“Nümayəndə heyəti açıqlamasını ölkədə diktaturanın və avtoritarizmin himayədarı qismində hazırlayıb”
AŞ PA nümayəndə heyəti Azərbaycanda seçkiqabağı vəziyyət öyrənmək üçün bugünlərdə Bakıda olub, bir sıra görüşlər keçirib və səfərin yekunlarına dairə bəyanat yayıb. Nümayəndə heyətinin bəyanatında ölkədəki seçkiqabağı vəziyyət obyektiv təsvir edilməyib, əsasən hökumətin mövqeyi ifadə olunub. Milli Şura AŞ PA nümayəndə heyətinin bu mövqeyinə etirazını və ona etimadsızlığını bildirən bəyanat verib. Bəyanatda deyilir:
“21-22 sentyabr 2015-ci ildə AŞ PA-nın 4 nəfərlik heyəti Azərbaycanda seçkiqabağı vəziyyəti araşdırmaq üçün Bakıya ezam edilib və burada bir sıra görüşlər keçirdikdən sonra nümayəndə heyəti adından birgə açıqlama yayıblar.
Bəri başdan demək istəyirik ki, nümayəndə heyəti Azərbaycan cəmiyyəti üçün etimad doğuracaq bir tərkibdə deyildi, buna görə də bu heyətin yaydığı açıqlamanın birtərəfli və hökumətin istəyinə uyğun olacağı gözlənilən idi. Bu, nümayəndə heyətinin yaydığı açıqlamada aşkar müşahidə olunur. Belə ki, nümayəndə heyəti:
– Azərbaycanda deputatlığa potensial namizəd olan 100 nəfərə qədər siyasi dustağın olduğu barədə heç bir qeyd etməyib;
– Seçki komissiyalarının tərkibinin hakim partiyanın istəyinə uyğun formalaşdığını və faktiki bir partiyanın monopoliyası altında olduğunu görmək istəməyib;
– Azərbaycanda azad mətbuatın demək olar ki, tamamilə sıradan çıxarıldığını xatırlamayıb;
– Seçkini boykot edən Milli Şuranın arqumentlərini qeyd etməyi lazım bilməyib;
– Seçkini müşahidə etmək üçün müşahidəçilər göndərməyəcəyini bəyan edən ATƏT DTİHB-lə Azərbaycan hakimiyyəti arasındakı anlaşılmazlıqların nədən ibarət olduğunu ya dərk etməyib, ya da bunun fərqinə varmağı lazım bilməyib;
– Heç bir həqiqətə uyğun gəlməyən tərzdə son beş il ərzində seçki demokratiyası sahəsində hansısa irəliləyişlərin olduğunu bildirməklə, faktiki olaraq yalan danışıb;
– Hətta seçkiyə qatılan müxalifətçilərin də təqib edildiyi çoxlu sayda faktların olmasına baxmayaraq, MSK-nın rəyini əsas götürərək heç bir qanun pozuntusunun olmadığını bildirib və bütün bu cür həqiqətə uyğun olmayan nəticələrlə beynəlxalq ictimai rəyi çaşdırmağa xidmət edib.
Milli Şura AŞ PA nümayəndə heyətinin bu açıqlamasını “kürü diplomatiyası”nın aşkar təzahürü hesab edir və heyətin tərkibinə daxil olan Xordi Xuklaya (İspaniya), Aleksandr Nikolskiyə (Makedoniya), Egemen Bağışa (Türkiyə) və Aqustin Kondeyə (İspaniya) tam etimadsızlıq göstərdiyini bəyan edir.
Milli Şura bildirir ki, nümayəndə heyəti Azərbaycandakı siyasi, o cümlədən seçkiqabağı vəziyyətlə bağlı açıqlamasını ölkədə diktaturanın və avtoritarizmin himayədarı qismində hazırlayıb”.