Polkovnik-leytenant Zakir Niftəliyev: «Dövlətin onda 1 milyon manat vəsaiti qalmışdı, pulu alıb cibinə qoymuşdu…»
Mehman Səlimov: «O pulu hara sərf elədiyimi dəfələrlə demişəm…»
Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Bu iş üzrə dünənki məhkəmə iclasında 2011-ci ilə qədər Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsinin layihə və smeta şöbəsinin müdiri olmuş polkovnik-leytenant Zakir Niftəliyev şahid qismində dindirilib. 2011-ci ildən istefada olduğunu deyən şahidin sözlərinə görə, o, 2013-cü ildən Müdafiə Nazirliyinin əsaslı tikinti idarəsinin sədr müavinidir: “2013-cü ildə məni mühəndis kimi əsaslı tikinti idarəsinə çağırdılar. Mehman Səlimovla görüşdük. Hərbi şəhərcikdə tikinti ləng gedirdi. Halbuki, 1 milyon manat avans ayrılmışdı. Müqavilələr 2007-2008-ci illərdə bağlanmışdı. Mehman Səlimovun 1 milyon avans borcu var idi. Iş çox ləng aparılırdı. Tikintini ayrılan vəsaitlə başa çatdırmaq mümkün idi. Səlimovdan bu vəsaiti hara sərf etdiyini dəfələrlə yazılı və şifahi şəkildə soruşdum. Dedi ki, köhnələr mənə işləməyə şərait yaratmadı, vaxt verin, borcumu ödəyim. Dövlətin onda 1 milyon manat vəsaiti qalmışdı. Çox pis işləyirdi. Vəsaiti alıb cibinə qoymuşdu. Iş görmək üçün sərf etməmişdi”.
Mehman Səlimov şahidin bu ifadəsinə replika ilə cavab verib: “Hara sərf elədiyimi dəfələrlə demişəm. O pullar obyektlərin təhvil verilməsi üçün xərclənib”.
Digər şahidlər, o cümlədən Elnur Qurbanov, Anar Həsənov ifadələrdə göstəriblər ki, layihə sənədlərinin hazırlanması üçün 40 min manat ödənilib. Həmin vəsaitin 8 min manatı layihə rəhbəri Anar Həsənova verilib.
Yerdə qalan 32 min manata gəlincə, Mehman Səlimov məsələyə belə aydınlıq gətirib: “Yerdə qalan məbləğ Azərbaycan reallığına uyğun olaraq rəsmiləşdirilməyib. Konkret kimə ödənildiyi göstərilməyib”.
Bu iş üzrə məhkəmə prosesi oktyabrın 2-də davam edəcək.
Xatırladaq ki, 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında göstərilib ki, Mehman Səlimov yaşayış evlərinin, qurğuların tikintisi və s. işlər həyata keçirən “STŞ” MMC-ni təsis edib. O, bu şirkətin rəhbəri kimi, Müdafiə Nazirliyinin müxtəlif obyektlərində aparılacaq əsaslı təmir-tikinti və rekonstruksiya işlərilə əlaqədar nazirliklə müqavilə bağlayıb.
“Nazirliyin onun ”Texnikabank”dakı hesabına köçürülmüş külli miqdarda pul vəsaitinin xərclənmə təyinatını qəsdən saxtalaşdıraraq, qəbul aktlarına yalan məlumatlar daxil edib imzalamaqla, 714 min 555 manat pulu öz xeyrinə istifadə edib”, – deyə ittiham aktında bildirilir.
Həmçinin qeyd olunub ki, Mehman Səlimov yuxarıda adıçəkilən MMC-nin rəhbəri qismində vergi uçotunda duran şəxs kimi, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 95 min 889 manat vergini ödəməkdən yayınıb.
Məhkəmədə ifadə verən M.Səlimov ittihamlarla razılaşmayıb. O bildirib ki, Səfər Əbiyevin təklifilə Müdafiə Nazirliyi üçün müəyyən təmir-tikinti işlərinin aparılması məqsədilə müqavilə bağlasa da, ona işi başa çatdırmaq üşün yetərincə pul verilməyib.
Aytən Məmmədova




