Bakıda iki intihara cəhd, əyalətdə isə intihar hadisəsi baş verib

olum-intiharHüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Qoxmuq kəndində qeydə alınıb.
Qoxmuq kənd sakini, 1989-cu il təvəllüdlü Elçin Eyvaz oğlu Bayramovun meyiti yaşadığı evdə asılmış halda yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı E. Bayramovun hələlik istintaqa məlum olmayan səbəb üzündən intihar etdiyi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
***
Bu gün eyni zamanda, iki itihara cəhd hadisəsi də baş verib.

Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumat əsasında dərhal dalğıc-xilasedicilər hadisə yerinə cəlb edilib. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas olunub və  aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:23-də başa çatıb.

Qeyd edək ki, bu gün səhər saat 10:10 radələrində Milli Park ərazisində daha  1 nəfər intihar etmək məqsədilə özünü dənizə atmışdı. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq həmin şəxs xilas edilmişdi.