“Mənim kitabımda qaçmaq, fərarilik yoxdur” – Qurultaydan reportaj VİDEO

AXCP möhtəşəm qurultay keçirdi; Əli Kərimli yenidən sədr seçildi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-də VI (IX) qurultayını keçirib. Tədbir Əmirxan qəsəbəsində, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilib. Qurultaya Milli Şura üzvləri və başqa ictimai-siyasi xadimlər qonaq qismində qatılıblar. Tədbiri bir sıra media təmsilçiləri işıqlandırıblar. Tədbirdə qurultay nümayəndələri ilə bir yerdə 1000 nəfərə qədər iştirakçı olub. Qurultay dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə müvəqqəti say komissiyası, sədarət, katiblik və mandat komissiyaları seçilib. Bundan sonra qurultay qarşısında hesabatlı orqanların hesabatları dinlənilib.

https://www.youtube.com/watch?v=xF6fhspT2pA&feature=youtu.be

Partiya sədri Əli Kərimli hesabatında öncə ölkədəki gərgin ictimai-siyasi vəziyyətə diqqət çəkib. O, bildirib ki, bu gün ölkədə açıq-aşkar müxalifətin məhv edilməsi, vətəndaş cəmiyyətinin sıradan çıxarılması, azad mətbuatın qapadılması üçün ciddi səylər göstərilir: “Qurultayı keçirdiyimiz bu anda AXCP-nin də qurultay nümayəndələrindən 6 nəfəri olmaqla 80 nəfər ölkənin tanınmış ictimai-siyasi xadimləri həbsdədirlər. Ölkədə müxalif olmaq, müstəqil söz demək kriminal hərəkətə bərabər tutulur. Ölkə müxalifətinin sıralarını seyrətmək üçün hər cür çirkin vasitələrdən istifadə olunur. Müxalifətçiləri həbs etmək, hədələmək, ələ almaq, müxtəlif vasitələrlə əqidəsindən imtinaya sövq etmək geniş yayılmış praktikadır. Bunun nəticəsidir ki, Azərbaycanın ictimai-siyasi həyatının böyük bir hissəsi 22 illik avtoritar, sülalə rejiminin faktiki nəzarətindədir. Lakin belə bir vəziyyətdə də AXCP öz prinsiplərinə, dəyərlərinə sədaqətlə ölkədə real müxalifətçiliyi davam etdirir. AXCP dimdik ayaqdadır. Bu mənim hesabatımın əsas bəndidir”.

İlham Əliyev seçkiləri 58 faiz saxtalaşdırmaqla hakimiyyətini qoruya bildi

AXCP sədri əlavə edib ki, əgər cəbhəçilər öz əqidələrinə, Rəsulzadə-Elçibəy yoluna, cumhuriyyət dəyərlərinə, azadlıq ideyalarına sədaqətli olmasaydılar uzun illər ərzində bu mübarizəyə tab gətirə bilməzdilər: “Cəbhəçilər məhz öz əqidələrindən çıxış edərək bu mübarizəni bu qədər uzun müddət davam etdiriblər. Ötən qurultaydan sonra mühüm məsələdə yeniliyə nail olmuşuq. 2010-cu ilə qədər müxalifətə qarşı ənənəvi ittihamlardan biri bundan ibarət idi ki, guya müxalifətin əsas fəaliyyəti yalnız seçkidən seçkiyə olur. Yadınıza salmaq istəyirəm ki, biz sonuncu qurultayımızdan sonra belə bir yekdil qərar qəbul etdik ki, bütün zamanlarda, seçkilərdən asılı olmayaraq mübarizədə olacağıq, haqqımızı tələb edəcəyik. Biz 2010-cu ilin parlament seçkilərindən sonra 2011-ci ildə Azərbaycanda böyük bir etiraz hərəkatı başlatdıq. 2 aprel və onun ardınca il ərzində keçirdiyimiz silsilə mitinqlər yadınızdadır. Çox şeylər yadınızdan çıxsa da, hökumətin qorxusundan korrupsiya və rüşvətə bir müddət fasilə verdiyi hamınızın yadındadır. Biz o zaman hakimiyyəti bu dərəcədə qorxuda bildik. Düzdür, qüvvələr nisbəti fərqli oldu, repressiyalar öz işini gördü, istədiyimiz köklü dəyişikliklərə nail ola bilmədik. Amma növbəti ildə bizim mübarizəmiz davam etdi. 2012-ci ildə biz yenə də meydanlarda idik. Hakimiyyət xalqın boğazından kəsərək 500 milyon manatı ”Evrovision” yarışmasına xərcləmişdi. Istəyirdi ki, dünyanı, Azərbaycan xalqını aldatsın, inkişaf görüntüsü yaratsın. Amma il ərzində bizim apardığımız mübarizə ona gətirib çıxardı ki, Azərbaycandakı diktaturanı dünya daha yaxşı tanıdı. Hökumətin etirafı o oldu ki, bizə yüz ildə vurulmayan zərbə vuruldu.

2013-cü il artıq prezident seçkisi ili idi. O zaman ölkənin demokrat qüvvələrinin əksər hissəsini bir araya gətirə bildik. 2013-cü ildə böük bir mücadilə başlatdıq. Çox hörmətli Cəmil Həsəlinin namizədliyi ilə hakimiyyəti elə bir vəziyyətə saldıq ki, hökumət özünün daha bir “neqativ” rekordunu müəyyənləşdirdi. Ilham Əliyev seçkiləri 58 faiz saxtalaşdırmaqla hakimiyyətini qoruya bildi. Məhz prezident seçkisində rejimə vurduğumuz ağır zərbələrə görə 2014 və 2015-ci il tariximizə repressiyaların ən şiddətli illəri kimi düşəcək. 2014-cü ildən başlayaraq ölkənin ən tanınmış ictimai xadimləri, nüfuzlu siyasətçiləri həbs olundular. Nəhayət, hakimiyyətlərinin 21-ci ilində sülalə hakimiyyəti qərar vermişdi ki, cəmiyyəti susduracaq, müxalifətdən canlarını qurtaracaqlar. Amma olmadı. Biz sizinlə, Milli Şuradakı mütəffiqlərimizlə birlikdə siyasi məhbuslara azadlıq mitinqləri təyin etdik”.

Əli Kərimli bildirib ki, bu il ölkədə sosial gərginliyin artması AXCP-ni yenə də mübarizənin önünə çıxarıb: “AXCP xalqın yanında olan bir təşkilat kimi bu duruma biganə qala bilməzdi. Yenə də bu ilin əvvəlindən ”Talana son” mitinqləri ilə cəmiyyəti silkələdik, Azərbaycanın real müxalifətinin mübarizə meydanlarında olduğunu sübut etdik. Hazırda guya seçki kampaniyası gedir. Əlbəttə siz onun əlamətlərini heç yerdə hiss etməyəcəksiniz. Azərbaycanda real müxalifətin boykotuna rəğmən seçkiyə qatılıb, seçki saxtakarlığını guya ifşa edəcək qüvvələr də var. Amma mən hələ də onlardan bir hərəkət görmürəm. Əminəm ki, biz yenə də qurultaydan sonra seçki, müddət demədən bütün zamanlarda olduğu kimi meydanlara çıxacağıq. Haqq səsimizi yenidən ucaldacağıq”.

AXCP adını tarixə birlikləri tərk edən yox, quran partiya kimi yazdırıb

AXCP sədri deyib ki, ötən illər ərzində sədri olduğu təşkilat müxalifətin birliyi üçün çalışıb: “2013-cü ildə müxalifətin seçkiyə vahid namizədlə getməsi üçün hansı fədəkarlıqları etdiyimizi gördünüz. 2005-ci ildə bizim səylərimizlə ”Azadlıq” bloku formalaşdı. 2008-ci ildə ciddi mübarizə ortaya qoya bildik. 2008-ci ildə bizim səylərimizlə müxalifət bir araya gəlib seçkiləri boykot etdi. 2010-cu ildə AXCP və Müsavat birgə parlament seçkilərinə getdi. Amma bu koalisiya bizə kiçik göründü. Seçkidən dərhal sonra Ictimai Palatada ziyalılarımızın bir hissəsi ilə bir araya gəlmək üçün yeni format müəyyənləşdirdik. Amma etiraf etdik ki, bu da Azərbaycanın bütün ictimai potensialını təmsil etmir. Ona görə də biz 2013-cü ildə seçkidə vahid namizədlə iştirak etmək üçün böyük koalisiyanı yaratmağa başladıq. Milli Şuranı formalaşdırdıq. Sizin qarşınızda tam məsuliyyətlə bəyan edirəm ki, AXCP bütün illər ərzində adını tarixə birlikləri tərk edən təşkilat kimi yox, birlikləri quran partiya kimi yazdırıb. Bütün illərdə əldə olunan bu birliklər birqayda olaraq bizim şəxsən güzəştə getməyimiz nəticəsində əldə olunub. 2013-cü ildə bunu hər kəs gördü. Hər kəs gördü ki, müxalifət sıralarından prezidentliyə ən şanslı namizəd Xalq Cəbhəsinin namizədi ola bilərdi. Amma bizim məqsədimiz namizədlik yarışı olmadığına görə təşəbbüs qaldırdıq ki, yox, böyük birlik lazımdır. Hamının bir araya gəlməsi üçün ilk olaraq mən prezdentliyə namizədlikdən imtina etdim. Sonradan bizim formalaşdırdığımız ictimai rəyin təsiri ilə bir çoxları prezidentliyə namizədliklərindən imtina etdi. Biz Azərbaycanın böyük ziyalısı, yazarı Rüstəm Ibrahimbəyovun namizədliyi ətrafında konsensus əldə etdik. Amma ona Azərbaycan və Rusiya hökumətləri birgə maneə yaratdıqdan sonra yenə Azərbaycanın çox hörmətli ziyalısı Cəmil Həsənlinin namizədliyini irəli sürdük. Amma sonra nə oldu? Ictimai təzyiqlə bu birliyə qoşulan təşkilatlar bəyan etdilər ki, biz yorulduq Xalq Cəbhəsinin qərarlarını yerinə yetirməkdən və Milli Şuradan bir-bir çıxıb getməyə başladılar. Amma biz yenə də mübarizə meydanında qalanlarla, real müxalifət olmaqdan qorxmayanlarla, Milli Şuradakı müttəfiqlərimizlə bir yerdəyik”.

Hakimiyyət xalqdan uzaq düşüb

Əli Kərimlinin sözlərinə görə, ötən illər ərzində AXCP yalnız hakimiyyətin siyasətini ifşa etməyib, təşkilat həmçinin problemlərdən çıxış yolları üçün təkliflər verib: “Biz hər dəfə hökumətin yarıtmaz siyasətini tənqid edərək həmin problemlərin həlli yollarını təklif etdik. Xalq Cəbhəsi olaraq çalışmışıq ki, xalqımızla bütövləşək. Azərbaycanın harasında olmasından asılı olmayaraq hüququ pozulan varsa, siyasi mənsubiyyətindən, dünya görüşündən asılı olmayaraq biz onun yanındayıq. Biz siyasi mənsubiyyətindən asılı olmayaraq bütün siyasəi məhbuslara öz partiyamızdan olan siyasi məhbuslar kimi dəstəyitmizi vermişik. Biz ötən müddət ərzində sosial tələblərə sahib çıxmaq siyasəti həyata keçirmişik. Insanlarıt yalnız siyasi dəyişikliklər uğrunda yox, onların gündəlik həyatlarını dəyişmək uğrunda mübarizəyə səsləmişik.

Əvvəl ittihamlar var idi ki, hanı bu ölkənin ziyalıları. Amma bu gün 8 alim olmaqla Rəyasət Heyətində 3 professor təmsil olunub. Biz bununla kifayətlənməyib Milli Şurada Azərbaycanın tanınmış ziyalılarını cəmil Həsənlinin sədrliyi altında birləşdirdik.

Biz partiyamızda elə şərait yaratmışıq ki, Azərbaycanın mübariz gəncliyinin ən çox təmsil olunduğu partiya məhz AXCP-dir. Mən ardıcıl olaraq iki dəfə gənclər komitəsinin sədri olmuş gəncləri özümə sədr müavini təyin etmişəm. Tam məsuliyyətimlə deyirəm ki, bu gün partiyanın rəhbərliyində o qədər gənc təmsil olunur ki, iqtidar partiyası da daxil olmaqla ölkədə heç bir partiya Azərbaycanla bu sahədə rəqabət apara bilməz.

Bu il artıq hər kəsə aydın oldu ki, bizim zaman-zaman söylədiymiz həqiqət imiş. Azərbaycanın dövlət başçısı ölkədə analoqsuz iqtisadi inkişafdan danışanda biz deyirdik ki, Azərbaycanı uçuruma aparır. Azərbaycandakı yüksək inkişafa Avropanın paxıllıq etdiyindən danışanda biz deyirdik ki, sizin iqtisadiyyatınız yalnız nefti satmaq, onun pullarını mənimsəməkdən ibarətdir. Biz tələb edirdik ki, qeyri-neft sektoru inkişaf etdirilməlidir, rüşvət və korrupsiya ilə mübarizə aparılmalıdır. Amma bunlar əmin idi ki, nefti satıb onun puluna dünyanın dörd bir yanında şirkətlər alacaqlar. Yeyə bilmədiklərini də ya xaricdə lobbi şirkətlərinə, ya da gözdən pərdə asmaq üçün tikintilərə xərcləyəcəklər. Amma vaxt gəlib çatdı. Bizim dediymizdən də tez gəlib çatdı. Neftin qiymətinin düşməsi Azərbaycanın iqtisadi siyasətinin iflası ilə nəticələndi. Faktlar göz önündədir. Azərbaycanın dövlət rezervləri bir il ərzində 52 faiz azalıb. Mərkəzi Bankın 8 milyard rezervi xərclənib. Ölkə iqtisadi fəlakətə gedir. Azərbaycanın iqtisadi siyasəti ifalasa uğrayıb. Ona görə biz açıq bəyan etməliyik ki, Ilham Əliyev Azərbaycanı təcrid edir, neftə dayanan iqtisadi siyasət artıq iflasa uğrayıb və buna görə o məsuliyyət daşıyır. 2003-cü ildə Azərbaycanda Neft Fondu yaranıb. Guya o gələcək nəsillərə xidmət edəcəkdi. Neft Fondundunun 12 il ərzində xərclədiyi vəsaitlər qazandığından bir milyard artıq olub. Bu qədər bacarıqsız, bu qədər səriştəsiz hökumət olarmı? Bu qədər anti-milli, anti-xalq hakimiyyəti olarmı.

Hökumətin sosial siyasəti tamamilə iflasa uğrayıb. Hökumət xalqdan uzaq düşüb. Özlərinə topladıqları milyardlarla vəsait haqqında düşündükləri bir zamanda, ölkənin başını Alov Qüllələrindən çıxan alovla qatdıqları bir vaxta imkansız insanlarımız, Qarabağ qaziləri özlərini elacsızlıqdan canlı məşələ çevirdilər. Görün Azərbaycanda hansı səvityyədə anti-xalq hakimiyyəti formalaşıb.

Azərbaycan vəsaitindən hamıya pay düşür. Bir neçə ay öncə milyardlarla vəsaiti Avropa Oyunlarına xərclədilər. Bu qədər acımasız siyasət olarmı? Azərbaycan xalqı hörmətə layiqdir.

Hökumətin Qarabağ siyasəti də tamamilə ifalasa uğrayıb. Iyirmi iki il ərzində bir qarış da torpaq əldə edə bilməyiblər. Amma Azərbaycan xalqına hər il vəd verirdilər ki, problem həll olunacaq. Amma nəticə yoxdur. Nəticədə ola bilməzdi. Çünki bu hökumətin məqsədi Qarabağ problemini həll etmək deyil. Bu hökumətin məqsədi ancaq varlanmaqdır. Ona görə biz bu tribunadan bəyan edirik ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid vermiş AXCP olaraq bəyan edirik ki, bizim övladlarımız torpaq uğrunda şəhid gedə bilər. Amma bizim övladlarımız sizin Qarabağla bağlı oyunlarınızda qurban getməsinə razı ola bilmərik.

Biz bu qurultayımızdan eyni zamanda sinəsini Azərbaycana görə sipər edən Intiqam Əliyevə, Xədicə Ismayıla, Leyla Yunusa, Arif Yunusa, Seymur Həziyə, Pərviz Həşimliyə, Rəşadət Bəyə, Ilqar Məmmədova, inanclı dostlarımıza azadlıq tələb edək”.

AXCP-ni kimlər təbrik edib?

Daha sonra söz Milli Şuranın sədri, professor Cəmil Həsənliyə verilib. Cəmil Həsənli bildirib ki, AXCP indiyə qədər ən güclü müxalifət partiyası olub və hazırda da ən güclü partiya olaraq qalmaqdadır: “Partiyanın təşkilatlanmasında, siyasi proseslərə yön verməsində, cəmiyyətin ümdə problemlərinin dilə gətirilməsində, mübarizənin istiqamətinin müəyyənləşdirilməsində qurultayların böyük rolu var. 22 ildir AXCP hakimiyyətin hədəfindədir. 22 ildir millətin haqqı və hüququ AXCP-nin hədəfindədir. Bu illər ərzində mən elə bir il tanımıram ki, AXCP-nin siyasi məhbusları olmasın. Elə bir il tanımıram ki, AXCP total təzyiqlərə məruz qalmasın. Bütün bunların müqabilində bu gün bu zalın izdihamı və bu zalın arxasında duran siyasi qüvvənin gücü və nüfuzu bir daha sübut edir ki, AXCP güclü bir siyasi qurum olub, bu gün də güclü siyasi qurumdur və gələcəkdə də bu siyasi xətti davam etdirəcək.

https://www.youtube.com/watch?v=-WIpsHOJ-aE

Nədədir Xalq Cəbhəsinin uğuru? Ilk növbədə ideya istiqamətinin müəyyən edilməsində. Xalq Cəbhəsinin ideya əsasları bu gün portreti bu zalı bəzəmiş Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ideyasına dayanır, milli ideyasına dayanır, Əbülfəz Elçibəyin xalqçı və millətçi ideyasına söykənir. Bu illər ərzində AXCP ictimai inkişafın heç bir mərhələsində öz ideallarına xəyanət etməmiş, bu millətin haqqı və hüququ uğrunda Rəsulzadənin müəyyən etdiyi xətti, Əbülfəz Elçibəyin müəyyən etdiyi xəttə daim sədaqətini nümayiş etdirmişdir”.

Cəmil Həsənli bildirib ki, AXCP-nin ikinci mühüm göstəricisi onun ənənəyə dayanmasıdır: “Əminliklə sizə deyirəm ki, sağlam bir ənənə olmasaydı, AXCP-nin haqqa və ədalətə söykənən ənənəsi olmasaydı, bu gün bu zalda bu izdihamı görmək olmazdı. Cəmiyyətdə Xalq Cəbhəsinin artan nüfuzunu müşahidə etmək olmazdı. AXCP-nin gücü onun cəmiyyətdə ən seçilən, sayılan liderlər tərəfindən rəhbərlik edilməsindədir. Biz Xalq Cəbhəsinin yaranışında, uzun müddət onun inkişafında və cəmiyyətdə möhkəm mövqelərə malik olmasında Xalq Cəbhəsinin birinci sədri Əbülfəz Elçibəyin liderliyi altında bunu müşahidə etdik, ondan sonrakı dövrdə Əli Kərimlinin liderliyi dövründə biz bunu müşahidə edirik. Bu ənənə, bu tarixi yaddaşla, bu liderlərlə yanaşı Cəbhənin digər bir güc mənbəyi var və o güc mənbəyi daim Cəbhənin qanını təzələyir, bu cəbhəçi gənclərdir. Sizi əmin edirəm ki, cəbhəçi gənclər bu gün nəinki AXCP-nin siyasi fəaliyyətinin müəyyən edilməsində, ümumiyyətlə, Azərbaycan gəncliyinin həyat mövqelərinin müəyyən edilməsində, vətən və millət haqqında anlayışlarının müəyyən edilməsində, ayağının altındakı torpağı vətən bilmək, içərisində gəzdiyi milləti öz doğma milləti hesab etmək baxımından nümunəvi hesab olunacaq bir gənclikdir. Bəzən dostlar cəbhəçi gənclərin sosial şəbəkələrdə aktivliyindən şikayət edirlər, onların fəaliuyyətin bir kampaniya kimi qəbul edirlər, mən əminliklə deyirəm ki, bu, kampaniya deyil, cəbhəçi gənclərin həyat mövqeyidir. Cəbhəçi gənclər real həyatda üstün mövqeləri təmin etdikləri kimi çağdaş dövrün, zəmanənin mühüm bir hissəsi olan sosial şəbəkələrdə də bu üstünlüyü əldə etmişlər. Bu, onların çox böyük uğurudur.

Biz artıq bir neçə ildir ki, AXCP ilə Milli Şurada həmkarlıq, əməkdaşlıq edirik. Azərbaycanın ictimai, siyasi, sosial, mədəni, iqtisadi həyatına münasibətdə birgə mövqe sərgiləyirik. Qeyd etmək istəyirəm ki, Milli Şura olaraq biz bundan çox məmnunuq. Bununla fəxr edirik. Azərbaycan cəmiyyətinin çox qabaqcıl, sayılıb-seçilən ictimai mübarizədə seçilən bir təşkilatı bu gün Milli Şurada təmsil olunur.

Bütün bu göstərilərə, ənənəyə, güclü liderə, çağlayan gəncliyə, siyasi proseslərdə öncüllüyə diqqət yetirəndə istər-istəməz bir şeyi vurğulamaq lazım gəlir, mənə belə gəlir ki, AXCP artıq uzun müddət müxalifətçilik təcrübəsi toplayıb, yetəri qədər müxalifətçilik təcrübəsi var, zaman yetişib ki, AXCP hakimiyyət partiyası olsun. Əminliklə deyirəm ki, AXCP-nin buna təşkilati potensialı var, intellektual potensialı var, ictimai nüfuzu var və AXCP-də təmsil olunan bizim dəyərli dostlarımız bunu haqq edirlər. Bu gün AXCP ən çoxsaylı siyasi məhbusları olan partiyadır. Bilirsiniz ki, Milli Şura olaraq bizim seçkilərə olan münasibətimizdə siyasi məhbus məsələsi müəyyənedici rola malikdir. Biz bir neçə şərt olaraq müəyyən istiqamətlər irəli sürmüşdük. Bu, seçki islahatlarının keçirilməsi, siyasi məhbusların azadlığa buraxılması, seçki komissiyalarının mövcud, real qüvvələrə uyğun təşkil edilməsi və ən nəhayət beynəlxalq müşahidənin həyata keçirilməsidir. Məlum olduğu kimi bu şərtlərin heç biri həyata keçirilmədi. Milli Şuranın üzvlərindən bu gün 8 nəfər həbsdədir. Bizim nəzərimizcə Mili Şura və digər siyasi partiyalardan, ictimai hərəkatlardan həbs olunan bizim mübarizə dostlarımız, əqidə yoldaşlarımız bəlkə də Azərbaycan parlamenti uğrunda mübarizədə ən böyük gücə, sosial bazaya, intellektual potensiala malik olan adamlardır. Səksənə yaxın siyasi məhbusun təxminən 50-dən yuxarısı potensial namizədlərdir. Siyasi ittihamlarla bu adamları seçki prosesindən uzaqlaşdırıb seçki keçirilməsi nə Azərbaycan Konstitusiyasına, nə ədalət prinsipinə, nə azad seçki ideallarına, demokratik seçki ənənəsinə uyğun deyil. Bu gün heç kəs heç kəsə sübut edə bilməz ki, o Tofiq Yaqubludan daha yaxşı namizəd ola bilər. O Ilqar Məmmədovdan daha yaxşı namizəd ola bilər, o Anar Məmmədlidən daha yaxşı seçki müşahidəsi apara bilər. Ona görə də siyasi məhbus məsələsi bizim üçün prinsipial əhəmiyyət təşkil edir və mən şadam ki, bu gün AXCP özünün qurultayında, bu möhtəşəm tədbirdə bu məsələ ilə bağlı cəmiyyətə açıqlama verəcəkdir. Ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı Əli bəy öz fikir və mülahizələrini dedi. Milli Şurada müttəfiqimiz olaraq biz onun fikir və mülahizələrini bölüşürük. Doğrudan da bu məmləkətdə, Azərbaycan adlı diyarda haqqı nəzərə alınmayan bir böyük haqq sahibi varsa, o, Azərbaycan xalqıdır. Bu gün Azərbaycan xalqı Azərbaycan Konstitusiyanın birinci maddəsi üzrə öz hakimiyyətini müəyyənləşdirmək hüququndan uzaqlaşdırılıb. Xalq Cəbhəsi, Milli Şura da, özünü xalqın yanında hiss edən bütün siyasi qurumlar, ictimai təşkilatların da ümdə vəzifəsi Azərbaycan xalqının seçki hüququnun özünə qaytarılmasıdır.

Cəbhənin bu gün açılan qurultayına uğurlar arzulayıram. Əminəm ki, bu qurultayda AXCP formalaşdıracağı yeni tərkiblə yeni güc əldə edəcək və cəmiyyətimizin, xalqımızın, millətimizin problemlərinin həllində böyük bir təşkilati struktur əldə edib, əzmlə də bu xalqın, bu millətin haqqı və hüququ uğrunda mübarizəsini davam etdirəcək”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal isə AXCP-nin keçdiyi tarixi yolu xatırladaraq bildirib ki, təşkilat demokratiya uğrunda mübarizəni bütün çətinliklərə baxmayaraq uğurla davam etdirir. Vidadi Mirkamal AXCP-ni budandıqca daha gözəl fidanlar yetirən gülə bənzədib. “AXCP nə qədər ağır repressiyaya məruz qalırsa o qədər möhkəmlənir, güclənir, böyüyür”, – deyə Vidadi Mirkamal vurğulayıb.

Növbəti təbrik çıxışı üçün söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə verilib. AXCP-nin böyük mübarizə yolu keçdiyini deyən Gültəkin Hacıbəyli vurğulayıb ki, cəbhəçilər keçilən yolun çətinliyinə, ağırlığına baxmayaraq bu yoldan sapmayıblar.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev cəbhəçilərər uğurlar arzulayaraq bildirib ki, partiya üzvlərinin bəxti gətirib. Çünki onların Əli Kərimli kimi lideri var.

AXCP-nin bir çox nümunəyə imza atdığını deyən DEVAM sədri İlqar İbrahimoğlu bildirib ki, hazırda Azərbaycan insanı iki seçim arasında qalıb. Birinci yol həşərata çevrilmək, ikinci isə həşarata çevrilməməkdir: “Bu gün Azərbaycan gerçəkliyi bu yerə gəlib çatıb. Allahdan istəyim odur ki, bu imtahandan xalqımız ləyaqətlə çıxa bilsin. Azərbaycan insanının ləyaqətlə yaşamaq haqqı var”.

Sonra söz Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımova verilib. O, hərəkatın sədri, keçmiş siaysi məhbus Taleh Bağırzadənin salamlarını və təbriklərini çatdırıb. Azərbaycan hakimiyyətinin haqqı deyənlərə qarşı repressiya apardığını bildirən Elçin Qasımov vurğulayıb ki, bu yolda olanlar haqq uğrunda mübarizədən geri dönməyənlərdir.

AXCP-nin qurultayını təbrik edənlər sırasında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin siyasət şöbəsinin müdiri, siyasi məhbus Seymur Hezi, tanınmış yazıçı Məmməd İsmayıl, keçmiş səfir Arif Məmmədov, AXCP-çi gənc siyasi məhbus Elvin Abdullayev, polkovnik İsa Sadıqov, politoloq Hikmət Hacızadə, Türkiyədən tanınmış yazar Cahit Kılıç, keçmiş diplomat Turqut Ər və bir neçə başqa ictimai xadim, Rusiya demokratları adından PARNAS – Xalq Azadlığı Partiyasının sədri Mixail Kasyanov və başqaları təbrik edib. Qurultayda vaxt darlığına görə təbriklərdən yalnız bir neçəsi oxunub.

 

Hakimiyyətin tənələri, təzyiqi bizi bu yoldan çəkindirə bilməz

Daha sonra qurultayın Mandat Komissiyasının hesabatı dinlənilib. Komissiyanın sədri, Rəyasət Heyətinin üzvü Eldar Hüseynov hesabatı təqdim etdikdən sonra qurultay nümayəndələrinin səlahiyyətləri təsdiqlənib və fasilə elan olunub.

Fasilədən sonra AXCP Ali Məclisin sədri Həsən Kərimov hesabat verib. Həsən Kərimov ötən qurultaydan bəri Ali Məclisin ve Rəyasət Heyətinin gördüyü işlər, verdiyi qərarlar barədə danışıb.

Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatını isə Sevda Talıbova oxuyub.

Daha sonra çıxış üçün söz AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya verilib. Fuad Qəhrəmanlı bildirbi ki, Azərbaycanda gərginlik artmaqdadır. Bu isə o deməkdir ki, işsizlər ordusu daha da artacaq. “Manatın kursunu saxlamaq hökumətə baha başa gəlir. Azərbaycanın vəsaiti artıq tükənib. Bu isə o deməkdir ki, növbəti devalvasiya qaçılmazdır. Vəziyyəti dəyişmək üçün korrupsiyaya son qoymaq lazımdır. Amma iqtidar bunu etməkdə maraqlı deyil”, – deyə Fuad Qəhrəmanlı bildirib.

AXCP sədrinin müavini, professor Nurəddin Məmmədli qurultay iştirakçılarını salamlayaraq deyib ki, Xalq Cəbhəsi xalqla bütövləşən təşkilata çevrilib. AXCP haqqı, hüququ pozulan hər bir vətəndaşın yanındadır.

Növbəti çıxışçı “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev olub. Rahim Hacıyev bildirib ki, hazırda Azərbaycanda 100-dən çox siyasi məhbus var. “Azərbaycnda hazırda amansız repressiyalar aparılır. Hazırki sərt avtoritar rejimdə əsas məqsəd strukturları qoruyub saxlamaqdır. Istənilən təşkilatda rəhbərdən çox şey asılıdır”, – deyə Rahim Hacıyev vurğulayıb.

AXCP Yevlax şöbəsinin sədri Şəkər Isgəndərli çıxışında bildirib ki, partiyanın gücünü hakimiyyətin ona qarşı apardığı kampaniya da sübut edir. “Bilirik getdiyimiz yol çox ağır, məşəqqətlidir. Amma hakimiyyətin tənələri, təzyiqi bizi bu yoldan çəkindirə bilməz”, – deyə Ş.Isgəndərli vurğuladı.

Bundan sonra qurultay nümayəndələri hesablama komissiyasını yaradıb. Qurultay səslənən hər üç hesabatı qənaətbəxş sayıb. Partiya sədrliyinə namizədliklərin irəli sürülməsi elan edilən kimi qurultay nümayəndələri “Əli bəy” şüarını səsləndirməyə başlayıblar.

AXCP-nin Xəzər rayon şöbəsinin sədri Hacı Əmrulla çıxış edərək sədrliyə Əli Kərimlinin namizədliyini irəli sürüb.

Daha sonra partiya sədrinin səsverməsinin açıq, yoxsa qapalı keçirilməsi səsə qoyulub. Iki nəfər əleyhinə olmaqla partiya sədrinin açıq səsvermə ilə seçilməsi təklifi qəbul olunub.

Bundan sonra AXCP Rəyasət Heyətinin üzvü, partiya sədrliyinə namizəd Sahib Kərimli çıxış üçün söz istəyib. O, çıxışını tənqidi notlar üzərində qursa da, partiyanın maraqlarının əleyhinə fəaliyyət göstərmədiyi bildirib. Sahib Kərimli deyib ki, o, heç vaxt partiyaya zərbə vurmaq istəməz. Sahib Kərimlinin fikrincə, onun tənqidləri partiyanın inkişafı üçün faydalıdır. “Hər bir çəbhəçi, hər kəsin gözünün içinə dik baxa bilən adamdır. Mənim sümüklərim AXCP-nin yükünün ağırılığı altında bərkiyib.

Qarşınızda amansız bir rejim var. Cəbhəçi hər yerdə doğru bildiyini demək, etiraf etməkdir. heykəl deyil ki, sadəcə dik dura. Biz fəaliyət göstərməliyik.

Bu gün mənim namizədliyim olmasaydı, qurultayın sonunda indi çıxdığımız durumdan daha yaxşı olmayacaqdı. Ənənəvilik olacaqdı”, – deyə o, bildirib. Çıxışının sonunda Sahib Kərimli AXCP sədrliyinə namizədliyini geri götürüb.

Bizim qətiyyətimiz yalnız zalımlara, şərə qarşıdır

Daha sonra qurultay nümayəndələri növbəti dövr üçün AXCP sədri kimi Əli Kərimlinin namizədliyini dəstəkləyiblər. Əli Kərimli yekdilliklə sədr seçilib. AXCP sədri yekun çıxışında göstərilən etimada görə cəbhəçilərə təşəkkür edib. O daha sonra bildirib ki, səsvermənin açıq keçirilməsilə bağlı heç bir diskomfort hiss eləmirəm. Əli Kərimli bunu iki səbəblə izah edib: “Bir, sizləri yaxşı tanıyıram, mənə etimad göstərməsəniz, bunu kişi kimi üzümə deyəcək qədər cəsarətlisiniz. Ilham Əliyevin daha da irticaya apardığı rejimə meydan oxuyanlar, öz cəbhədaşlarındanmı çəkinəcəklər? Sizlər hər zaman şərin qarşısında olan insanlarsınız.

Ikincisi, Azərbaycanın böyük demokratı, Azərbaycanın demokratik hərəkatında öncüllüyü şübhə altına alınmayan, bu gün oppenentlərinin də, hətta tənqid edəndə yalnız ifrat demokrat olduğuna görə tənqid etdiyi böyük Əbülfəz Elçibəyi də beləcə açıq səsvermə ilə seçmişik.

Bu gün mənə qarşı hökumət mətbəxində hazırlanan bir kampaniya var. Əli Kərimlinin Xalq Cəbhəsində avtoritar idarəetməsi barədə nağıllar düzəldirlər. Tam məsuliyyətlə deyirəm, Xalq Cəbhəsinə qarşı olan fitnələri puç olduğuna, Xalq Cəbhəsinə qarşı qurulmuş tələləri ifşa elədiyimizə görə, Xalq Cəbhəsi bütün maneələrdən bacarıqla aşdığına görə Azərbaycan hökuməti bizim bu cəsarətimizi, bu qətiyyətimizi avtoritarizm kimi təqdim edir.

Amma mən sizi əmin edirəm, buna qədər biz hansı qətiyyətlə haqqı müdafiə etmişiksə, hansı qətiyyətlə rejimin oyunlarını ifşa etmişiksə, həmin qətiyyətlə də Azərbaycan xalqının demokratiya uğrunda mübarizəsini bundan sonra da davam etdirəcəyik. Bizim qətiyyətimiz yalnız zalımlara, şərə qarşıdır.

Sizin qarşınızda bir etiraf etmək istəyirəm, bu haqda artıq danışılıb. Bir neçə il qabaq Xalq Cəbhəsinin sədrliyindən getmək barədə düşünmüşəm. Bu barədə yoldaşlarıma da demişəm. Mübarizə uzun çəkir, hamıya izah etmək olmur ki, Azərbaycanda demokratiyanın qurulmasında məsuliyyəti mən və başqa müxalifət liderləri daşıyırsa, bəs Tacikistanın, Türkmənistanın və başqa bu kimi avtoritar dövlətlərdə bunun məsuliyyətini kim daşıyacaq, onlarıdamı biz daşıyaq? Hər yerdə bir avtoritar rəhbər çıxır ortaya və seçki institutunu ləğv edir. Bu o vaxta kimi davam edir ki, millət toparlansın və bu maneəni aşsın. Mən bunu bilirəm, biz bunu bilirik, amma bunu bilməyənlər də var və qəsdən manipulyasiya edib bunu bizə qarşı istfiadə edənlər də var. Ona görə də mən bir ara bu barədə düşündüm. Bu gün isə bəyan eləmək istəyirəm ki, Azərbaycan hökuməti nəfsindən tələyə düşüb. Hər zaman belə olur. Əgər 2014-2015-ci ildə başlanmış bu repressiyalar olmasaydı, mən o barədə düşünəcəkdim. Amma bu gün bu repressiyalar şəraitində, mənim əqidədaşlarım həbsxanalarda olduğu vaxtda, bu mübarizəni davam etdirmək belə bir ləyaqət tələb etdiyi zamanda, mənim kitabımda qaçmaq, fərarilik yoxdur”.

Qurultay “Koroğlu” uverturasının səslənməsi ilə başa çatıb.