AXCP-nin qurultayına kənardan baxış

IMG_2248Nəsimi Məmmədli

Xalq Cəbhəsi özünün növbəti qurultayını keçirdi. Əslində, AXCP-nin qurultayı yazmamaq hüquqi baxımdan yanlış ifadə olsa da, psixoloji baxımdan tam ədalətli yanaşmadır. Mən Cəbhənin 2 qurultayı istisna olmaqla, digərlərində müxtəlif statuslarla iştirak etmişəm. Bu növbəti VI(IX) qurultaya da TK tərəfindən aldığım dəvəti böyük məmnuniyyətlə qəbul etdim. AXCP Xalq Cəbhəsinin təkcə hüquqi varisliyini deyil, həm də mənəvi-psixoloji varisliyini əlində möhkəm saxlayıb. Əbülfəz Elçibəyin adına və mübarizəsinə layiq bir təşkilat olduğunu yenidən nümayiş etdirə bildi.

Çox ağır və çətin şərtlər altında belə bir coşğulu, intizamlı qurultay keçirə bildikləri üçün cəbhəçiləri təbrik edirəm. Əli bəyə və cəbhəçilərə siyasi fəaliyyətin bundan sonrakı daha çətin mərhələsində uğurlar arzulayıram. Qısaca olaraq müşahidələrimi və qənaətimi bölüşmək istəyirəm.

Mübaliğəsiz deyə bilərəm ki, müxalifət düşərgəsində siyasi-təşkilati monolitlik baxımından ikinci belə bir partiya yoxdur ki, ən sıravi üzvlərinə qədər hər kəs çox aydın və dəyişməz hədəflərini dərk etsin, onun uğrunda mərhumiyyətlərə sinə gərərək mübarizə aparsınlar. Cəbhədə yuxarıdan aşağıya möhkəm intizama əsaslanan təşkilati irearxiya qorunub saxlanır. Əli Kərimli cəbhəçilərin təkcə təşkilati yox, həm də sevgi və inamla əhatə olunan, sarsılmaz güvən qazanmış tam təbii lideridir.

Uzun illərdir siyasi fəaliyyətim zamanı çoxsaylı nümayəndələri olan qurultaylarda iştirakçı olmuşam. Bu elə də çətin məsələ deyil ki, zallara çoxlu adamlar yığıb siyasi tədbir keçirəsən. Yəni məsələnin çoxluq tərəfi elə də önəmli deyil və qalıcı siyasi nəticə doğurmur. Cəbhənin qurultayında iştirakçıların sayı çox olmaqla yanaşı, onların yanaşması, keyfiyyəti xüsusilə diqqətimi çəkdi . Yüzlərlə insan bir anda sanki tək bir bədəndə birləşirdi. Bir-birinə güvən, dürüstlük, qarşılıqlı sevgi və hədəflərinə çatacaqlarına sonsuz inam müşahidə etdim. Kənardan artan təzyiqlər, repressiyalar cəbhəni daha da monolit edib. 10 ildir qərargahsız fəaliyyət göstərən ikinci bir partiya yoxdur ki, cəbhə qədər ayaqda qala bilsin. Yüksək əhval-huhiyyə, mübarizə aparmaq həvəsi cəbhəçilərin ən kəsərli silahıdır. Belə getsə çox güman ki, iqtidar da cəhbəyə qarşı apardığı barışmaz yanaşmasını dəyişməli olacaq. Çünki qurulmuş bütün oyunlar, həbslər, qərargahın partladılması, cəbhəçilərin təhqir və təqib edilməsi cəbhənin zəifləməsinə deyil, daha da güclənməsinə, monolitləşməsinə xidmət edib.

Diqqətimi çəkən bir məqamı da xüsusilə qeyd etmək istəyirəm. Hakimiyyətə qarşı arqumentli və sərt tənqid təkcə cəbhənin rəhbərliyinin iqtidarın ən yuxarı pilləsinə münasibətindən doğan yanaşma deyil, daha çox aşağıdan yuxarıya olan sosial sifarişin nəticəsidir. Aydın şəkildə görünürdü ki, cəbhəçilər Əli Kərimlinin iradəsinə deyil, Əli bəy sıravi cəbhəçilərin iradəsinə tabedir və onu ən mükəmməl şəkildə ifadə edir. Məhz bu gün təkcə cəbhəçilərin deyil, həm də cəmiyyətin sərt və ünvanlı tənqid eşitmək istəyən, müxalifətdən belə bir gözləntisi olan kəsiminin də rəğbəti cəbhəyə yönəlib.

Son olaraq, siyasi prosesləri diqqətlə izləyib analız edən hər kəs qarşıdakı dönəmin həlledici olduğunu anlayır və hazırlıqlarını bunu uyğunlaşdırmağa çalışır. Bu baxımdan AXCP-nin qurultayı təkcə bir təşkilati tədbir deyil, həm də müxalifətin önəmli siyasi aksiyasıdır. Bu ildən etibarən müxalifətin yüksəliş dövrü başlayır. Bunu heç bir sərt cəza mexanizmi durdura bilməyəcək. Bunun bir neçə çox önəmli səbəbləri var ki, bunu burada qeyd etməyi lazım bilmirəm. Bu prosesə öncüllük etmək yolunda ilk addım monolit və kütləvi təşkilatdan keçir. Bu məsələdə cəbhə rəqabət meydanında öndədir. Lakin, daha çox iş görülməlidir. Əsas müxalifət olmaq iddiasınadan, əsas alternativ olmaq yoluna qədəm qoyulmalıdır. Xalq Cəbhəsinin bu istiqamətdə önündə heç bir əngəl yoxdur. Hərəkətə keçmək vaxtıdır. Uğurlar.

Yazı müəllifin facebook səhifəsindən götürülüb.