Eyyub Hüseynov: «Bu qərar istlehlakçıların hüquqlarına birbaşa zərbədir»
Xəbər verildiyi kimi, Nəqliyyat Nazirliyi nəzdində Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzi dünəndən etibarən “London taksiləri”ndən istifadə haqqının artırıldığını bəyan edib. Qurumun ictimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Bakı Taksi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “London taksiləri”ndən istifadə etmək istəyən sərnişinlərin 2 manat deyil, 3 manat ödəməli olacağını söyləyib.
Qeyd edilib ki, qiymət artımı bütün “London taksiləri”nə şamil olunmur, bu yalnız üzərində “sarı xətt” olanlara aiddir. Nazirlik rəsmisi bunu həmin taksilərin daha komfortlu olması ilə əlaqələndirib. Belə ki, o, yeni “London taksiləri”nin üzərində sarı xətt olduğunu və məhz həmin taksilərdə gediş haqqının artırılmasının tətbiq olunmağa başladığını deyib: “Bu barədə taksinin şüşəsində də elan yazılıb (0-3 km – 3 manat). Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər. 3 kilometrdən sonra 10 km üçün 70 qəpik, növbəti 10 km üçün 40 qəpik ödəməlidir. 3 manat sərnişinlərə çox görünə bilər. Amma nəzərə almaq lazımdır ki, digər taksi xidmətlərində sayğac 1 manat yazsa belə, sərnişin 3 km üçün 3 manat 10 qəpik ödəyir. Həm də nəzərə almaq lazımdır ki, taksi fəaliyyəti zamanı yanacaq sərf olunur, sürücü sifariş edilən əraziyə gedir. Dünya praktikasında da belədir ki, kimsə 1 manatdan ötrü taksi fəaliyyəti ilə məşğul olmur”. Şəfa Mehmanqızı bildirib ki, layihə özünü doğruldarsa, paytaxt ərazisində taksilərin sayı artırılacaq.
Xatırladaq ki, ölkədə taksi xidmətiylə məşğul olanlar buna qədər də ciddi təpkilərlə üzləşirdi. Bu sahədə baş verən qanunsuzluqlar onsuz da əhali qrupları arasında birmənalı qarşılanmır. Alternativ variantları sıxışdırıb çıxarandan sonra yerdə qalan nəqliyyat növündən istifadənin qiymətinin artırılması da sözsüz ki, əksəriyyətin ürəyincə deyil. Belə olan tərzdə, “London taksiləri”nə tətbiq edilən yeni qiymət mexanizmi nə qədər yetərlidir?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymət artımını birbaşa istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirir. Qurum sədri təəssüf edir ki, qonşu Rusiyada hazırkı iqtisadi böhran şəraitində belə, bu cür addımlar atılmır. Eyyub bəy Tarif Şurasının istehlakçının səsini eşitmədən qərarlar verməsini yalnız müəyyən qurumların marağına xidmət etmək kimi xarakterizə edir:
“Qiymət artımlarıyla bağlı, istehlakçıların səsinin eşidiliməsi üçün biz dəfələrlə Tarif Şurasına müraciətlər etmişik. Rusiya və digər ölkələrdə benzin bizdəkindən ucuz, gedişhaqqı da aşağıdır. Lakin bizdə hər şey əksinədir. Təəssüf ki, ölkədə əksər sahələrdə aparılan siyasət istehlakçıların zərərinə işləyir. Bu qərar da birbaşa istehlakçı hüquqlarının tapdanması deməkdir”.
Nigar