elnurastanbeyli@gmail.com
Deyir, qulaq gündə bir söz eşitməsə kar olar. Budur, dünən internetdə eşələnərkən qarşıma mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəttəzə açıqlaması çıxır, bişmiş toyuq oxusa yəqin gülməkdən ölərdi.
Sitat: “Azərbaycanda turizm sənayesi antimonopol, tam sərbəst şəraitdə fəaliyyət göstərən bir sənaye istiqamətidir”.
Bir sözlə, Əbülfəs müəllim demək istəyir ki, turizmdə monopoliyalardan danışmaq yersizdir, o tam sərbəst, rəqabət şəraitində fəaliyyət göstərən sahədir.
Bəli, bəli, inanmayana lənət. Bizdə hətta seçkilər də azad keçirilir, siyasi məhbus da yoxdur, hamı öz fikrini müstəqil şəkildə deyir, yazır, sərbəst toplaşır.
Turizmdə isə ümumiyyətlə, inhisarçılıqdan danışmaq olmaz. Hotellərdə, istirahət zonalarında qiymətlərin bahalaşdıran da yadplanetlilərdir, yamyamlardır, canım sizə desin…
Camaatı bu qədər də ələ salmaq olar?! Yəni bunlar belə bəzəkli-düzəkli cümlələr quranda xalqı nə zənn edirlər, elə bilirlər hamı çörəyi qulağına yeyir, ona görə də bu cür ağ yalanları asanlıqla, heç bir sorğu-sualsız həzm edəcək? Necə yəni turizm sektorunda monopoliya yoxdur? Monopoliya yoxdursa, turizm zonalarında od tutub yanan qiymətlərin səbəbi nədir, səbəbkarları kimdir?!
Hamı bilir ki, Azərbaycanda hər bir sahədə, o cümlədən turizmdə istənilən daşı qaldırdıqda onun altından mütləq bəlli adlar çıxacaq. Bu adlardan kənarda ölkəyə hətta diş çöpü belə gətirmək, ölkənin özündə isə iki daşı bir-birinin üstünə qoymaq mümkün deyilsə, biz nədən danışırıq, daha doğrusu, cənab Qarayev bizi nə yerinə qoyur?!
Bəli, Azərbaycanda hər hansı sahəni monopoliyasız, inhisarsız təsəvvür etmək üçün dəhşətli dərəcədə optimizmə, inanılmaz dərəcədə fantaziya qabiliyyətinə malikdir. Monopoliya və korrupsiya – bunlar yaptokratiyanın varoluşunun iki əsas səbəbidir, onun mövcudluğunun iki əsas sütunudur, bunlardan biri olmadan rejimin ayaqda qalması çətin, hətta mümkünsüz məsələdir. Bu sadə həqiqəti ölkədə hətta burnu fırtıqlı bağça uşağı da bildiyi halda, Əbülfəs müəllim nə gözləyir, gözləyir ki, onun dediklərinə elliklə inanaq, alqışlayaq?
Bilirsinizmi, mən hərdən fikirləşirəm ki, əslində yapçı məmur kimi yaşamaq hər mənada çox rahat, asandır. Təkcə ona görə yox min bir hiylə ilə qaz vurub qazan doldura, qayğısız, şən ömür sürə bilərsən, heç kimdə sənə gözün üstə qaşın var deməz. Əksinə, hər gün döşündən bir orden, bir medal asarlar, hörmətli adamlar kimi keçirib məclislərin başında oturdarlar. Həm də ona görə ki, istənilən vaxt istənilən mövzuda, istənilən situasiyada istənilən yalanı qızıl-qırmızı danışa bilirsən. Özün də başa düşürsən ki, danışdığın yalandır, özün də fərqindəsən ki, bu yalana ağlı başında olan heç kimi inandırmaq mümkün deyil, amma yenə də o yalanı danışır və buna görə də heç bir kompleks keçirmirsən. Fikirləşirsən ki, nə var e bunda, danışdım bitdi, qurtardı, indi də oturum yığdığım milyonları xımır-xımır yeməyə davam edim.
Vallahi də, billahi də əcəb xoşbəxtlikdir. Adam var xırda, əhəmiyyətsiz bir yalanı da elə danışır, min cür rəng alıb-verir, dili topuq çalır, alnını tər basır, sanasan ki, gedib cəhənnəmi görüb gəlir. Amma bunlar üçün ən ağ yalanı danışmaq belə su içimi kimi bir şeydir. Danışırlar, hətta sonra istəyirlər, istəmək nədi, tələb edirlər ki, hamı da bu yalana inansın.
Belə yaşamağa nə var?! Şair haqlıdır – bu cür hər kim yüz il, yox, yox, yüz il nədi, lap qarğa kimi üç yüz il yaşamasa, günah doğrudan da onun özündədir.