Kredit portfelinin 11 faizdən çoxu riskdə

yapikreditİqtisadi vəziyyət ilə bağlı olaraq Yapı Kredi Bank Azərbaycan da inkişafdan geri qalıb.

Bu ilin ikinci rübündə Bankın aktivləri və kredit portfeli azalıb, Bank birinci yarı ili zərər ilə başa vurub.

Belə ki, 30 İyun 2015-ci il tarixinə Bankın cəmi aktivləri 363,499 milyon manat olmuşdur ki, bu da 31 Mart 2015-ci il tarixi ilə müqayisədə təxminən 10 milyon manat və ya 2,7% azdır. İkinci rübdə Yapı Kredi Bank Azərbaycanın kredit portfeli 277,977 milyon manatdan 248,765 milyon manata geriləmişdir.

30 İyun 2015-ci il tarixinə Bankın öhdəlikləri 299,468 milyon manat olmuşdur ki, bu da birinci rübün sonu ilə müqayisədə 8,7 milyon manat və ya 2,8% azdır. İkinci rübdə Bankda depozitlər 49,822 milyon manatdan 43,997 milyon manata düşüb.

Yapı Kredi Bank Azərbaycan 2015-ci ilin birinci yarısını 1,73 milyon manat zərər ilə başa vurduğundan kapitalı 65,331 milyon manatdan 64,031 milyon manata düşüb.

PROBLEMLİ KREDİTLƏR KƏSKİN ARTIB

Yapı Kredi Bank Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlər kəskin artıb. 30 İyun 2015-ci il tarixinə olan məlumata görə, Bankın 248 milyon 765 min manat olmuş kredit portfelinin 11,1%-nin və ya 27,622 milyon manatının ödəmə vaxtı keçib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Bankda kreditlərin cəmi 8,7 milyon manatının və ya 3,55%-nin ödəmə vaxtı keçmişdi.

Bank verilmiş kreditlər üzrə 15,171 milyon manat ehtiyata malik olub.

1,7 MİLYON MANATDAN ÇOX ZƏRƏR EDİB

Yapı Kredi Bank Azərbaycan 2015-ci ilin birinci yarısını 1 milyon 730 min 210 manat zərər ilə başa vurub.

Bankın birinci yarımildə cəmi gəlirləri 27 milyon 140 min manat, o cümlədən, faiz gəlirləri 18 milyon 804 min amant, qeyri-faiz gəlirləri isə 8 milyon 336 min manat təşkil edib.

Bankın cəmi xərcləri 22 milyon 923 min manat, o cümlədən faiz xərcləri 6 milyon 474 min manat, qeyri-faiz xərcləri 16 milyon 449 min manat olub.

Yapı Kredi Bank Azərbaycan xarici valyutanın məzənnə dəyişməsindən 5 milyon 802 min manat zərər edib.

Birinci yarımilin sonunda Bankın əməliyyat mənfəti 4 milyon 217 min manat olsa da, aktivlər üzrə yaradılmış ehtiyyata 5 milyon 750 min manat ayrıldığından Bankın 1 milyon 532 min manat zərəri yaranıb. Bank 198,16 min manat mənfəət vergisi ödədiyindən zərər 1 milyon 730 min manata çıxıb.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın aktivlər üzrə yaradılmış ehtiyata yüksək məbləğ ayırması abnkda problemli kreditlərin artmasına işarə edir. (Marja)