Əbülfəs Qarayev Əliyevi haqsız çıxartdı

abulfaz qarayev

Nazir: «Biz Azərbaycanın hansısa məkanında turizm xidmətinin baha olmasından danışmamalıyıq»

Dövlət başçısı Ilham Əliyevin bir müddət əvvəl turizm sektorunda qiymətlərin baha olması ilə bağlı iradından sonra bu sahədə ciddi “islahatlara” başlanılıb. Amma bu addımların real nəticələri görünmür. Əksinə dövlət başçısının açıqlaması turizmin hansı problemləri yaşadığını və qiymətlərin reallıqdan uzaq olduğunu bir daha gündəmə gətirdi. I.Əliyevin açıqlaması və ondan sonra yaranmış vəziyyətlə bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin münasibəti maraq doğurur.

“Heç kəs gözləməməlidir ki, prezidentin tənqidindən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100 faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq”. Bunu dünən Ə.Qarayev jurnalistlərə deyib. Nazir bildirib ki, son vaxtlar Azərbaycanda turizm xidmətlərinin qiymətlərinin baha olması haqqında olduqca böyük tənqidlər deyilir: “Bunlar hamısı yaşayış səviyyəsi ilə bərabər olan xidmət qiymətləridir. Biz bu gün yalnız Azərbaycanın hansısa məkanında turizm xidmətinin baha olmasından danışmamalıyıq. Bu, kompleks yanaşmanın tələb olunduğu məsələdir. Bir turistə xidmət göstərmək üçün azı 5 sahədə çalışan insanın əməyi sərf olunur”.

Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda turizm sənayesi antimonopol, tam sərbəst şəraitdə fəaliyyət göstərən bir sənaye istiqamətidir: “Bu gün turizm məkanında süni şişirtmələr olduğu yerdə qiymətlər artıq bizim yoxlamalardan sonra azalıb. Yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz azalıb”.

Məhəmməd Talıblı: “Monopoliya nəticəsində yüksək qiymət və ona uyğun olmayan xidmət keyfiyyəti turistləri cəlb etmir”

mehemmed-talibli

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, monopoliya nəticəsində yüksək qiymət və ona uyğun olmayan xidmət keyfiyyəti turistləri cəlb etmir. Bizdə turistlərin cəlbi deyəndə, yalnız primitiv qayda da sərin yerlər və yaxşı kabab bişirmək yerləri nəzərdə tutulmamalıdır: “Əslində, qonşu Irana və Türkiyəyə müalicə üçün gedənlər potensial turistlərdir. Ölkədə bu qədər biri-birinə bənzəyən turizm obyektlərinin təyinatını yeniləmək və müasir tələblərə uyğunlaşdırmaq olar. Yəni, sağlamlıq-istirahət komplekslərinin inşaasını həyata keçirmək olar. Məsələn Truskaveç və Minvodıdakı kimi analoji kompelkslər tikmək olar. Yoxsa, 4 və ya 5 ulduzu otellərin üzərinə vurmaqla həmin xidmət brend olmur ki?”.

M.Talıblının sözlərinə görə, yerli icra hakimlərinə çox hallarda məxsus olan obyektlərdə inhisar qiymətlərinin diktə olunması qaçılmaz olacaq. Ona görə, xidmət keyfiyyətlərinin artırılması və digər xidmətlərin göstərilməsi üçün liberallaşma həyata keçirilməlidir: “Avropa ölkələri ilə münasibətlərin bir tərəfdən əvvəldən yaxşı olmaması, digər tərəfdən isə bunun bundan sonra da pisləşməsi də əcnəbilərin turizm sektoruna marağınına azalmasına gətirib çıxaracaq. Almaniya, Fransa, Hollandiya, Belçika, Danimarka, Isveç, Norveç, Finlandiya və Böyük Britaniya vətəndaşları dünyanın 270-dən artıq ölkəsinə vizasız səyahət edə bildikləri halda Azərbaycana səyahət üçün viza tələb olunur. Münasibətlərin kökündə viza dayandığı halda hansı yüksək xidmətlərin göstərilməsindən asılı olmayaraq həmin sektor özünə əlavə müştəri cəlb edə bilməyək”.

M.Talıblının qənaətincə, viza rejiminin sadələşdirilməsi bir yana, artıq bundan sonra sanksiyaların gündəmə gəlməsi turistlərdə ciddi sürətdə marağın azalmasına səbəb olacaq: “Ona görə də, əlavə resurs cəlb etmək və həmin xidmətlərin keyfiyyətini artırmaq paralel olaraq həyata keçirilməlidir. Əslində, iqtisadiyatın diversifikasiyası dedikdə, ölkənin ÜDM ”piroqunun” formalaşmasında bütün sektorlardan daxilolmaların proporsiyanı təmin etmək nəzərə tutulmalıdır. Bu həm də postneft dövrünün ən yaxşı sahəsi kimi önə çıxa bilər. Amma hələlik turizm yaxın perspektiv üçün rentabelli sektor olaraq görünmür”.

Hikmət