Əməliyyat olunacaq Qarabağ qazisinin köməyə ehtiyacı var

Qazi
Qarabağ müharibəsi veteranı, Kəlbəcər rayonunudan məcburi köçkün, jurnalist, II qrup əlil Müslüm Məmmədov Türkiyəyə əməliyyata aparılıb. Dörd ildir Hepatit C virusuna yoluxan, ağır formada qara ciyər serrozundan əziyyət çəkən Qarabağ qazisinin əməliyyatı üçün müəyyən qədər pul yığılıb. Müslüm Məmmədov Türkiyənin Qazi Universitetinin Xəstəxanasında əməliyyat olunacaq, qaraciyəri dəyişdiriləcək.

Bir müddət öncə M.Məmmədovun səhhətinin pisləşməsi ilə bağlı Parlament Jurnalistlər Birliyi (PJB) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) ölkə ictimaiyyətinə, imkanlı şəxslərə müraciət etmişdi. Bu müraciətə cavab olaraq artıq jurnalistə bir sıra imkanlı şəxslərdən müəyyən qədər kömək edilib. Qarabağ müharibəsi veteranına ən böyük dəstək isə “Azərsun Holdinq”dən gəlib. Həkimlərin qeyd etdiyi kimi, həyatı təhlükə yaşayan və 10 gün müddətində qaraciyər köçürülməsinin vacib olduğu vurğulanan Müslüm Məmmədov tez bir zamanda Türkiyəyə aparılıb.

Amma Türkiyəyə aparılan xəstə qazinin köməyə ehtiyacı var. Müslüm Məmmədov Qarabağ Qazisi, jurnalist olmaqla yanaşı, iki azyaşlı uşaq atasıdır. Himayəsində xəstə, yaşlı anası var.

Qohumlarının, yaxın adamlarının banklardan götürdükləri böyük məbləğdə kreditlər və aldıqları borclar onun əməliyyatı üçün yetərli deyil.

Torpaqlarımızın müdafiəsi uğrunda döyüşmüş Müslüm Məmmədova kömək edək.

Onun azyaşlı uşaqlarını, yaşlı, xəstə anasını gözü yaşlı qoymayaq.

Onun həyatda qalması üçün maddi köməyinizə ehtiyacı var.

Unutmayın, edəcəyiniz kömək bir ailəni göz yaşlarından xilas edəcək.

(modern.az)