilliklə və layiqincə cavab verməyə çağırıb.
Bu kontekstdə o, Avropa Şurasına üzv olan bəzi ölkələrdə hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının ciddi problemlərlə üzləşməsindən təəssüfünü bildirib: “Məhdudlaşdırıcı qanunlar, ağır və yersiz inzibati prosedurlar, təzyiqlər, hədə-qorxular, repressiyalar… Hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatları çox tez-tez bu cür ağır şərtlər altında işləməyə, bəzən, hətta qeyri-leqal və gizli fəaliyyət göstərməyə məcbur olurlar. Demokratik cəmiyyətdə, Avropa Şurasına üzv dövlətlərdə bu cür hallar yolverilməzdir”.
AŞ PA prezidenti bəyan edib ki, məsələn, Vatslav Havel mükafatının keçənilki qalibi Anar Məmmədli hələ də Azərbaycanda həbsxanadadır: “Son iki ildə Azərbaycanda insan haqları sahəsində vəziyyət kəskin şəkildə pisləşib. Adamlar fəaliyyətinə görə hədəfə alınır, müxtəlif cür ittihamlara məruz qalır, uzunmüddətli həbs cəzalarına məhkum edilir və bütün bunlar açıq-aşkar qanun pozuntuları ilə müşayiət olunur. Bütün bu baş verənlər Azərbaycan hakimiyyətinin Avropa Şurasının fundamental dəyərlərinə hörmət etməyə hazırlığını şübhə altına alır.
Bu yaxınlarda Leyla və Arif Yunuslar, Xədicə Ismayıl barədə çıxarılmış məhkəmə hökmləri dərin həyəcan doğurur. Azərbaycan hökuməti insan haqlarına münasibətini dəyişib. Bu ölkədə real ədalət mühakiməsi sisteminin mövcudluğu, media, sərbəst toplaşma, birləşmə azadlıqlarına hörmətlə bağlı sistematik problemlərin həlli üçün köklü dəyişikliklər məqsədilə ciddi cəhdlər göstərməyin vaxtıdır. Azərbaycanın təxminən bir ay sonra parlament seçkiləri keçirəcəyini nəzərə alsaq, bu addımların atılması xüsusilə vacibdir”.
Ann Brassör AŞ PA-nın noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək qərarını təsdiqləyib. Bununla belə, onu da qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun uzunmüddətli və qısamüddətli müşahidəçilərinin izləmədiyi seçkinin Avropa Şurasının seçki standartlarına nə dərəcədə uyğun olduğunu müəyyənləşdirmək, seçkiyə hərtərəfli və obyektiv qiymət vermək çətin olacaq.
Əslində AŞ PA prezidentinin çıxışından verdiyimiz hissələr bir daha sübut edir ki, AŞ PA-nın da müşahidə missiyası ATƏT və Avropa Paralmentinin izləmədiyi seçkiyə müsbət rəy verməyəcək.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycan tərəfi həm AŞ PA prezidentinin, həm də Obamanın BMT-də etdiyi çıxışlardan ciddi nəticələr çıxarmalıdır. AŞ PA prezidentinin Azərbaycandakı vəziyyəti gözəl bildiyini, onun bir neçə dəfə də Azərbaycanda olduğunu xatırladan G.Hacıbəyli vurğuladı ki, AŞ PA prezidentinin Azərbaycana bir səfəri yalnız siyasi məhbus probleminin həllinə həsr olunmuşdu: “AŞ PA przeidenti birmənalı şəkildə bəyan edib ki, təşkilatın kiçik müşahidə missiyasının seçkiləri izləməsinə baxmayaraq, seçkilərə tam, dolğun qiymətləndirmə üçün ATƏT və Avropa Parlamentinin seçkiləri izləməsi vacibdir. Əgər ATƏT seçkiləri müşahidə etmirsə, seçkilərin qiymətləndirməsi bəri başdan sual doğurur. Bu artıq AŞ PA-nın seçkilərə münasibətidir. AŞ PA prezidentinin çıxışında diqqət çəkən məqamlardan biri də odur ki, o, Azərbaycan rəhbərliyinə müraciət edərək bir daha vurğuladı ki, artıq ciddi addım atmağın zamanıdır. Artıq Avropa Birliyi ilə uzunmüddətli danışıqlar, gözləmək üçün zaman qalmayıb. Artıq fəaliyyət göstərməyin zamanı çatıb. Ona görə düşünürəm ki, Azərbaycan tərəfi xanım Brassörün çıxışından ciddi nəticələr çıxarmalıdır”.
G.Hacıbəylinin sözlərinə görə, ATƏT və Avropa Parlamentindən sonra Azərbaycanın AŞ PA-da da təklənmək şansı çox böyükdür. Baxmayaraq ki, yanvardan etibarən AŞ PA-nın prezidenti Azərbaycan hakimiyyətinin dostu, Ispaniyadan olan deputat Aqramont olacaq: “Avropa Şurası dəyərlər, prinsiplər təşkilatıdır. Azərbaycanda vəziyyətin belə davam edəcəyi halda AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi qərarlar ATƏT və Avropa Parlamentinin qərarlarından fərqlənməyəcək”.
Xəyal



