Dövlətin dotasiyaları aradan qaldırması nə vəd edir?

budce-karikatura

Qadir Ibrahimli: «Əgər dotasiyalar kəsiləcəksə, metropolitendə və aviauçuşlarda qiymət artımı gözlənilməlidir»

Azərbaycanda dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflər (qiymətlər) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq. Bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində öz əksini tapıb.

Sənəddə 2016-2019-cu illərdə mallar (işlər, xidmətlər) üzrə dövlət tərəfindən tarif (qiymət) tənzimlənməsi siyasətinin əsas istiqamətləri və prioritetləri açıqlanıb.

Büdcə zərfində qeyd olunub ki, tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilatı-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Tarifləri (qiymətlər) tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi, Tarif (qiymət) Şurasının maddi-texniki və təşkilati-hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) tənzimlənməsi strategiyasının, sahəvi tənzimləmə metodologiyasının, avtomatlaşdırılmış məlumat informasiya bazasının yaradılması əsas prioritetlərdən olacaq.

Büdcədə nəzərdə tutulan bu addım nəyə xidmət edir? Dotasiyanın ləğvi hansı sahələrdə qiymət artımına səbəb olacaq?

qadir-ibrahimli

Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, əgər dotasiyalar ləğv olunursa, bu o deməkdir ki, dövlətdən dotasiya alan bir sıra sahələrdə qiymət artımı yaşana bilər. Bu sahələrdən biri metropolitendir. Dotasiyanın ləğvi bu sahədə qiymətləri bahalaşdıra bilər: “Bakı Metrosu birbaşa dotasiya ilə işləyən dövlət müəssisələrindən biridir. ”Azərenerji” və “Azəriqaz”da bahalaşma olacağına inanmıram. Çünki bu müəssisələrin əhaliyə əhaliyə satdığı həm işıq, həm qaz maya dəyərindən bah satılır. Orada dotasiyaya ehtiyac yoxdur. Ancaq metropolitendə balaşama ola bilər. Eyni zamanda daxili reyslərdə biz qiymət artımını müşahidə edə bilərik. Naxçıvana təyyarə qiymətində bahalaşma ola bilər. Çünki müəyyən dotasiyalar bu sahələrə yönəlir. Əgər bu dotasiyalar kəsiləcəksə, metropolitendə və aviauçuşlarda qiymət artımı gözlənilməlidir”.

Xəyal